.
Bütün bunlar əsas verə bilməz ki, Rusiyanın ölkəmiz üçün rolunu həddən artıq şişirdəsən, ya da azaldasan. Biz bu münasibətlərdə Azərbaycanın milli maraqlarını əsas götürməliyik.
Bu sözləri politoloq Mütəllim Rəhimli Millət vəkili Arif Rəhimzadənin mətbuata verdiyi qalmaqallı müsahibəsinə münasibət bildirərkən deyib. Asiya.info-ya açıqlama verən M.Rəhimli bildirir ki, Rusiya Azərbaycanın qonşusudur və kifayət qədər siyasi, iqtisadi, hərbi potensiala malik olmaqla dünya siyasətinin formalaşmasında və həyata keçirilməsində müstəsna rol oynayır. Ona görə də biz Rusiya ilə münasibətlərimizdə həm ehtiyatlı olmalı, həm də onun daim qarşılıqlı fayda verən əməkdaşlığa söykənməsinə çalışmalıyıq.

"İndi regionda və dünya düzənində elə bir yeni münasibətlər sistemi yaranmaqdadır ki, hər hansı düşünülməmiş və ehtiyatsız addım bizi Rusiya ilə üz-üzə qoya bilər. Belə şəraitdə isə ölkəmiz üçün yaxşı heç nə görsənmir. Xüsusilə, Ermənistanı birmənalı olaraq Rusiyanın müttəfiqinə çevirə bilərik. Bu da işğal altındakı torpaqlarımızın azad edilməsini sual altına almaqla yanaşı, digər ərazilərimizə də təhdidləri artıra bilər. Həm də nəzərə almaq lazımdır ki, Rusiya ilə geniş ticarət, iqtisadi əlaqələrimiz mövcuddur, çoxsaylı soydaşımız bu ölkədə işləyirək ailəsini dolandırır. Uzun illər Rusiya ilə eyni sərhədlər daxilində yaşamağımız şübhəsiz ki, mədəni, mənəvi dəyərlərin müəyyən hisəsinin uzlaşmasında da rol oynayıb. İndi də biz Rusiyanın regiona fəal təsirlərini müşahidə edirik. Bunu inkar etmək olmaz. Lakin bu o demək deyil ki, Azərbaycan bütövlükdə Rusiyanın diqtəsi altındadır. Ancaq bütün bunlar əsas verə bilməz ki, Rusiyanın ölkəmiz üçün rolunu həddən artıq şişirdəsən, ya da azaldasan. Biz bu münasibətlərdə Azərbaycanın milli maraqlarını əsas götürməliyik"-deyə politoloq bildirir.

Xatırladaq ki, Millət vəkili Arif Rəhimzadə mətbuata verdiyi müsahibədə Rusiyanın Azərbaycan üçün önəmi ilə bağlı maraqlı fikirlər səsləndirib. Nə qədər qəribə olsa da, millət vəkili Azərbaycan xalqı və dövlətinin formalaşmasında Rusiyanın böyük rol oynadığını vurğulayıb. 

Vüsalə Qələndərli
Asiya.info
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Xəbər lenti