.

Azərbaycan manatının məzənnəsinin stabil qalması iqtisadi inkişafa təsir göstərən amillərdəndir.
 
Asiya.info xəbər verir ki, bunu Metbuat.az-a açıqlamasında iqtisadçı-ekspert İlham Əzizov deyib. O bildirib ki, Mərkəzi Bankdan verilən açıqlamalara və hesablamalarına görə, ilin sonuna qədər manatın məzənnəsində heç bir dəyişiklik olmayacaq. Çünki buna Azərbaycanın daxili valyuta ehtiyatları imkan verir.
İqtisadçı-ekspert bank sektorunun hazırkı vəziyyətindən söz açıb. Onun sözlərinə görə, bunun üçün bank sektorunun devalvasiyadan sonra düşdüyü vəziyyəti təhlil etmək lazımdır.
"Banklar devalvasiyadan sonra ciddi problemlərlə üzləşdi. Kredit portfelinin 12 faizi həcmində ödənilməmiş vaxtı keçmiş kreditlər əmələ gəldi. Təkcə banklarda deyil, bank olmayan kredit təşkilatlarında da eyni vəziyyət yarandı. Bu vəziyyət aylarla vətəndaşların, fiziki şəxslərin kreditlərini vaxtı-vaxtında ödəməməsinə, bankla vətəndaş arasında etibarsızlığa gətirib çıxartdı. Ona görə də, bir müddətdən sonra Cənab Prezident "Problemli kreditlərin həlli ilə bağlı" fərman imzaladı. Bu heç bir ölkədə analoqu olmayan fərmandır. Bu fərmanla xarici valyuta ilə kredit götürmüş fiziki şəxslər güzəştlər əldə etdilər. Düzdü, güzəştlər 10 min dollar həcmində kredit borclarına tətbiq olundu. Ancaq gələcəkdə digər böyük kreditlərə də tətbiqi məsələsi diqqətdədir. Bu fərman bankla kredit təşkilatları, bankla əhali arasında müəyyən etibarın təmin olunmasına gətirib çıxaracaq. İqtisadiyyatın qan-damar sistemi onun maliyyə-kredit sistemidir. Əgər kreditləşmə düzgün tətbiq olunmasa, iqtisadi inkişafdan danışmaq olmaz"-deyə ekspert bildirib.
İqtisadçı deyib ki, hazırda bank sektorunun qarşısında duran əsas məsələ manatla verilən kreditlərin uçot dərəcəsinin düzgün təyin olunmasıdır. Cari ilin fevral ayından bəri 2 dəfə Milli Bank uçot dərəcəsini aşağı endirib, hazırda bu rəqəm 8.75 faiz həcmindədir. Yeganə uyğunsuzluq əhalidən götürülən əmanətlərlə, əhaliyə verilən əmanətlərin arasındakı fərqdir. Həmin fərqi uyğun hesab etmirik, düşünürük ki, əhalidən götürülən əmanətlərin də faiz dərəcələri müəyyən qədər artırılmalıdır.
İqtisadçının sözlərinə görə, banklar krediti vətəndaşlara, şirkətlərə müəyyən formada təklif edirlər. Ancaq kreditin götürülməsi prosesi daha da sadələşdirilməlidir və bank kartlarının istifadəsi gücləndirilməlidir.
Ekspert əlavə edib ki, kredit bazarının, ümumiyyətlə Azərbaycanda qiymətli kağızlar bazarının formalaşdırılması qarşıda duran ən ciddi məsələlərdən biridir.

Xəbər lenti