.

Mirzə Fətəli Axundzadəyə görə, İslam dini “İran” xalqına heç bir xeyir verməmişdir: can və mallarını mühafizə etməmiş; torpaqlarını düşmənlərdən qorumamış; şəfaxanalar və mədrəsələr açmamış; ticarətlərin və kasıbkarlıqlarına rövnəq verməmiş; xarici məmləkətlərdə və əcnəbi xalqlar arasında hörmətlərini artırmamış; ölkədə ədalət və qanunlar yaratmamışdır.

Üstəlik, insana məxsus iki azadlıq (ruhani və cismani azadlıq) var ki, islam dini onlardan birini İran xalıqının əlindən alıb: «Bizim ruhani azadlğımızı islam dininin başçıları əlimizdən almış, bizi bütün ruhani işlərdə tamamilə öz əmr və nəhylərinə tabe və alçaq kölə etmişlər və bizim bu maddəyə heç bir müdaxilə etmək ixtiyarımız yoxdur». Axundzadə daha sonra yazır: “Ey Cəlalüddövlə! Sən bilirsən ki, idarə və politika elminin təhsili İranda mümkün deyil, vacibdir ki, Avropaya səfər etmək və orada təhsil eləmək. Aya, bu mümkündür¬mü? Necə səfər etmək və kafirlərlə görüşüb tanış olmaq. Aya, fanatik və şarlatan üləma bu işə razı olarmı? Aya, bu puç əqidələr bu işə fitva verərmi? Və külli-əhli-İran elə zənn edir ki, onlardan danatər aləmdə heç taifə yoxdur. Ondan ötrü ki, olar axirət elmindən guya bərhrəvərdirlər və axirət elmindən başqa ülum bifaidə və əbəsdir. Mükərrər Təbriz xalqından eşidirəm ki, deyirlər: firənglər vaqeən ülumi-suriyyədə, yəni dünyəviyyədə tərəqqiyi-külli edibdirlər, çifayda ülumi-mənəviyyədə, yəni diniyyədə qəfələtdə və zülmətdədirlər. Biçarlərin bu iştibahlarına səbəb zalim molla və vaizdir”. 
Bizcə, Axundzadə bu məsələlərdə əsasən haqlı olsa da, ancaq problemi xeyli dərcədə şişirdərək həm İslam dini, həm də Türk dövlətləri, o cümlədən Qacarlar dövləti haqqında haqsızlıqlara yol verir. Çünki İslam dini və Türk dövlətləri heç bir elmin, o cümlədən də idarə və politika elminin öyrənilməsinə nə ölkə daxilində, nə də onun xaricində qadağan qoymamışdır. Axundzadə yaxşı bilməli idi ki, Qacarlar dövlətində Abbas Mirzə, Mirzə Tağı xan və başqaları gənclərin ölkə daxilində və Avropada təhsil almasına hər cür şərait yaratmışdılar. Bütün bunları bildiyi halda, Axundzadənin İslam dini qədər Qacarlar dövlətini də pisləməsi, üstəlik Qacar Türk şahının taxtdan salınmasını arzu etməsi başa düşülən deyildir: “Bu sözdən despot xürsənd olmasın ki, İran əhli qəfələtdə qalcaq, o da qoyun kimi bu avam xalqın içində bizaval səltənət edəcək. Belə deyil, keçənlərin tarixinə nəzər etsin, görsün ki, hansı despot silsilənin İran səltənətində davamı olubdur? Madam ki, etiqadati-puç xalqın xəyalında cagirdir, ya bir zirək Bab çıxar, ya bir huşyar sahibi-məzhəb peyda olur, bu elmsiz və cinə və şeytana və fəriştəyə və möcizə və kəramətə və külli-xəvariqi-adatə inanan xalqı bir saatda özünə girəvidə edər və despotu aradan götürər. Aya, padişaha tapança atan babilər, nə məlumdur ki, dübarə bir belə əməli-qəbihə iqdam etməyələr?”
Axundzadəyə görə bütün bunların baş verməməsi, yəni səltənətin davamı və silsilənin bəqası üçün padşah millətlə ittifaq edib vəkili-millət kimi parlament, məhkəmələr, məktəblər açmalı, sivilizasiya dairəsinə qədəm basmalıdır. Ən əsası odur ki, bütün bunları da “İran” padişahı Avropa dövlətlərinin zəmanətində etməlidir. Ancaq indiki halda “İran” xalqı Qacar şahına qorxudan itaət edir, çünki xalqla şah arasında heç bir ittifaq, qarşılıqlı etimad yoxdur. O, yazır: “Bərfərz ki, bu saatda İran xalqı padişaha itaət göstərir, aya, heç bir İran əhli var ki, padişaha məhəbbəti olub onun səltənətinin davamına və silsiləsinin bəqasına xahan olsun? Ondan ötri ki, padişah millətin mənafeyi üçün səltənət etmir, fəqət öz əğrazi-nəfsaniyyəsi üçün padişahlıq edir və millətə tərbiyət vermək ilə və onun hüsni-halına və hüsni-övzaına ehtimam göstərmək ilə onu özünə mürid eləmir və onu özündən uzaq salır”. Axundzadə iddia edirdi ki, artıq Avropa dövlətləri bu məsələləri həll edib, yəni xalqla ittifaq bağlayıb onlara bir çox hüquq və azadlıqlar verdiyi halda, müsəlman dövlətlərində, o cümlədən Qacarlarda ruhanilərlə despotlar birləşib xalqa olmazın zülmlər veririlər. 
Deməli, “Kəmalüddövlə məktubları”nı yazmaqda Axundzadənin hədəfində iki məqsəd olmuşdur: 1) İslam dininin gözdən salınması və bunun müqabilində zahirən islamla bağlı, ancaq əslində qeyri-islami cərəyanların yaranmasına səbəb olmaq hətta, zərdüştiliyin dirçəldilməsi, 2) Türk Qacarlar səltənətinin devrilərək əvəzində islam dininə düşmən münasibət bəsləyən farsdilli zümrənin hakimiyyətə gətirilməsi. Bu iki məsələ həmin əsərin əsas ana xəttidir. Əslində Axundzadənin filosofluğu da, yəni fəlsəfənin əsas məsələlərinə münasibət bildirməsinin kökündə də ilk növbədə, islam dininin ifşası mühüm rol oynamışdır. Bizcə, o, sadəcə bu niyyətini pərdələmək üçün həmin əsərinin girişində yazır ki, heç bir din və məzhəbi islamdan üstün tutmur, əksinə bəzi cəhtlərinə görə onu digər dinlərdən üstün tutur, amma yenə də bütün dinləri (deməli, islam dinini də) puç və əfsanə hesab edir. Çünki o, mövcud dinlərdən heç birinin axirətdə qurtuluşa səbəb olacağına inanmır və yalnız bu dünyada insanı azad və xoşbəxt edəcək dinə tapınır. Zənnimizcə, Axundzadənin bir tərəfdən İslam dinini guya, yeri gələndə digər dinlərdən üstün tutması, ancaq daha sonra onu da puç və əfsanə hesab edərək yeni bir din axtarışında olmasından bəhs edib yenidən islamlığı hədəf alması doğru bir yanaşma hesab oluna bilməz. Bütün hallarda, bu məsələlərdə Axundzadənin subyektivliyə yol verməsi danılmazdır. 
Zərrə qədər də şübhə etmirik ki, Axundzadənin əsil məqsədi birmənalı şəkildə İslam dininin xalqın nəzərində nüfuzdan salınaraq Qacarlarda aradan qaldırılması və onun yerinə Babilik ya da ona oxşar bir dini məzhəbin meydana çıxması olmuşdur. Yəni Axundzadə nə yolla olursa olsun fars şairi Firdovsi kimi, İslam dininin “İran” xalqının nəzərində salmaq uğrunda mücadilə vermiş, bunun üçün də bir çox məsələlərdə haqlı ya da haqsız olub olmamasından asılı olmayaraq onu əsas hədəf olaraq seçmişdir. Bir sözlə, hədəfdə həm islam dininin nüfuzdan salınaraq yeni bir məzhəbin inşası, həm də Türk Qacrların devrilərək farsdilli bir səltənətin bərqərar olması idi. Bu anlamda “Kəmalüddövlə məktubları” əsərinin ikinci məktubla bağlı bölümündə Axundzadənin əsil niyyəti tamamilə ortaya çıxır. Belə ki, əvvəlcə burada Qacarların hakimiyyətdən getməsi naminə Babilərin bütün hərəkətlərinə haqq qazandıran Axundzadə daha sonra İslam dini ilə bağlı əsil mahiyyətini ortaya qoyur. Şübhəsiz, o, bütün bunları edərkən də çox ustalıqla öz anlamında ciddi “sübut və dəlillər”lə çıxış edir. 
Məsələn, Axund Molla Sadıq adlı birisinin Təbrizdə cümə xütbəsində 17-ci əsrin məşhur ilahiyyatçısı Əllamə Məhəmməd Bağır Məclisinin əsərlərinə, xüsusilə də “Həqqül-Yəqin” kitabına istinadən cəhənnəmə düşəcək müsəlmanların vəziyyətini təsvir etməsini, Axundzadə çox böyük məharətlə İslam dininin əleyhinə istifadə etməyə çalışmışdır. Çünki Molla Sadıq, Əllamə Məclisinin həmin kitabna istinadən deyir ki, bu dünyada bir səhv iş görən insan bu pis əməlinə görə, o dünyada dəfələrlə yanıb yenidən əvvəlki halına qaytarılacaq. Bu dünyada səhv edib o dünyada dəfələrlə yanmaq istəməyən müsəlman da cəhənnəm qorxusu ilə elm və sənaye öyrənmir, digər millətlərlə söhbət etmir. Axundzadəyə görə, əgər Allah adildirsə, ancaq bu məsələdə ədalət prinsipi gözlənilmir. Çünki əgər bir müsəlman bu dünyada bir yanlış iş görübsə o dünyada da bunun müqabilində bir cəza verilməlidir. Ancaq bu dünyada etdiyi hər bir səhvə görə insan axirətdə dəfələrlə yanacaqsa, o zaman bu dinin özü də onun Allahı da ədalətli deyildir. Axundzadə yazır: “Əgər cəhənnəm doğrudur, xaliqi-rəhim və adil, nəzərdə bir vücudi-naməhbub, bir vücudi-məkruh və zalim görünür və əgər yalandır, bəs ey vaizlər və ey alimlər və ey şarlatanlar, niyə biçarə avamı pərvərdigarı-aləmin niəmatından məhrum edirsiniz? Niyə onun eyşini təlx eləyirsiniz? Niyə onu cəhənnəm qorxusu ilə qoymursunuz sair millət ilə mülaqat edə və ülum və sənayə öyrənə? Dünya gör-götür dünyasıdır, siz bu içarə avamı bu növ pərpuçat ilə qoymursunuz niəmati-ilahidən bərxudar olmağa. Nəğəmat çalma, haramdır; nəğəmata qulaq asma, haramdır; nəğəmat öyrənmə, haramdır; teatr, yəni tamaşaxana qayırma, haramdır; teatra getmə, haramdır; rəqs etmə, məkruhdur; rəqsə tamaşa etmə, məkruhdur; saz çalma, haramdır; saza qulaq asma, haramdır; şətrənc oynama, haramdır; nərd oynama, haramdır; rəsm çəkmə, haramdır; evdə heykəl saxlama, haramdır”. 
Gördüyümüz kimi, Axundzadə bu məsələləri elə bir formada ortaya qoyub izah edir ki, ilk baxışda onun haqlı olduğu şübhə doğurmur. Bu anlamda, burada da doğru ifadə edir ki, bütün bu sadalananlar orta vəziyyətdə icra olunsalar heç bir problem olmaz. Çünki insanın təbiətində hüzn qədər fərəhin də öz yeri vardır ki, əgər fərəh qüvvəsi yetərincə olmasa adamın müvazinəti olmaz. Deməli, insanlar elm və əxlaq əsasında işlərini görməlidirlər, cəhənnəm qorxusu ilə deyil. Bununla bağlı Axundzadə yazırdı ki, kim düşünürsə müsəlmanlara cəhənnəm qorxusu ona görə lazımdır xalqın malını əlinə düşəndə yeməyə, özgənin qızına, arvadına sataşmaya və s. bütün bunlar da çox vaxt söz olaraq qalır. O yazır: “Tamam oğrular, quldurlar və qatillər əvamünnasdan və cəhənnəmə inanan kəslərdən zühur edər. Heç ürəfadan oğru, ya quldur, ya qatil görübsənmi? Afriqiyyədə cinsi-bəşərdən ətfali-xurdsali-zükuru tutub, eyni qəsavəti-qəlb ilə xacə edib məmaliki-islamiyyədə heyvanat kimi satanlar və oları iştira edənlər, tamam cəhənnəmə etiqad edənlərdirlər və bu ətfali-məsumənin bədbəxt olmaqlarına səbəb üqəla müsəlmanlardan olan şütəriləridirlər ki, həcc mövsümində və sair məqamlarda onların iştirasına talib olurlar”. Bir sözlə, Axundzadə belə qənaətə gəlir ki, İslam dinindəki cəhənnəm qorxusu müsəlmanları nəinki düz yola yönəldir, tam əksinə daha da pis əməllərə sürükləyib aparır. Ona görə də, cəhənnəm qorxusu ilə müsəlmanlara nə qadağalar qoymaq, nə də onların hüqüqlarını əllərindən almaq doğru deyildir.
Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU),
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Şərh yaz


20 İyul 2019 Belçikalıların Kralı Əlahəzrət Filipə
20 İyul 2019 FƏXRƏDDİN CƏBRAYILOVA YALNIZ “AYIB OLSUN” DEMƏK QALIR...
20 İyul 2019 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib - YENİLƏNİB
19 İyul 2019 İlham Əliyev səudiyyəli nazirlə görüşdü
18 İyul 2019 Zakir Həsənov İranın Azərbaycandakı səfiri ilə görüşdü
18 İyul 2019 Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib
16 İyul 2019 Prezidentin xüsusi nümayəndəsi: Keşikçidağ hər zaman Azərbaycan ərazilərinə aid olub
16 İyul 2019 “Verdiyimiz sözün üstündə dururuq” - Ərdoğan
14 İyul 2019 İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürdü
14 İyul 2019 Mehriban Əliyeva: "Ümummilli lider bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib"
14 İyul 2019 Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür
13 İyul 2019 İlham Əliyevdən Makrona məktub
13 İyul 2019 Ordumuz Su-25-ləri havaya qaldırdı - Video
12 İyul 2019 Deputatdan bahalaşma ilə bağlı iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə MÜRACİƏT
11 İyul 2019 Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirildi - FOTOLAR
10 İyul 2019 Azərbaycanda daha bir məmurun oğlu İngiltərə vətəndaşlığı alıb
06 İyul 2019 Çox ciddi sosial paket təsdiqləndi - İlham Əliyev
04 İyul 2019 Zakir Qaralov Bakıya yeni hərbi prokuror təyin etdi
03 İyul 2019 “Yunis Səfərovu yeni “Gəncəbasar qisasçısı” elan etməyə tələsdilər” - Prezidentin köməkçisi
03 İyul 2019 Dövlətin milli maraqlar hər şeydən üstün olmalıdır - Əli Həsənov
01 İyul 2019 Yeni nazirdən uğurlu addım: ilk dəfə… - Video
30 İyun 2019 KOREYA LİDERİ: TRAMPIN GÖRÜŞ TƏKLİFİ MƏNİ ÇOX TƏƏCCÜBLƏNDİRDİ
30 İyun 2019 ETSN: Havanın temperaturu ayın 29-u ilə müqayisədə 8-10 dərəcə aşağı enib
29 İyun 2019 "Prezidentin etimadını fəaliyyətimlə doğruldacam" - Vilayət Eyvazov
29 İyun 2019 “TRAMPI RUSLAR HAKİMİYYƏTƏ GƏTİRİB” – Eks-prezident Cimmi Karter
29 İyun 2019 SON DƏQİQƏ: Tramp bütün dünyaya elan etdi – Türkiyə S-400 və F-35-ləri…
27 İyun 2019 İlham Əliyevdən Vilayət Eyvazovla bağlı SƏRƏNCAM
27 İyun 2019 Regionda ən güclü orduya malikik - Nazir müavini
26 İyun 2019 İlham Əliyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil hədiyyə etdi
24 İyun 2019 İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verdi

Xəbər lenti