.

Hərdən uçmaq istəyirəm, bu dünyanın göy üzündə,
Varlığımı aça bilim, şəhər üzü, köy üzündə.
(Ə.R.Xələfli)
 "Sözü işıq bildim" 

Sevindik Nəsiboğlu... Adı birinci çəkirəm. Üslubuma, yazı tərzimə... deyəcəyimə doğru başlanğıc kimi ad birinci qapıdır. Hələ arxada otuz doqquz qapı var. Bir-bir bu qapıları açmaq duyğuların daha irəlidəki laylarına sarı yetmək səyyahdan, heç şübhəsiz, təkcə istək yox, güc qüvvət yox, həm də inad istəyir.
Yaxşı baxın bu uşağın parlaq və aydın gözlərinə. Açıq alın, qürurlu dayanış, nurlu sima... bir sözlə, bütün görünüş zəngin bir aləmdən xəbər verir. Bu uşaq təkcə Azərbaycanı bölgə-bölgə, kənd- kənd, şəhər-şəhər gəzmir, həm də bu Vətənin hər bir insanının varlığına doğru yol gedir. Necə olub ki, Sevindik Nəsiboğlu belə bir səyahətə başlayıb. Söz-sənət adamları arasında məmur biganəliyindən, mənsəb sahiblərinin sözə, sənətə laqeyd münasibətindən gileylənənlər az deyil. Ancaq ardıcıl və dəqiq müşahidəm mənə deyir ki, bu on yaşlı uşağın ruhu-mənəvi aləmi ilə tanışlıq üçün hər kəs can atır. Mənsəb pillələrindən yuxarı mərtəbələrəcən çinli-çinsiz hər kəs sözün-sənətin başlanğıcında olanından zirvəsinə yetənəcən...ustadlaracan ... hər kəs istəyir ki, Sevindiyi görsün, onunla tanış olsun.


Sevindiyin kitabları ilə tanışam. İki kitabının təqdimatında isə iştirakçı, çıxışçı və aparıcı olmuşam: “Dünyamsan, Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” ... Əlbəttə, Sevindik Nəsiboğlunun - bu on yaşlı uşağın yaradıcılıq aləmi ilə tanış olmaq məsələnin bir tərəfidir. Onu anlamaq, duymaq, onun söz aləminə nüfuz edə bilmək məsələnin daha ali tərəfidir. Kimlərsə hələ S.Nəsiboğlunun yazdıqlarına uşaq təəssüratları kimi baxa bilər. Ancaq onun şeirlərində işlənən “Savalanım, sənə əlim çatmır”, yaxud “Mələk və İblis” obrazları bu adların qarşı-qarşıya işlənməsi və həmin şeirdə Hüseyn Cavidin xatırlanması, Müşfiq taleyinə münasibət... və ümumiyyətlə, S.Nəsiboğlunun tarixi günlər və əlamətdar hadisələrlə bağlı publisistik düşüncələri bir az fəhmi olan oxucunun özünü də hökmən düşünməyə vadar edir.

M.F.Axundov adına Milli Kitabxanada bəzi opponentlərin diqqətinə yetirmək üçün özüm qəsdən Sevindiyə sual elədim. “Sən niyə sözdən yapışdın?” Bəlkə də çıxışımda bu ritorik bir sual idi. Heç onun cavabını gözləmək niyyətində deyildim. Amma o, elə yerindəncə həmin anda cavab verdi: “Sözü işıq bildim” .
On yaşlı uşağın sözü işıq bilməsi və artıq beşinci kitabınacan oxucusunun mənəvi dünyasına qonaq gəlməsi və bu yolda inadlı olması bizə deyir ki, o, həqiqətən sözdə işıq görür. Qaranlığa düşən isə işığa doğru gedər. Sevindik həmin tədbirə dostu, mənim nəvəm Alur Cəbrayılzadəni də dəvət eləmişdi. Alur o tədbirdə dedi ki, mən dostumun uğurlarından çox sevinirəm. Və sonra Sevindik yekun nitqində Alura çıxışına görə ayrıca təşəkkür elədi. Bu da düşünmək tələb edən bir məqamdır. Böyüklər bir-birinə uşaqlar qədər həssas ola bilirmi?

Sevindik Nəsiboğlu... Belə bir fenomen var. Sevinirəm ki, bu fenomeni artıq Azərbaycanın mənəvi mühiti görür, anlayır və onu təqdir edir. Çünki o, sözü işıq bildiyi kimi, onun özünü də işıq kimi görənlər var. “Sözü işıq bildim...” Təki yanılmayasan!
Əli Rza XƏLƏFLİ

Xəbər lenti