.
Övlad ciyər parasıdır... Övladı olandan sonra hamı bu vaxta qədər yaşadığı həyatın nə qədər mənasız keçdiyini, həyatının ən gözəl anlarının övladı ilə başladığını söyləyir.
Ailəyə övlad gələcəyi xəbərini eşidəndə bütün valideynlər qəribə hiss keçirər. Onu qucağına alanda onunla bərabər yenidən dünyaya gəldiyini düşünər, sevinci dünyaya sığmaz, övladının qığıltısını eşidəndə, iməklədiyini görəndə, ürəyi yerindən oynayar sanki, övlad -ata, -ana deyəndə, ilk addımlarını atanda uca dağları onun balası yaradıbmış kimi qürur keçirər. Bu hisslər hər bir valideynə tanışdır. Və hər kəsə arzulayıram. Amma heç kimə arzulamadığım bir hiss var... ki, övlad itkisidir o hiss.
Bilirsinizmi bir ana üçün ən ağır olan nədir, bir ata üçün ən böyük əzab, işgəncə nədir? –Övlad itkisi... Ciyərparasını əlləri ilə torpağa tapşırdığı gün, ciyərini söndürmək üçün bir dənizin belə yetməyəcəyini bilərək yaşamağa məhkum edilmək... Həyatı gözəl baxışlı, şirin sözlü, nazlı qəmzəli balasından ayrı yaşamağa məhkum edilmək...  Yaşamaqmı deyirsiz buna.. Hər an körpəsinin səsini eşimək istəmək, onu bağrına basmaq arzusu və bunun mümkünsüz olduğunu dərk etmək... Hər gün kiminsə, nəyinsə xatirinə yalançı gülüşlərlə kədərli üzünə pərdə çəkmək, darıxmaq... yaşamaq deyil... kimlərinsə (onu həyata gətirənlərin, ya da ailədəki digər uşaqların ) xatirinə yalançı gülüşlərlə kədərini gizlətməkdir bunun adı..
Bəli, bu acıyı çox ailələr dadıb... kimi ağır xəstəlik üzündən, kimi valideyn məsuliyyətsizliyi, kimi də başqasının günahı üzündən yaşayıb bu acıyı...
İllər öncə bir ailə üçün də hər şey yaxşı olduğu halda, bir sürücünün məsuliyyətsizliyi üzündən  xoşbəxt ailə  tablosu bir anda silindi.. Bir anda bir ailə yıxıldı.. Bir anda bir ana, ata, həyatının mənasını itirdi... 5 yaşlı Aytac nənəsiylə yolu keçərkən məsuliyyətsiz sürücünün törətdiyi qəzanın qurbanı oldu.. Nənə, nəvə son gedişiylə ailəsinə də həyatın son anını yaşatdı. Bun11999926_1539149362998344_890104710_ndan sonra yaşananlar sadəcə yaşanacaqlar olacaqdı.. daha o əvvəlki xoşbəxtlik istənsə belə qayıda biməyəcəkdi. Çünki bir evdən bir ana və bir bala cənazəsi çıxmışdı.
Onlar yolları ilə gedirdi. Amma hansısa sürücünün səhvi üzündən, tələskənliyi ucbatından iki nəfər həyatını itirməli oldu. Oldumu görəsən, o sürücünün həmin gün istədiyi oldumu?! Tələsərək getdiyi ünvana çatdımı?!
O cəzasının hüquqi hissəsini ala bilər, amma mənəvi əzabından xilas oldumu?! Bir ailənin çırağını söndürdüyü üçün heç əzab çəkdimi?
Hər gün belə faciələrin xəbəriylə açırıq səhərimizi. Nə olar axı, sürücülər bir az ehtiyatlı olsalar. Çatacaqları ünvana kiməsə zərər vermədən çatsalar... Sürücülər bir az zaman itirmək istəməyərkən, neçə ailənin zamanını dayandırırlar, neçə insanın həyatını alırlar əlindən...
5 yaşlı Aytacın da arzuları vardı axı... o da böyümək istəyirdi, məktəbə getmək, tələbə olmaq, gəlin olmaq istəyirdi axı.. Kimin haqqı vardı bu haqqı onun əlindən almağa?! Xəstəliyiylə, əcəli ilə dünyasını dəyişərkən insan hardasa çarəsizliyini qəbul edir, amma bir günahkarın, məsuliyyətsiz sürücünün ani səhvi üzündən əziz balasını, mehriban anasını itirmək bir valideyn üçün ömür boyu qəbul edilməyəcək, sinəsinin yanğısı sönməyəcək..
Bəli, yaşasaydı, bu gün 10 yaşı olacaqdı, o da digər uşaqlar kimi əlaçı olacaqdı, sonra... sonra...
Nə desək azdır, söz də acizdir bu amansızlıq qarşısında, “O mənim həqiqi kuklam idi... məktəb həvəsli gözəl qızımın həsrətin elə çəkirəm ki,  anama, bacıma da deyə bilmirəm hər gecəki bu fəryadımı. Birinin təzyiqindən qorxuram, birinin də su kimi axan göz yaşından” deyən bir ana üçün nə deyəsən ki, yanan qəlbi rahatlaşa... Başqasının göz yaşına qıymayan bir ananın qəlbindən axan bu qədər yaşa niyə qıydılar Rəbbim?!
Elnarə xanım illərdir ki ürəyində dünyanın ən sağalmaz yarasını, ən böyük dərdini- Övlad itkisinin əzabını yaşadır. Onun, gözəl qızına yazdığı şeri göz yaşlarıyla oxumamaq olmur
Bir kuklam vardı mənim...
11997898_1539146802998600_2046795831_n
Bax, belə bir kuklam var idi mənim,
Saçı sarı, gözü ala, rəngi ağ.
Nə geyinsə yaraşardı əyninə,
 İstər sarı, istər qara, istər ağ.
 
Bax, belə bir kuklam var idi mənim,
Üzü gülən, özü gəzən-yeriyən.
Şirin-şirin danışan, hamını sevindirən,
Nazlı, duzlu sevimli, oyuncağım!!!
Bax, belə bir kuklam var idi mənim,
 
Mənimlə gedərdi getdiyim yerə,
Bəlkə də gəldi gözə, nəzərə
Nəzər apararmı məyər məzara
Bax, belə bir kuklam var idi mənim,
 
Ağlasam ağlardı, gülsəm, gülərdi,
Dərdimi onunla yarı bölərdim.
Deməsəm hiss edib məndən küsərdi,
Bax, belə bir kuklam var idi mənim,
 
Günlərin birində gəzməyə getdi,
Yol qurtaranadək mənə əl etdi,
Beş illik taleyi burdaca bitdi,
Evimə qəm kədər, qüsə gətirdi,
Bax, belə bir kuklam var idi mənim,
 
Onun da sevimli kuklası vardı,
Ölümündən sonra bizə tapşırdı.
Nə qədər nazını çəksəm də yenə,
Bu  cansız əşyanın, sanki, elə bil
Gözləri yoldadı, yoldadı yenə
 
Hər gün əzizləyib, alıb əlimə,
Nağıl danışıram onun yerinə.
Nağılın əvvəli, sonu da yenə..
Bax, belə bir kuklam var idi mənim!


13912484_1636562116590401_5222522757450242609_n

Aytac qızım!

Sən adına bəzəkdin, adın da sənə, qızım,

Ay mənim həyatımda söznməyən dan ulduzum.

Ala gözlüm, şirinim, nazlı, ədalı qızım,

Arzularımın tacı, ay mənim Aytac qızım

 

Sən gedəli kədəri, yar seçmişəm mən özüm,

Sənə bənzər tapmağa, hər yerdə gəzir gözüm.

Bu vaxtsız ayrılığa axı mən necə dözüm,

Dərdlərimin əlacı, ay mənim Aytac qızım

 

Sənsiz açılmır inan, bir axşamım, səhərim,

Şəkillərindi bircə toxtaqlığım, təsəllim.

Bacına da dərd olub bu kədərli xəbərin,

Könlümün taxt tacısan, ay mənim Aytac qızım

 

Evimizin hər yeri sənin körpə izlərin,

Dilimizin əzbəri sənin sirrin, sözlərin,

De, heç unudularmı, o gülərüz bənizin,

Qəlbimin qəm qüsarı, ay mnim Aytac qızım.

 

Sevimli nəvəsiydin sən, Nəzakət nənənin

Qurbanı oldunuz siz, bir gündə bu qismətin,

Qarşıısında mat qoyduz, bizi bu məhəbbətin,

Dastan olduz dillərə, ay mənim Aytac qızım


Elnarə xanım bu gün üç balası üçün həyata tutunmağa çalışır, onlar üçün gülür, onlar üçün yaşayır. İçindəki dərd isə onun qəlbində elə bir yuva qurub ki, o yuvada Aytac uyuyur...
Ruhun şad olsun, günahsız mələk Aytac. Yanında nə qədər körpə mələklər varsa, hamısına ürək- dirək ver. Onlara de ki, bu dünya zalımlıqla yoğrulub. Sizi bu dünyadan nakam aparanlar cəhənnəm odunda yanacaqlar... Hərdən valideynlərinizin röyasına gəlib onlardan ağlamamağını istəyin, onlara səbr verin, çünki onlar sizsiz çox darıxıb...

Dərin Hüznlə... Vüsalə Qələndərli
 
 
.
Bir odunçu alış-veriş etmək üçün bazara çıxar. Gözünə, sapı palıd ağacı olan gözəl bir balta dəyər. Həmin baltanı satın alıb ağac kəsmək üçün, meşənin yolunu tutar. Meşəyə çatanda qarşısına böyük, görkəmli bir palıd ağacı çıxar. Ağacı kəsməyə qərar verir, sürətli bir şəkildə baltanı ağacın kökünə endirir. Birdən birə, ağacdan göy gurultusu kimi bir səs eşidilər.
“Ah”! odunçu; “Balta zərbəsinin sənə bu qədər acı verəcəyini bilsəydim səni kəsməzdim” deyər.
Ağac; “xeyr, ağrıdığı üçün ah çəkmədim, əlində tutduğun balta” nın sapı bir zamanlar mənim gövdəmin gözəl bir budağıdı, diqqətlə böyütdüyüm bu budaq, balta sapı olmuş məni kəsir ?? ” şəklində şikayətlənir.
Alman Federal Məclisi (Bundestag), ermənilərin 1915 hadisələriylə əlaqədar iddialarını “soyqırım” olaraq təyin edən qərar layihəsini qəbul edincə, ağılıma yuxarıdakı ibrətlik hekayə gəldi.




atila-altuntasÇünki, Almaniyada qondarma erməni soyqırımı iddialarına bağlı təsdiqlənən layihəni Yaşıllar Partiyası Eş Başçı Tokatlı Cem Özdəmir hazırladı.
Parlamentin təsdiq etdiyi layihə, keçən il səsvermədə təqdim ediləcəkdi, ancaq Almaniya ilə Türkiyə arasındakı əlaqələrin zədələnməməsi üçün dondurulmuştu.
Lakin Yaşıllar Partiyasının sədri Cem Özdəmirin səyləri ilə yenidən nəzərdən keçirilib parlamentdən keçirildi.
Cem Özdəmirin başqa Alman parlementosunda olan 12 Türk deputatdan 11də səsvermədə layihəni dəstəklədi.
Uzun sözün qısası, ” Kürəyindən vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışana da incimə, onu insan yerinə qoyan yenə sənsən! ”
  Hüquqşünas  Rahim Bayramov 
.

Artıq 24 ildir ki, Azərbaycan xalqı Qarabağ savaşında uduzmasının ağrılarını yaşayır. Bu illərdə torpaqlarımızın işğal olunduğu tarixləri ağlamaqla qeyd edir, sanki özünə olan inamını bərpa etməyə gücü qalmır.

Ancaq aprel döyüşləri fərqli bir görsəniş ortaya çıxardı, millətimizin ümidlərində bir gəlişməni, ruh yüksəkliyini hər birimiz izlədik. Özünə qarşı inamı itirən bu xalq özünə güvənməyə başladı. O vaxta kimi mən millətimizdə özünəxas cəhətlərə maraq görmürdüm. Bu hadisələr milli şüurda tərpəniş yaratmaqla çoxlarına mesaj verdi. Təbii ki, özünə güvənməyi bacaran bir toplum hər bir problemlərini həll etməyə qadir olur.

Bu gün Qarabağ bizim ən böyük problemlərimizdən biridir. Bu torpaq bizim milli kimliyimizi yaşadan, minillərdir dəyərlərimizə yiyə duran müqəddəs vətəndir. Onu bizim əlimizdən almaq bizi gələcəksiz qoymaqdır. Millət, şüuraltı da olsa, bu həqiqəti dərk edir. Onun ağrısı, acısı, son uğurlarından sevinməsi bu məntiqə, bu həqiqətə bağlıdır…
Qarabağın işğalı bizdə psixoloji travma yaratmışdı.

Bir insan həyatında psixoloji travma aldıqda, onun bu travmanı ötməsi üçün bəzən illər gərək olur. Biz də, millət olaraq, bu travmanı, sözün əsil mənasında, illərlə yaşadıq. Ancaq yuxarıda dediyimiz kimi, milli ordumuzun ərdəmli döyüşü əsasında, 24 ildən sonra bu travmanı, az da olsa, ötə bildik. Ən əsası şüurlarda bir yenilik yarandı, artıq problemə yanaşmada mən, sən, o yoxdu, BİZ varıq – Azərbaycan var. Hər kəsin istəyi bir söz ətrafında birləşib – bu QARABAĞ sözüdür.
Bu gün ölkəmizin ayrı-ayrı sahələr üzrə problemləri var, bu qaçılmazdır. Dünyanın ən inkişaf eləmiş dövlətləri belə bənzəri problemlərdən sığortalanmayıb. Ancaq hər bir ölkənin suverenliyi onun ərazi bütövlüyündən başlayır. Azərbaycan ötən yüzilin başlanğıcından bu yana, ikinci dəfə müstəqilliyini qazanandan bəri, ərazi bütövlüyünün bərpa olunması ilə çarpışır. Biz artıq “ədalətli dünya”nın boş vədlərindən, sonucu olmayan “sülh danışıqları”ndan cana doymuşuq. Biz torpağımızı, evimizi istəyirik. Qarabağ bizim quruca ərazimiz deyil, VƏTƏNimiz­dir, beşiyimizdir, sonevimizdir… Bunu sözlə anlamayan erməniyə güclə anlatmağımız gərəkir. Bütün dünya da gördü ki, Azəraycanda mövzu QARABAĞ olunca, millət hər şeyi qırağa qoyub, öz ordusunun arxasında durur, halalca yurdunu, evini istəyir.

Başqa ölkələrdə bir adam öldürüləndə, evindən çıxarılanda dünya onun müdafiəsinə qalxır. Ancaq illərdir, evindən, yurdundan qovulan bir milyondan çox insanın taleyi, nədənsə, dünyanın gözünə görükmür. Deməli, biz özümüz aktiv olmalıyıq, öz problemlərimizi özümüz çözməliyik. Onda dünya bunu görəcək də, anlayacaq da. Sonuncu hadisələr də bunu sübut elədi – dünya anladı ki, bizim dözümümüz bir yerə qədərdir.
İndi uşaq da bilir ki, biz kiminsə torpağına göz dikməmişik. Bu gün Azərbaycanın tarixi torpağı olan Qarabağı özününkü sayan ermənilərə, görünür, bir həqiqəti yenidən anlatmaq gərəkəcək: nəinki Qarabağ, sizin monoetnik respublikanızın paytaxtı saydığınız İrəvan belə, tarixi Azərbaycan torpağıdır. Biz sizə güzəştə getməyəcəyik. Qarabağımıza, Zəngəzurumuza, İrəvanımıza, Göyçə­mizə, Qaraqoyunlumuza, bir sözlə, tarixi yurdlarımızın hamısına yiyə duracağıq. Bütün dünya bilir ki, Ermənistan adlandırılan o coğrafiya tarixi Azərbaycan torpaqlarıdır. Bu bizim şüurumuzda yaşayır, nə vaxtsa biz Oraya dönəcəyik.
Bizə zəfər yaraşır! İnanıram ki, bu zəfəri biz çalacağıq. Milli ordumuz bayrağımızı Şuşa qalasından asacaq. Bu yolda bir yox, min şəhid (mən və ailə üzvlərim də daxil olmaqla) verməyə hazırıq! Milli gələcəyimiz bizdən bunu tələb edir…

Zaur Qəriboğlu

(“Beynəlxalq İnformasiya və
Tədqiqatlar İnstitutu”nun sədri)

.
Türkiyənin baş naziri Əhməd Davudoğlu postundan gedir. Mayın 22-də keçiriləcək AKP-nin növbədənkənar qurultayında Davudoğlu sədrliyə namizəd olmayacaq. İndi Türkiyə siyasi gündəmini baş nazirin istefa səbəbləri, hakimiyyət daxilindəki fikir ayrılığı, növbəti baş nazirin kimliyi mövzuları məşğul edir. 
 
Hər nə qədər Əhməd Davudoğlunun baş nazirlikdən gedişi prezident Rəcəb Tayyib Ərdoğanın iradəsi ilə baş verən kabinet dəyişikliyi kimi görünsə də, əslində Türkiyə tarixində böyük bir dövrün başa çatmasıdır. Əhməd Davudoğlu AKP hakimiyyətinin xarici siyasət ideoloqu olub. Onun “Strateji dərinlik”, “Sıfır sorun” nəzəriyyələri AKP hakimiyyətinin və müasir Türkiyə dövlətinin xarici siyasət strategiyasının təməllərini təşkil edirdi.
 
Əhməd Davudoğlu təhsil sahəsindən gəlib, uzun illər İstanbulda, bir müddət isə Malayziya Beynəlxalq İslam Universitetində müəllim, beynəlxalq münasibətlər kafedrasının müdiri olub. AKP-nin hakimiyyətə gəlməsi ilə Davudoğlu yeni hökumətin xarici siyasət ideoloqu olub. 2002-ci ildə AKP iqtidara gəldikdən bir neçə ay sonra Əhməd Davudoğlu baş nazir Rəcəb Tayyib Ərdoğanın xarici siyasət məsələləri üzrə baş məsləhətçisi olub. 2003-ci ilin yanvarında isə “fövqəladə və səlahiyyətli səfir” diplomat statusu alıb. Bununla da əslində “kölgədə” olsa da, dövlətin rəsmi şəxsinə çevrilib. 2007-ci ildə Ankaraya köçən Davudoğlu 2009-cu ilin mayında parlament üzvü olmadığı halda baş nazir tərəfindən xarici işlər naziri postuna təyin olunub. 2014-cü il avqustun 29-dan isə Türkiyənin baş naziri olub.
 
Əhməd Davudoğlunun xarici işlər naziri təyin olunduğu dövr Türkiyənin xarici siyasətdə ən aktiv olduğu dönəm sayılır. Türkiyə Fələstin məsələsində təşəbbüsü ələ almış, bütün müsəlman dünyası üçün müsəlman-demokrat nümunə ölkəsinə çevrilmişdi. Türkiyə İraq, Suriya, Liviya, İran, Misir kimi fərqli istiqamətli ölkələrlə yaxından əməkdaşlıq edir, böyük bir “açılım” siyasəti yürüdürdü. Məhz Türkiyənin aktiv siyasəti nəticəsində Türkiyə İraqın bərpası ilə bağlı fərqli sahələri əhatə edən 50-dək anlaşma imzalamışdı, Suriya ilə yaxın tərəfdaşlıq əlaqələri qurulmuş, türk şirkətləri Suriya, Liviya, Ərəbistan kimi ölkələrdə böyük tenderlər qazanmış, Ankara müsəlman aləminin ən aktiv oyunçusu vəziyyətinə gəlmişdi.
2010-cu il “Mavi Marmara” yardım gəmisinə İsrail ordusunun hücumundan sonra Davudoğlunun rəhbərliyi ilə Türkiyə xarici siyasəti İsrailə qarşı böyük bir diplomatik hücum həyata keçirdi və bu proses İsrailin üzr istəməsinə qədər davam etdi. Bütün bunlar Türkiyə xarici siyasətinin parlaq uğurları idi.
 
Əhməd Davudoğlunun “Alternativ Paradiqmalar” nəzəriyyəsi Qərb mərkəzli düşüncəyə qarşı Şərq alternativini irəli sürür. Ancaq Əhməd Davudoğlunun xarici siyasəti daha çox Yaxın Şərq mərkəzli idi. Türkiyənin yenidən Yaxın Şərqdə əsas güc mərkəzi və proseslərə yön verən ölkə olmasına hesablanmış xarici siyasət son nəticədə Qafqaz, Mərkəzi və Orta Asiyanı arxa plana atılması ilə nəticələndi. Və “ərəb baharı”nın gəlməsi ilə Türkiyənin Yaxın Şərq və Şimali Afrikadakı böyük acılım siyasəti, iqtisadi, siyasi, mədəni genişlənməsi ağır zərbə aldı. Digər tərəfdən, başlayan daxili savaşlar bölgə ölkələrinin, o cümlədən daha öncə regionda arbitr, barışdırıcı rola malik Türkiyənin mövqelərinə zərbə oldu. Türkiyə xüsusən də Suriya, İraq və Yəmən məsələlərində daha əvvəl olduğu kimi tərəfsiz deyil, tərəf kimi çıxış etməyə başladı. Eyni zamanda son illərdə körfəz ərəb dövlətləri ilə yaxınlaşma xəttini yürütməyə başladı. Bütün bu gərgin, həssas 10 ildən artıq davam edən dövr Əhməd Davudoğlunun ssenarisinin məhsuludur. İstər baş nazirin baş müşaviri, istər xarici işlər naziri, istərsə də baş nazir olaraq Əhməd Davudoğlu AKP hökumətinin xarici siyasət kursunu müəyyən edən əsas adamlardan biri idi.
 
İndi isə Davudoğlu vəzifədən gedir və bu o deməkdir ki, yalnız baş nazir deyil, həm də bütövlükdə xarici siyasət kursunda dəyişiklik olacaq. Əhməd Davudoğlunun yeni hökumətin məsləhətçisi olacağı inandırıcı deyil. Deməli, artıq bir dönəmin başa çatdığını da demək olar. Çünki hətta yeni gələn baş nazir ciddi dəyişikliyə getməsə də, artıq Türkiyə xarici siyasətində Davudoğlunun dəst-xətti olmayacaq. Bəlkə də əksinə, Ankaranın xarici siyasət kursunda ciddi dəyişiklik oldu. Hər halda bunu zaman göstərəcək, ancaq bir çox şeylərin dəyişəcəyi labüddür.
 
Kənan Rövşənoğlu / Asiya.info
.
Bu günlərdə 60 yaşı tamam olan tanınmış ziyalı, dostum Nazim Hüseynli haqqında şəxsi qeydlərim

Elə adamlar var ki, heç vaxt ümumi axına qoşulmur, ehkamları qəbul etmir, həyatda və cəmiyyətdə daim öz yolunu axtarır, öz ideyalarını gerçəkləşdirməyə çalışır... Adətən, onlar xüsusi istedadları, qeyri-adilikləri, indi dəbdə olan sözlə desək, kreativ düşüncə tərzi ilə ətrafdakılardan fərqlənirlər. İllah da belələri  inadkarcasına əməksevərdirlərsə, yaradıcılıqdan yorulmurlarsa, onda uğur qazanacaqlarına şəkk-şübhə ola bilməz. Həyatda dəfələrlə görmüşük ki, bir çox yeni ideyalar məhz öz gücünə, özünün haqlı olduğuna inanan, özünə güvənən məqsədyönlü, təşəbbüskar şəxslərin – bir sözlə, əsil liderlərin əzmkarlığı nəticəsində gerçəkləşir.
Əsrarəngiz təbiəti olan Şınıxda dünyaya göz açmış həmyerlim Nazim Ziyad oğlu Hüseynli də ötən əsrin 80-ci illərinin axırlarında “Molodyoj Azerbaydjana” qəzeti redaksiyasındakı ilk görüşmüzdən yaddaşıma belə adamlardan biri kimi həmişəlik həkk olunub. O vaxt hələ yenicə elmi fəaliyyətə başlamış Nazim müəllim tanışlığımızın ilk dəqiqələrindən elm, təhsil proseslərinə, bu sahədə, bir növ, ehkamlaşmış, oturuşmuş bir çox yanaşmalara özünün qeyri-standart baxışları ilə mənim və həmkarlarımın diqqətini cəlb edə bilmişdi. Öz sahəsindəki iddialı, cəsarətli ideyaları ilə yanaşı, cəmiyyət və insan həyatının bütün sahələri haqqında da onun öz fikrləri, mülahizələri vardı. Bizim azsaylı görüşlərimiz zamanı mən belə qənaətə gəlmişəm ki, Nazim Hüseynli maraqlı həmsöhbət, adət etdiyimiz şablon düşüncə və davranış modeli hüdudlarına sığmayan, streotiplərdən uzaq  bir insandır. O dövrün bir sıra yaşlı nümayəndələri belələrindən ehtiyatlanır, onlara inamsızlıq göstərirdilər. Çox vaxt da xəyalpərəst hesab etdikləri bu şəxslərə, bir qayda olaraq, öz coşğun enerjisini hamı kimi karyera qurmağa, vəzifə pillələri ilə irəliləməyə sərf etməyi məsləhət görürdülər. Məsləhətlərinə qulaq asmayanlardan isə, hətta, inciyir, onları “söz eşitməyən” adlandırırdılar.
Nazim Hüseynlinin karyerasındakı təfərrüatları və dəyişiklikləri indi dəqiq xatırlamıram,  ancaq onun ölkədə ilk özəl ali məktəb yaradanlardan biri olduğunu  və qısa vaxtda oranı Azərbaycanın uğurlu təhsil ocaqlarından birinə çevirdiyini eşidəndə  qətiyyən təəccüblənmədim.
Bizim həyatımız, ilk baxışda göründüyü kimi, heç də öz-özünə gəlib-keçmir. Heç də hər şeyi taleyin qismətinə buraxmaq olmaz. Nə qədər bayağı səslənsə də, hər kəsin taleyi öz əlindədir. Nazim də oz coşğun enerjisinə, biliyinə və inadkarlığına güvənib, qəlbindəki ən böyük arzu olan özəl ali məktəb yaratmağa başlayanda, inanın ki, məhz belə düşünüb. 
Problemləri az olmayıb, lakin yorulmazlığı, məqsədyönlülüyü və iradəliliyi Nazim Hüseynliyə hər cür maneə və əngəlləri aradan qaldıraraq keçmiş Ali Diplomatiya Kollecinin – indiki Avrasiya Universitetinin rektoru olmaq imkanı verib. Bəlkə də kənardan çoxlarına elə gəlir ki, o öz həyatını asanlıqla qurub, bu gün əldə etdiklərinə asanlıqla nail olub. Yalnız ən yaxın adamları, dostları və həmkarları bilirlər ki, özəl ali məktəb sahibinin və rektorunun həyatı ona hansı inanılmaz səylər hesabına başa gəlib, öz arzusuna yetişmək üçün o, hansı əzablı yollardan keçib. Axı onda çox ağır vaxtlar idi. Müstəqillik əldə etdikdən sonra ölkə çoxsaylı problemlərlə üzləşmişdi. Qısa zaman kəsiyində respublikada hakimiyyətin bir neçə dəfə dəyişdiyini, bəzən də bu dəyişikliyin hansı ağır siyasi kataklizmlərlə nəticələndiyini xatırlamaq kifayətdir. Hər dəfə ölkədə rəhbərlik dəyişəndə isə istər siyasi, iqtisadi, istərsə də sosial həyatda yeni reallıqlar yaranır, hər bir dəyişiklik, ilk növbədə, yerinə yetirilməsi, hətta “rəhbər tutulması” vacib sayılan yeni yazılmamış qanunlarla müşayiət olunurdu. Həm də bunları öz işini xilas etmək, illərlə zəhmət çəkib yaratdığnı yıxılmağa qoymamaq xatirinə öz prinsiplərini tapdalamaqla yerinə yetirmək lazım gəlirdi. 
Nazim Hüseynli özünün həyat amalını bir qrup məsləkdaşı ilə addım-addım gerçəkləşdirmişdi. Əlverişli bina tapıb icarəyə götürmüş, eyni zamanda, kadrları seçib yığmışdı. Tədris prosesinə tədricən tanınmış alimləri, müəllimləri cəlb etmişdi. Kadr siyasətini şəxsən özü aparırdı. Bəzən onun mütəxəssis seçiminə təəccüblənənlər, qəzəblənib iradını bildirənlər də olurdu... Nazim müəllim isə yalnız inandığı, etibar elədiyi adamları işə götürürdü. Amma onların arasında da gənc rektorun utopik ideyalarını bölüşməyənlər tapılırdı. Ali məktəb və onun sözeşitməz rektoru növbəti, çox vaxt tamamilə süni şəkildə yaradılan, cəfəng problemlə üzləşəndə isə bəziləri aradan çıxırdılar. Bununla belə, Nazim müəllim hər bir məsələni həll etməyi, təhsil ocağını qoruyub saxlamağı bacarırdı. Onda da əvəzedilməz hesab edilən bəziləri ilə özü yollarını ayırmalı olurdu. Deyə bilmərəm ki, o, həmişə haqlı idi və yeganə düzgün qərarı qəbul edirdi... Amma  hansısa qeyri-populyar qərarına görə onu qınaya da bilmərəm. Çünki bu, onun öz ideyası, öz həyatı, öz mübarizəsidir... 
Elmdəki, təhsildəki, gənc mütəxəssislər nəslinin yetişdirilməsindəki şəxsi uğurlarından, rektorluq fəaliyyətindəki nailiyyətlərindən başqa yalnız bir məsələni cəsarətlə deyə bilərəm ki, Nazim müəllim indi daha müdrik, daha dözümlü və tolerantdır. Amma öz ideyalarından qətiyyən geri çəkilən deyil.  Bilirəm ki,  ümidsizlikdən hətta “özünə qapandığı”, bütün bəlaları bir anlığa unudub, hər şeyi zamanın və taleyin hökmünə buraxdığı vaxtlar da olub.  O da yalnız bir anlığa... Ancaq əllərini yanına salıb ruhdan düşməyi, istəklərindən imtina etməyi heç vaxt özünə rəva görməyib. Və hər şey də qaydasına düşüb...
Onun universiteti ölkənin nüfuzlu ali məktəblərindədir, bu təhsil ocağının məzunları vətənin rifahı naminə uğurla çalışırlar. Məhz rektorun işgüzarlığının, dövrün nəbzini peşəkarlıqla tuta bilməsinin nəticəsidir ki, beynəlxalq əlaqələri daim genişlənən universitet respublikanın hüdudlarından kənarda da yaxşı tanınır.
Fəlsəfə elmləri doktoru kimi Nazim müəllim diqqətəlayiq elmi nailiyyətlər əldə etməklə yanaşı, həm də öz davamçılarını yetişdirir. O, çoxsaylı, maraqlı elmi kitabların və sanballı monoqrafiyaların müəllifidir. Universiteti isə artıq xeyli müddətdir ki, heç kimin “kirayənişini” deyil, özünün geniş və işıqlı otaqları olan böyük binasında yerləşir. 
İndi Nazim müəllim hələ ilk görüşümüz zamanı arzuladığı sevimli işi ilə məşğuldur. Biz yenə görüşürük. Təbii ki, vaxt tapandan-tapana... Ancaq hər görüşümüzdə onun haqqındakı 30 il əvvəlki təəssüratım bir az da möhkəmlənir. Düzdür, indi o vaxtkı kimi çevik deyil (əvvəlki gümrahlıq hansımızda qalıb ki?), amma məqsədyönlü və öz gücünə inanan həminki adamdır. Yüksək işgüzarlığını qoruyub saxlayır, ətrafındakılardan da bunu tələb edir. Yaradıcılıq fəaliyyətinin məhsuldar dövrünü yaşayan istedadlı alim kimi zəngin təcrübəsini və təşkilatçılıq qabiliyyətini universitetin uğurlarını daha da artırmağa yönəldir. 

Xanlar ZİYADOĞLU,
Əməkdar Mədəniyyət İşçisi  
 
.
Böyük dövlətlərin kürd qüvvələri ilə yaxından əməkdaşlığı region ölkələri, Türkiyə üçün təhdidə çevrilir
Türkiyə parlamentində təmsil olunan Xalqların Demokratikləşməsi Partiyasının (HDP) həmsədri, deputat Səlahəddin Dəmirtaş ABŞ-a səfər edib. Əlbəttə, normal siyasətçi səfəri də deyib diqqət etməmək olardı, amma hazırda Yaxın Şərqdə bir “kürd rüzgarı”nın əsdiyi bir zamanda bu səfəri sıradan hadisə adlandırmaq olmaz.
Məsələ ondadır ki, son illərdə ABŞ İraq və Suriyada İŞİD-ə qarşı savaşda quru qüvvələri olaraq kürdlərlə yaxından əməkdaşlıq edir. ABŞ ordusu Suriyada YPG, İraqda isə peşmərgə qüvvələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Bir sıra ekspertlərə görə, kürd silahlı birlikləri ABŞ-ın İŞİD-ə qarşı mübarizədə quru qüvvələrini əvəz edir.
Yeri gəlmişkən, dünən məlum oldu ki, ABŞ-ın Suriyaya göndərdiyi hərbçilərin 150 nəfəri kürd bölgəsinə yerləşib. İki il əvvəl Kobani şəhərinin İŞİD hücumundan müdafiəsi zamanı ABŞ da daxil olmaqla dünyanın fərqli ölkələrindən “könüllü” döyüşçülər kürd birlikləri içərisində vuruşurdu. Eyni zamanda ABŞ ordusu havadan aviasiya, eləcə də maddi və silah dəstəyi ilə kürdlərin yanında oldu.
Artıq uzun müddətdir ki, Vaşinqton Yaxın Şərqdə kürd hərbi-siyasi qüvvələri ilə əməkdaşlıq etdiyini, dəstəklədiyini gizlətmədən bəyan edir. Məsələn, iki gün öncə ABŞ Senatının silahlı xidmətlər komitəsində keçirilən dinləmədə müdafiə naziri Eşton Karter senatorların suallarına cavab olaraq PYD/YPG-nin PKK ilə bağlantılı olduğu haqda bilgili olduqlarını, PKK-nın ABŞ tərəfindən terror təşkilatı olaraq tanındığını bildirib.
Ancaq eyni zamanda ABŞ müdafiə naziri YPG-ni silahlandırmaqda davam etdiklərini bildirib. ABŞ müdafiə naziri bildirib ki, Suriyanın şimal-şərqində fəaliyyət göstərən Suriya Demokratik qüvvələri hərbi-siyasi birləşməsinin tərkibində 20 faiz qeyri millətlər, o cümlədən ərəblər təmsil olunur, yerdə qalanlar isə kürdlərdir. Karter bildirib ki, “yerlərdə iqtidar olmadığı” yerli silahlı qruplarla əməkdaşlıq etməyə məcburdurlar.
Yenə həmin gün ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi PKK-nın terror təşkilatı olduğunu, ancaq YPG-ni terror təşkilatı olaraq tanımadıqlarını bildirib. Eyni zamanda əlavə edib ki, ABŞ hökuməti İŞİD-ə qarşı mübarizə aparan silahlı qruplara yardım etməyə davam edəcək.
Analoji vəziyyət İraqda da var. ABŞ dövlət orqanları İraqın işğalından bu yana kürd qüvvələri ilə yaxından əməkdaşlıq edir. “Ərəb baharı”ndan sonra bölgədə yaranmış vəziyyət kürdlər üçün yeni imkanlar açıb. Daha öncə bölgə dövlətləri tərəfindən sıxışdırılan kürd hərbi-siyasi birlikləri sərbəstlik əldə ediblər. İraqın şimalında faktiki olaraq müstəqil dövlət kimi hərəkət edən Bərzani liderliyində kürd muxtariyyəti ilə yanaşı Suriyadakı PYD hərəkatı və onun hərbi qanadı olan YPG faktiki olaraq Suriyanın şimalındakı 4 kantona (vilayət) nəzarət edir. Bölgədə xaos dərinləşdikcə kürd siyasi qruplarının müstəqillik iddiaları da ciddiləşir.
Bir qədər əvvəl Məsud Bərzani Avropa dövlətlərinin müstəqil kürd dövlətinin qurulması planını dəstəklədiyini bildirdi. Artıq bir müddətdir ki, kürdlər İraqın şimalında daha geniş əraziləri nəzarət altına almağa çalışırlar. Müşahidəçilərə görə, kürd muxtariyyəti bununla müstəqil dövlət elan edərkən daha geniş əraziyə iddia etmək istəyir. Son günlər kürd silahlıları ilə yerli türkmən silahlıları arasında atışmaların əsas səbəbi peşmərgələrin Tuzhurmatu şəhərinə nəzarətə ələ keçirmək istəyidir.
Hazırda Türkiyə hakimiyyəti İraqın şimalındakı kürd administrasiyası ilə yaxşı əlaqələrə sahibdir. Məhz Bərzanini əldə saxlamaqla Ankara PKK-nın Şimali İraqdan çıxarılması, kürd muxtariyyəti ərazisindən Türkiyəyə qarşı təxribatların qarşısını almağa çalışır. Bərzani isə Türkiyə ilə olan münasibətləri səbəbindən PKK-nın muxtariyyət ərazisində fəallaşmasına mane olur. Lakin bu vəziyyətin nə qədər davam edəcəyi, Şimali İraqın Ankaraya nə qədər sadiq olacağını demək çətindir. Çünki ortada daha böyük oyunçular var və kürdlər bu vəziyyətə fürsət kimi yanaşaraq daha çox faydalanmağa çalışırlar.
Məsələ ondadır ki, Şimali İraqdakı vəziyyət Suriyada yoxdur. Suriyada fəaliyyət göstərən PYD PKK ilə yaxın qruplaşmadır və ciddi əlaqələrini qoruyub saxlayır. Məhz son vaxtlarda PKK-nın fəallaşmasının arxasında Suriya amili, YPG faktoru dayanır. Sirr deyil ki, PKK və YPG koordinasiyalı fəaliyyət göstərir. Bu səbəbdən də PKK hazırda xeyli fəallaşıb və ölkənin cənub-şərq vilayətlərində hökumət qüvvələrinə ciddi müqavimət göstərir. Ankara isə bu bağı qırmaq, kürd separatizminin daha da böyüməməsi üçün ölkə daxilində antiterror əməliyyatlarını davam etdirməklə yanaşı beynəlxalq birliyə YPG-ni terror təşkilatı kimi tanımaqla bağlı təsir göstərməyə çalışır.
Lakin görünən odur ki, hələlik Qərb ölkələri, Rusiya kürd kartından yetərincə faydalanmağa çalışır. Bu səbəbdən də kürdlərin bölgədə fəal hərbi-siyasi gücə çevrilməsi indi bir çox ölkənin maraqlarına cavab verir.
Kənan Rövşənoğlu /Asiya.info
.
İndiki ermənistan ərazisi Azrbaycan torpağı olmuş, burada yaşayanlar isə Azərbaycanlılar olmuşdur.
Tarixdən məlumdur ki, Türkiyə və İranın Rusiya ilə dəfələrlə müharibələri olmuşdur. Müharibələrin gedişi zamanı Rusiya çalışmışdır ki, bu iki müsəlman ölkə ilə həmsərhəd olan bir sahəni ələ keçirib özü üçün müdafiə bazası yaratsın.s
BU sahədə ona sədaqətlə xidmət edə biləcək, satqınlığı, cəsusluğu, ikiüzlülüyü bacaran elə adamlar yerləşdirilsin ki, onlar bu müsəlman dövlətlərinə qarşı düşmən olub Rusiyanın mənafeyini müdafiə etsin. Belə xarakterli millət-ermənilər idi.Çünki, 1812-ci ildə Rusiya-Türkiyə müharibəsi zamanı ermənilər Türkiyənin məğlub olması, Krımın zəbt edilməsi işində Rusiya hökumətinə və onun qoşun hissəsinə hər cəhətdən ən yaxından kömək etmişdilər. Artıq bu zaman Rusiya dövlətində inam yarandı ki, İran və Türkiyə sərhədləri arasında onlara sədaqətlə xidmət edəcək millət ancaq ermənilər ola bilər. Bu məsələni diqqət mərkəzində saxlayan Rusiya dövləti 1813-1826-27-ci illər müharibələri dövründə Türkiyə və İranla apardığı müharibələrdə  qələbə əldə etdi. Qafqazda böyük torpaqlar zəbt etdi.
Fürsəti əldən verməyən Rusiya dövləti 1828-ci ildə İrandan 40 min, Türkiyədən 90  min ermənini gətirib İrəvan və Naxçıvan xanlıqları torpağından qovulmuş azərbaycanlıların torpaqlarında, evlərində yerləşdirdilər.  1828-ci il martın 20-də müsəlmanların novruz bayramı günü rus çarı olan I Nikolay əmr verib İrəvan və Naxçıvan xanlıqlarını erməni vilayəti elan etdi. Vilayətə gətirilmiş ermənilər özlərinə münasib, azərbaycanlı camaatına ziyan vuran yerlərdə yerləşdirildilər. Nəzərə alaraq ki, o vaxtlar azərbaycanlılar tərəkəmələr idilər, heyvandarlıqla məşğul olurdular, bu gələn ermənilərAraz ətrafı və başqa yerlərdə azərbaycanlıların yataq yerlərində yerləşdirilirdi.
Bu isə erməni-müsəlman ziddiyətlərinə səbəb olurdu. Bu vəziyyəti qaydaya salmaq üçün bir sıra xan və bəylər birlikdə Rusiyanın İrandakı səlahiyətli səfiri və bu işin təşkilatçısı olan Qriboyedovun yanında olub, müsəlmanların tərəkəmə vəiyyətdə olmalarını və gətirilən ermənilərin onların yay-qış yataqların yerləşdirilməməsini xahiş etdilər. Onlar Qriboyedovla müəyyən şərtlərlə razılığa gəldilər.
I.Gətirilən ermənilər Azərbaycanlıların yay-qış istifadə etdikləri yerlərində yerləşdirilməsinlər. Aralarında məsafə olsun.
II.Çalışıb elə yerləşdirmək ki, bir-birinə çox yaxın kəndlərdə yerləşdirilməsinlər. Qarışıq yaşamalarına yol verilməsin.
III.Nəzərə alaraq ki, həmin yerlərdə keçmiş əsrlərdən albanlar yaşayan vaxtlardan erməni kilsələrinə bənzər kilsələr olan kəndlər var, ermənilər o kəndlərdə yerləşdirilməsinlər. Belə ki, müəyyən vaxtdan sonra ermənilər deməsinlər ki, elə bu kilsəni babalarımız qoyub gedib. Ona görə də imkan dairəsində belə kilsələri olan kəndlərdə gətirilmiş olan erməniləri yerləşdirməmək.
Uzaqgörən babalarımız hələ o vaxtlar başa düşürmüşlər ki, ermənilər harada yerləşirlərsə, bir azdan sonra deyir, bu yer, bu kilsə mənim ulu babamın olub. Necə ki, indi bizim gözümüzün qabağında dünyaya car çəkib, şər-böhtan atıb deyirlər: Bu indiki Ermənistan, bu Qarabağ, bizim ulu baba yurdumuzdur. Ona görə də qəbul olunmuş şərtlərə əməl edən ağsaqqallar gətirilmiş erməniləri Araz çayından 5-6 km aralı olan XII-XII əsrlərdə tikilmiş Xorvirab kilsəsi ətrafında yox, Araz çayından 20-25 km aralı olan Vedi rayonunun ən məhsuldar, nisbətən çox su qıtlığı çəkən bir daşlı-qumlu dağın dibində, o dağın dibində ki, indi 70 ildir bu dağın daş-qumundan sement istehsal olunur. O dövrdə adlanan Reyhanlı, Dəvəli kəndlərində, eləcə də İlan dağı adlanan dağın döşündəki Zincirli kəndində və tarixən cəhənnəm dərəsi adlanan və elə indi də cəhənnəmdərə adı ilə məşhur olan
Dərənin bşında Çanaxçı, Qaşqa, keşişverən kəndlərində yerləşdirdilər.
1820-30-cu illərdə gətirilən ermənilərin bir hissəsi Dərələyəz zonasında ən dağlıq və azərbaycanlıların qış otlağı olmayan yerdə yerləşdirilirdi. Bu zonada iki rayon var idi.Keşişkənd və Paşalı rayonları. Burada 64 kənddən ancaq 8 kəndin adı erməni adı kimi səslənir. Bu rayon dağlıq rayondur, ətrafı da böyük yaylaq zonasıdır. Bu dağ zonasında Naxçıvanın, Azərbaycanın və bir az da Ermənistanın 10 minlərlə adamı, yüz minlərlə mal-heyvanı, 2.5-3 ay yaylaqlar zonasında qalırdı.Bu böyük yaylaqda bir dənə də olsun, dağ, dərə, təpə, bulaq tapa bilməzsən ki, onun adı erməni adına uyğun, və ya yaxın olsun!
İrəvan ətrafında olduğu kimi Göyçə gölü ətrafı da, əhalinin ən sıx yerləşdiyi zonalardan biri olmuşdur. 1919-cu ilə kimi bu zonada 100 kənd olmuşdur. Bu kəndlərdən 40 erməni kəndi gölün cənuubunda, 60-ı isə gölün şimalında yerləşdirilmişdi. Vaxtilə İrəvan, Naxçıvan Xanlıqlarında məsləhət bilib qərar qəbul etmişdilər ki, bu bölgədə də ermənilər azərbaycanlılarla imkan dairəsində tam qonşu yaşamasınlar. Ən yaxşı torpaqda azərbaycanlılar yaşasınlar və alban torpağı olan yerlərə ermənilər göndərilməsinlər. Elə göndərilmədilər də.
Göyçə gölü ətrafında ermənilər yerləşdirilən zaman onlar gölün cənubunda Qamışlı (Basarkeçər), Qırxbulaq, Tüskülü, Aşağı Zağalı, Gödəkbulaq, Alçalı, Kolanı qırılan, Alqırıq, Başkənd və b. Kəndlərdə yerləşdirildilər.
Əlbəttə, 60 kəndin əhalisinin böyük hissəsi 1918-1919-cu illərdə əsasən ermənilər tərəfindən qırılmışdı. Az da olsa sağ qalanların bir hissəsi daha ermənilərin yanına qayıtmadılar.
1948-53-cü illərdə azərbaycanlıların zor-xoş köçürülməsindən (sovet deportasiyasından) sonra Martuni rayonunun ermənilərdən ibarət əhalisinin 50-55%-i dolanışıqları olmadığına görə Vedi rayonuna, Sisyan rayonunun erməni kəndlərinin, Yeğeqnadzor, paşalı rayonlarının erməni əhalisinin bir hissəsi Vedi, Qəmərli, Zəngibasar rayonlarına köçdülər...
Erməni tarixçisi A.İ.Ohanesyan 1964-cü ildə nəşr etdirdiyi kitabının I hissəsində yazır ki, XVIII əsrdə 1800-cü illərdə indiki İrəvan şəhərində yaşayan əhalinin 75%-i azərbaycanlılar, 25%-i ermənilər olmuşdur...a
Rus İrəvanı alana kimi biz erməni milləti və erməni tanımırdıq. Həyatda olan canlı faktlara və erməni mənbələrinə əsasən sübut etdik ki, bu yerlər azərbaycanlıların olub.
Əziz oxucu, gör necə düşmənin var, sən də sıx-sayıq ol, vətəninə və xalqına sədaqətlə xidmət et.
 
Talıb Musayev
Azərbaycanın keçmiş deputatı Maksim Musayevin atası Talıb Qurbanoğlu-( Ermənistanın sabiq vitse-Spikeri).
.
Suriyanın ikinci böyük şəhəri Hələbdə toqquşmalar yenidən başlayıb. Rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, bu gün Şeyx Maqsud rayonunda partlayışlar törədilib. Amma bölgədən gələn məlumatlara görə, hökumət qüvvələri artıq Hələbin müxaliflərin əlində olan hissəsini təmizləmək üçün əməliyyatlara başlayıb. 
Gələn bilgilərə görə, Hələbin Xan Tuman və əz-Zərbə cəbhələrində baş verən toqquşmalarda müxaliflərin hücumları dəf edilib, xeyli sayda silahlı öldürülüb. Qeyd edək ki, Suriya ordusu Hələbin azad edilməsi əməliyyatını xeyli vaxtdır hazırlayır.
Yerli və beynəlxalq media Bəşər Əsədin ölkənin şimalında yerləşən ikinci böyük şəhər, əsas sənaye və ticarət mərkəzi hesab olunan Hələbin tamamilə hökumət qüvvələrinin nəzarətinə keçməsi üçün ciddi hazırlıqlar həyata keçirdiyini yazır.
Hələb Suriyanın şimalında yerləşir, Türkiyə sərhədlərinə yaxındır və Suriyada ilk etirazlardan biri də burda baş qaldırıb.
Hələbə böyük hücum hazırlığı
Hələbin azad edilməsi əməliyyatına Suriya ordusu ilə yanaşı Rusiya hərbi qüvvələri, əsasən də aviasiya, həmçinin Hizbullah döyüşçüləri, İranın xüsusi təyinatlılarının qatılacağı gözlənilir. Gələn xəbərlərdən məlum olur ki. bu, son illərin ən böyük əməliyyatlarından biri olacaq. Artıq Hələb ətrafında hökumət birgə əməliyyat qərargahı qurub.
Bu əməliyyatın daha böyük və şiddətli olacağının ən mühüm səbəblərindən biri də hərbi ekspertlərə görə, son aylarda müxalif silahlı qrupların güclənməsi ilə bağlıdır. Hökumət mənbələrinin bildirdiyinə görə, son aylarda Suriyada silahlı qruplara xaricdən müasir silah və sursatlar verilib. Bu isə əməliyyatları daha da çətinləşdirir.
Artıq müxaliflərin əlində tank əleyhinə lazer qurğuları, təyyarə və helikopterləri vurmaq üçün yeni silahlar var. Bu isə hökumət qüvvələrinin işini daha da çətinləşdirir. Bu səbəbdən də Hələb əməliyyatının miqyası və təsirləri baxımından daha böyük olacağı gözlənilir.
İran da Hələb ətrafına “yaşıl beretli” adlanan xüsusi təyinatlı desantları göndərib. İran xüsusi təyinatlıları Hizbullah dəstələri ilə birlikdə Hələb ətrafında mövqe tutublar. Əməliyyatın başlaması ilə bu qruplar rusların hava dəstəyi ilə Hələbə daxil olub küçə döyüşlərinə qatılacaq. Bu mənada Hələb Kobanidən sonra Suriyada ən ağır küçə döyüşlərinin keçirildiyi növbəti şəhər olacaq.
Hələb nədən bu qədər əhəmiyyətlidir?
Hələb ölkənin ikinci şəhəri hesab olunsa da, əhalisinin sayına görə Dəməşqdən iki dəfə böyükdür (ətraf qəsəbələrlə birlikdə 4 milyondan çox əhalisi var), Suriyanın ən böyük sənaye və ticarət mərkəzidir. Yaxın Şərqin də ən böyük sənaye mərkəzlərindən biri olan Hələb geyim, ayaqqabı və digər istehsal sahələri üzrə inkişaf etmişdi. Müharibə başlayana qədər Hələbdə 320-dən artıq böyük fabrik fəaliyyət göstərirdi.
Hələbin böyük şəhər olması ilə yanaşı, əsas üstünlüyü yerləşdiyi coğrafiyadır. Hələbdən Türkiyə sərhədinə  – şimala doğru Kilis istiqamətində 68 km, qərbə doğru, yəni Hatay vilayətinə isə 52 km yol var. Eyni zamanda, Dəməşqdən gələn və Türkiyə sərhədinə gedən əsas magistral yolun üzərində yerləşir. Bu baxımdan, Hələbə sahib olmaq Suriyanın “ikinci yarısına” sahib olmaq mənasındadır.
Artıq 3 ildən çoxdur ki, şəhər hökumət və müxaliflər arasında bölünüb. Ancaq şəhər uğurunda İŞİD, ən-Nusra-Əhrar Şam, eləcə də kürdlər də savaşır. Hazırda hökumət qüvvələri Hələbin yarısına nəzarət edir və bu əməliyyat şəhərin tamamilə nəzarətə götürülməsinə hesablanıb. Əgər Hələb alınsa müxaliflərin Türkiyə ilə əlaqə qurduğu Əziz-Hələb yolu bağlanacaq. Hələbin alınması Əzizin də boşaldılmasını asanlaşdıracaq.
Bu səbəbdən hazırda Bəşər Əsəd müxaliflərin Türkiyə ilə bağlarını qoparmaq, xarici əlaqələrini kəsmək üçün Suriya-Türkiyə sərhədini, eləcə də İraq sərhədinə doğru şərqdə hücum əməliyyatlarını həyata keçirir. İraq və Türkiyə sərhədlərinin nəzarətə götürülməsi müxaliflərin ölkə daxilində faktiki olaraq mühasirə vəziyyətinə salacaq.
Yeri gəlmişkən, Əsədin İordaniya sərhədlərinə son aylarda çox da diqqət göstərməməsi maraq doğurur, görünən odur ki, İordaniya artıq böyük ölçüdə sərhədlərini bağlamaq vədi verib. Yeri gəlmişkən, bu ilin  yanvarında İordaniya kralının Türkiyəni ittiham edən açıqlamaları da yayılmışdı. Bəşər Əsədin əsas diqqətini şimal ərazilərə verməsi və cənub sərhədlərində sakitliyin yaranması Amanla Dəməşq arasında anlaşmanın olduğunu göstərir.
Beləliklə, Hələbin təmizlənməsi Bəşər Əsədin Suriyanı geri alması istiqamətində həlledici əməliyyatı olacaq. Təbii ki, bu, elə də asan olmayacaq, əgər müxaliflər arasında ciddi parçalanma, daxili savaşlar olmasa, Hələbdə “Stalinqrad savaşının” olacağı qaçılmazdır.

Kənan Rövşənoğlu / Asiya.info
.
Yanvarın 2-də Səudiyyə Ərəbistanının şeyx Nimr al-Nimr başda olmaqla 50-yə qədər müxalif ruhanini edam etməsindən sonra İranla gərginləşən münasibətlər fonunda medianın diqqət ayırdığı mövzulardan biri də hər iki ölkənin silahlı qüvvələrinin potensialıdır. Ancaq görəsən tərəflərdən birinin digərindən hərbi cəhətdən üstün olması nəyi həll edir ?!... 
2013-cü ildə dünya dövlətləri arasında silah satışına dair imzalanan sazişlərin maliyyə dövriyyəsi 56,8 mlrd. dollar, 2014-cü ildə 64,4 mlrd dollar olub. Ötən il isə bu rəqəmin 75 mlrd. dollardan artıq olduğu bildirilir. 2015-ci ildə başda ABŞ olmaqla müxtəlif ölkələrdən silah idxal edən 10 ölkədən 5-i Yaxın Şərqin müsəlman dövlətləridir. Elə əvvəlki illərdə də eyni ərəb dövlətləri bu siyahıda öndə olublar.
2015-ci ildə ən çox silah satan 5 dövlətin isə ABŞ, Rusiya, İsveç, Fransa və Böyük Britaniya olduğu qeyd olunur. 2015-ci ildə ən çox silah satan şirkətlərdən də hamısı (Lockheed Martın, Raytheon, Airbus Group, UAC, United Tech Corp və s.) Qərb dövlətlərinindir. İlk onluğa daxil olna bu şirkətlərin heç biri müsəlman dövlətlərinə məxsus deyil. Bu riyazi rəqəmlər əsrlərdir davam edən, günümüzdə də Səudiyyə Ərəbistanı - İran qarşıdurması ilə açıq şəkildə özünü bir daha göstərən əksər müsəlman dövlətləri arasındakı məzhəb və kiçik nüfüz davasının hansı geosiyasi qütbün xeyrinə olduğunu növbəti dəfə göz önünə sərir ...
Bir tərəfdə yüksək texnologiyalara əsaslanan emal sənayesi, intensiv kənd təsərrüfatı, adambaşına on minlərlə dollar düşən Ümumi Daxili Məhsul (ÜDM), üstün həyat səviyyəsi, bir sözlə beynəlxalq standartın ən yuxarı həddi ilə ifadə olunan sosial-iqtisadi inkişaf, digər tərəfdə isə zahiri nə qədər müasirliyə yaxın olasa da, batini məişət münasibətlərindən, təhsil səviyyəsinə, iqtisadi göstəricilərə qədər orta çağı xatırladan bir sistem. Hər bir tarixi dövrü səciyyələndirən 3 əsas xüsusiyyət var: istehsal vasitəsi, təhsil və mədəniyyət səviyyəsi. Sonuncuların altını xüsusi ilə cizməyə ehtiyac var, çünki inkişaf demək olar ki, bu iki komponentdən asılıdır. Sonsuz dərəcədə təəssüflər olsun ki, bu sahədə mənzərə azsaylı istisnaları çıxmaq şərti ilə o qədər də ürəkaçan deyil. 
Əgər XXI əsrdə hələ də özlərini müsəlman dünyasının liderləri sayan Yaxın Şərq dövlətləri sadəcə Tanrının ərmağanı olan xammalı satmaqla əldə etdikləri vəsaiti insan kapitalının inkişafına yox, silah alınmasına sərf edirlərsə demək baş verə biləcək müharibədə kimin qələbə çalmasından asılı olmayaraq hər ikisi məğlubdurlar.... 

Elməddin BEHBUD
.
                       Araz Mehrəli
               İslamşünas –tədqiqatçı
 
               İŞİD NƏDİR VƏ KİMDİR ?
 
Son zamanlar İraq və Suriya ərazisində gedən daxili hərbi prosseslərdə müxalifət yönlü silahlı dəstələrin arasında qəfil aktivləşən “ İŞİD “ (İraq Şam İslam dövləti) terror təşkilatını necə xarakterizə etmək olar ? Ümumiyyətlə bu terror təşkilatının hərtərəfli fəaliyyətini işıqlandırmaq üçün İŞİD-in kökünü araşdırmaq lazımdır.
Beləliklə ; İŞİD Nədir ? Nə zaman qurulmuşdur? İŞİD nə deməkdir ? Onun əsl məqsədi və məramı nədir ? İŞİD-lə bağlı bilinməsi vacib olan həqiqətlər hansılardır ?
İŞİD – “İraq Şam İslam Dövləti“ adlanan bu təşkilat İraq və Suriya ərazisində siyasi və hərbi fəaliyyət göstərən bir terror təşkilatıdır. Əqidələri Sələfi ideoloqiyasına söykənir. Bu təşkilat İraq, Suriya, Fələstin və İordaniya torpaqlarını əhatə etmək şərti ilə bu bölgədə bir şəriət dövləti qurmaq niyyəti güdür. İŞİD-in özü və lideri Əbu Bəkir əl-Bağdadinin adı, ABŞ-ın və Türkiyənin “ terrorçu təşkilatlar ”siyahısına daxil edilmişdir. 
images (1)
İŞİD nə zaman quruldu? 
Bu terror təşkilatı ilk dəfə 2004 –cü ildə “ Tövhid və Cihad “ adı ilə Əbu Musa Zərqavi tərəfindən İraqda qurulmuşdur. Sonralar bu terror dəstəsi Üsamə bin Ladenin rəhbərliyində olan “əl-Qaidə” ilə birləşmişdir. Bu birləşmədən sonra təşkilat adını ”Mesopotamiyadakı əl-Qaidə” adı ilə tanıtmağa başladı. 2006-cı ildə çəkilən video çəkilişlərin birində Zərqavi, ”Mücahidlər Şurası Birliyini” qurduqlarını bildirir. Zərqavi, 7 iyun 2006 –cı ildə ABŞ hərbi qüvvələrinin hazırladığı hərbi əməliyyatda öldürülür.Onun yerinə Əbu Həmzə əl-Mühacir keçir. 2006-cı ilin sonuna yaxın isə “əl-Qaidə” terror təşkilatına yaxınlığı ilə bilinən Əbu Ömər əl-Bağdadi başçılıq etdiyi “ İraq İslam Dövlətini” qurduqlarını açıqladı.

İŞİD-in indiki lideri Əbu Bəkir Bağdadi kimdir ?

2010-cu ilin Aprel ayında, ABŞ və İraq hərbi qüvvələri, Sisar bölgəsində Əbu Ömər və Əbu Həmzə əl-Mühacirin yaşadıqları evə müştərək bir hücum təşkil etdilər. Əməliyyatda onların hər ikisi öldürülür. Bununla da Əbu Bəkir əl-Bağdadi bu terror təşkilatının liderliyini ələ aldı.
İŞİD-in Suriyada hökumət qüvvələrinə qarşı vuruşan “əl-Nusra “ ilə əlaqələri varmı? 2011-ci ilin sonunda Məhəmməd Colani liderliyindəki Nusra Cəbhəsi, əl – Qaidənin Suriya qolu olaraq quruldu. 9 Aprel 2013-cü ildə Əbu Bəkir Bağdadiyə aid bir səs yazısında Nusra Cəbhəsinin “ İraq İslam Dövlətinin “ müttəfiqi olduğu qeyd edildi. Eyni il, Bağdadi Nusra Cəbhəsi ilə İraq İslam Dövlətinin “İraq-Şam İslam Dövləti” adı altında bir araya gəldiyini açıqladı.
Qısa bir müddət sonra Əbu Muhəmməd Colaniyə aid bir səs yazısı yayıldı. Səs yazısında Colani, İraq İslam Dövləti ilə yaxın münasibətdə olmaq fikrinə yaxşı baxdığını söylədi, ancaq iki terror dəstəsinin bir ad altında bir araya gəlməsi fikrini rədd etdi. Colani səs yazısında əl- Qaidə lideri Əymən əz-Zəvahiriyə bağlılığını elan etdi.
İŞİD əl –Qaidənin bir qoludurmu ?
2013 –cü ilin fevraında, əl- Qaidə, Suriyadakı “ İŞİD” terror təşkilatını tanımadığını elan etdi və bu terror qruplaşmasının Suriya ərazisini tərk etməsini istədi. Əl-Qaidə Suriyadakı təmsilcçsinin Nusra Cəbhəsi olduğunu açıqladı. Nusra Cəbhəsi və İŞİD arasında bir çox cəbhədə toqquşmalar baş verdi. Ən sonuncusu isə İŞİD-in Nusra Cəbhəsinin nəzarətindəki Deyr- əz-Zor şəhərini nəzarəti altına almaqla başa çatdı.
İŞİD Suriya və İraqda nələri və haranı nəzarət altında saxlayır ?
İŞİD, Suriyada Mumbuc, neft ilə zəngin olan Rakka və Iraq sərhədinə yaxın Deyr əz-Zor şəhərlərini əlində saxlayır.Iraqda isə Ənbar vilayəti, Fəlluca və Ramadiyə nəzarət edir. Son olaraq Mosul şəhərini də ələ keçirdi.
İŞİD-in Suriyadakı əsgər sayısının 6-7 min arasında olduğu bildirilir. Döyüşçülərin əksəriyyətini əcnəbilər təşkil edir. İraqdakı silahlı üzvlərinin sayı isə 10 minin üzərində olduğu ehtimal edilir.
imagesİŞİD terror təşkilatı bu günə qədər İraq və Suriyada işğal etdiyi ərazilərdə, İslam dininə aid onlarla tarixi abidəni və Əhli-Beytə aid müqəddəs məzarları dağıtmışdır. Bu qana susamış quldur dəstəsinin əli qanlı cəlladları minlərlə günahsız müsəlmanın başını "Allahu Əkbər" şüarı ilə kəsərək, bu qorxunc görüntüləri bütün dünyaya sosial şəbəkələr vasitəsi ilə yayır. Onların məqsədləri İslam dinini bu vəhşi əməlləri ilə gözdən salmaqdan başqa bir şey deyil! Bu gün onlara üz tutaraq sual edirik : -Siz hansı İslamdan danışırsınız ? 

Xəbər lenti