.


Nemətsə də gözəl şeir...(S.Vurğun)
(Uşaq qəlbindən gələn səslər)

 Bu yazıya ölməz Səməd Vurğunun misrası ilə başlamağımı təsadüf sayma, əziz oxucu. Haqqında  bəhs etdikcə, doğrudan da, şeirin nemət olduğunu sən də bir daha təsdiqləyəcəksən. Buyur, tanış ol: Sevindik Nəsiboğlu- Xırdalan şəhər 9 saylı tam orta məktəbin 5-ci sinif şagirdi, iki şeir kitabının müəllifi, bir sıra agentliklərin və ictimai birliklərin “Ən yaxşı uşaq yazar” kimi tanıdığı 11 yaşlı şair...


“Ozan” nəşriyyatının 2018-ci ildə nəfis şəkildə nəşr etdiyi “Dünyamsan, Azərbaycan” kitabı qarşımdadır. Açığı, kitabı əlimə alanda keçirdiyim ilk hiss belə idi: “10-11 yaşlı uşaq nə yazacaq, yəqin, maddi imkanı olduğu üçün həvəsləndirirlər”. Ancaq  oxuduqca, uşaq təxəyyülünün zənginliyini gördükcə, poetik forma və məzmun dolğunluğunun əksər şeirlərdə bir-birini tamamladığını müşahidə etdikcə əvvəlki fikirlərdən imtina etməli oldum. Bəzi nümunələrə nəzər salaq:
 
Sən bizim ürəyimiz,
Sən bizim canımızsan.
Zirvələri fəth edən
Azərbaycanımızsan!
 
Tarixi səs-soraqlı,
Qobustanı növraqlı,
Azıxı daş çıraqlı
Azərbaycanımızsan!
 
və ya:
 
Mənim qəlbim yaralıdır,
Azərbaycan, Azərbaycan!
Başın niyə bəlalıdır,
Azərbaycan, Azərbaycan!..
 
Ordum keçər bu sınağı,
Əldə üçrəngli bayrağı.
Azad edər Qarabağı,
Azərbaycan, Azərbaycan!
 
Balaca şairin toxunduğu mövzuların dairəsi yaşına görə müqayisəyəgəlməz dərəcədə zəngin və genişdir: vətən və onun gözəlliklərinin tərənnümü, yurd sevgisi və işğal olunmuş ərazilərimiz, Azərbaycan əsgəri və Milli  Qəhrəmanlarımızla qürur, Qarabağ və torpaqlarımızın azad olunacağına inam, Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri, ana, milli-mənəvi dəyərlərimiz  və s. Bu mövzuların, demək olar ki, hamısına aid kitabda uğurlu nümunələrə rast gəlmək mümkündür.
Məlumdur ki, poeziyada ana haqqında yazılar daha çoxdur. Sevindik Nəsiboğlunun da bu mövzuda anaya hörmət, məhəbbət və ehtiram ifadə edən şeirləri var. Ancaq onun ata haqqında yazdığı“Atam işdən gələndə” şeiri valideynə övlad məhəbbətini daha gözəl əks etdirir. Sevindik bu şeirlə işdən, səfərdən qayıdan ataların qarşısına yüyürən bir məsum uşaq obrazını canlandırmağı bacarıb:
 
Atam işdən gələndə,
Evimizə nur gəlir.
O, bir azdan dincəlir,
Çünki uzaq yol gəlir.
 
Atam qapını döyür,
Biz sevinclə gəlirik.
Sonra üzündən öpüb,
“Ata gəldi”,- deyirik...
 
Təbii ki, ömrünün uşaqlıq çağlarını, məktəbli dövrünü yaşayan bu balaca şairin yazılarında məktəb, müəllim, uşaq yoldaşları qırmızı xətlə keçir. Ancaq bu şeirlərdə də S.Nəsiboğlu yaşından böyük görünür. Bəlkə, 30 ilə yaxın bir zamanda xain qonşularımızın xalqımızı məcburən üzbəüz qoyduğu müharibə bizim körpələrin qəlbini elə yaralayıb ki, onlar, necə deyərlər, “başlarından böyük hislər”lə yaşayır, düşüncələrə dalırlar:
Sentyabrın 15-i,
Təzə dərsə başlayaq.
Hamımız bacarıqlı,
Layiqli övlad olaq.
 
Biz tezliklə böyüyək,
Düşmənlərlə döyüşək,
Düşmənə qalib gəlib,
Layiqli övlad olaq...
 
Uşaq aləmi müqəddəs saf və ləkəsiz duyğular məskənidir. Uşaqlar üçün şeirlər yazmaqla hər bir müəllif bu müqəddəs aləmə baş vurur, bu sehrli və möcüzəli  dünyaya daxil olmağa çalışır. Əgər kimsə bu  aləmdə yaddaqalan bir əsər yaratmaq istəsə, uşaqtək düşünməyi bacarmalıdır. Sevindiyin isə buna ehtiyacı yoxdur. Çünki həmin dövrü yaşayır, ona görə də hisləri daha səmimi və təbii təsir bağışlayır. “Mənim keçim” şeirinə nəzər salaq:
 
Səhər-axşam, gündüz-gecə,
Yuxusu da dönüb heçə,
Qoymuram qırağa keçə,
Otlar, otlar mənim keçim.
 
Və ya:
-Ata, mənə maşın al,
-Alaram, oğlum.
-Ata, mənə kitab al,
-Alaram, oğlum,
-Ata, mənəbıçaq al,
-Yox, almaram, oğul,
-Bıçaqsənəzərərlidir,
Bıçaqəli, qolukəsir…
Ağacı, həmkolukəsir.(“Ata-oğulsöhbəti”)
Sevindik Nəsiboğlunun şeirlərinin müsbət xüsusiyyətləri haqqında fikirlərimizi burada dayandırıb bəzi tövsiyə və arzularımızı bildirmək istərdim: əvvəla, yazının başlığında ifadə olunduğu kimi bədii sözə, şeirə, nəsrə və s. əsl nemət kimi baxmaq lazımdır. Onda bədii sözün müqəddəsliyi, onun ilahi nemət olduğu fikri səni sözə daha həssas və ehtiyatlı yanaşmağa sövq edəcək, o zaman sən çoxsaylı yazılarının içərisindən daha sanballılarını seçə, cilalaya və sahiblənə biləcəksən.
İkincisi, hər hansı yaşda olsa, yaradıcı adam daha çox oxumalı, mütaliəyə geniş vaxt ayırmalıdır. Sən Azərbaycan və dünya ədəbiyyatı incilərini daha çox mütaliə etməli, yazıdan-yazıya püxtələşməlisən.Bunun üçün geniş vaxtın olacaq.
Nəhayət, bu gün şeir kitablarında müəyyən sayda poetexniki tələblərə cavab verməyən, bədii cəhətdən zəif “şeirlər”in olması təbiidir.Gələcəkdə ədəbiyyatşünaslığı bir elm kimi mənimsədikcə bu qüsurlar da aradan qalxacaq, yəqin ki, bunların üzərində yenidən işləməli olacaqsan.
Sənə yaradıcılıqda uğurlar arzulayıram, ancaq unutma ki, “...Şair olan qəm də yeyir!..”( Səməd Vurğun).
 
Hüseyn Şahbəndəyev,
əməkdar müəllim,
Təhsil Nazirliyinin təşkil etdiyi
“Kiçikyaşlı məktəblilər üçün şeir müsabiqəsi”nin qalibi
 
 
 
 
 

Xəbər lenti