.

Ölkəmizdə siyasi partiyaların ictimai fikirə təsir mexanizmləri və imkanları zəiflədikcə vətəndaşların baş verən prosesləri özlərinin təhlil edərək adekvat nəticələr çıxarması yaranmış situasiyada alternativ axtarışlarının nəticəsi kimi meydana çıxır. Amma bütün hallarda insanlar öz düşüncələrini başqalarının da təsdiq etməsini istəyirlər və bu təbii ehtiyac onların qərarlarının qətiləşməsində həlledici rolu oynaya bilir.

Kütləvi informasiya vasitələri hələ də özü haqqında formalaşmış “hakimiyyətin danışan dili” düşüncəsini darmadağın edə bilmədiyindən gərəkli etibar sahibi deyil. Ona görə də, onun nəyisə təsdiq və ya inkar etməsi müstəqil tərəfin fikri kimi qəbul edilmir. Belə bir dönəmdə müstəqillik dövrünün məhsulu olan, fəal vətəndaşların toplaşdığı ictimai birliklərin – daha doğrusu, qeyri-hökumət təşkilatlarının çəkisi və rolu artmış olur. Dövlət müstəqilliyinin əldə edilməsi ilə yalnız onu öz yanında görən insanlar QHT-lərə güvənməkdədir. Siyasi intriqaların cəmiyyəti cana doydurduğu bir vaxtda köməyə ehtiyacı olanlara az-çox əl tutmağa çalışan vətəndaş cəmiyyətinin bu institutları ictimai fikrin inam bəslədiyi çevrələrdir.

Əgər fikir versək görərik ki, yeni müstəqillik əldə etmiş ölkələrdə cəmiyyətlərə Qərbin müdaxiləsi də məhz QHT sektorundan başlayır. Qərbdə də, təbii ki, bizim cəmiyyətlər üçün yeni yaranan, hələ “çirkaba bulaşmamış”, mahiyyətcə də vəzifəsi ictimai mənafeləri müdafiə etmək olan bu qurumların fəaliyyətini və gücünü qiymətləndirirlər. Lakin cəmiyyətin inamı və rəğbəti sonsuz deyil. Ona görə, QHT-lər də cəmiyyətin bu etibarından sui-istifadə edərək özünü nüfuzdan salmamalıdır. Təəssüf ki, son vaxtlar vətəndaş cəmiyyətinin klassik məzmun-mahiyyətini dərk edə bilməyən bəziləri bu sahəyə eybəcərliklər gətirməkdədir. Məsələ burasındadır ki, bu sfera nə qədər qanunların gücü ilə tənzimlənsə də, bir o qədər də yazılmamış qanunlarla nizama salınır. Deməli, burada mənəvi, əxlaqi kateqoriyalar kifayət qədər vacibdir və üstünlük təşkil etməlidir.

Vətəndaş cəmiyyətinin istər daxilində, istərsə də onun cəmiyyətlə münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Bu səbəbdən də vətəndaş cəmiyyətinin aparıcı fiqurlarının özləri kifayət qədər əxlaqlı, milli-mənəvi dəyərlərə bağlı şəxslər olmalıdır.

Ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını din icra edir, ənənəvi cəmiyyətlərin dağılması, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir.

Qeyd etmək lazımdır ki, son dövrlərin diqqət mərkəzində olan və həssas münasibətlə əhatələnən vətəndaş cəmiyyətlərində özünütənzimləyən münasibətlər sistemi iki sferadan formalaşır: vətəndaş cəmiyyətlərini təşkil edən fəal insanların özlərinin davranışlar məcmusundan və onu izləyən vətəndaşlarla münasibətlərin cəmindən.

Sistemin birinci tərəfi tələb edir ki, şəxs özü əxlaqlı olmalıdır. Bu da başa düşüləndir. Çünki cəmiyyətin qayğıları ilə məşğul olan və fəaliyyət sahəsi də təmənnasız xidmətə söykənən insan başqa cür ola da bilməz. Ona görə, bu fəaliyyət sahəsi prinsipcə özü yüksək əxlaq, mədəniyyət tələb edir və bunlarla həmahəng fəaliyyətlə vəhdətdədir.

İnsanlar çalışdıqları sahələrdəki fəaliyyətləri ilə özləri üçün cəmiyyətdə bir obraz formalaşdırmaqdadır. Çox maraqlıdır ki, son dövrlər köbələk kimi artan şou-biznes əhli, müğənnilər haqda heç də yaxşı olmayan ictimai fikir formalaşmaqdadır. Müğənni olmaq istəyirsənsə, “səsin olması vacib deyil”, “həyat yoldaşından boşanmalı”, “qısa geyinməli”, “dedi-qodulara qoşulmalı” və “sponsor tapmalısan” fikirləri həqiqi sənətkarları da hörmətdən salır. QHT liderləri bax bu cür ictimai qənaətdən qorxmalı və ona rəvac verəcək hərəkətlərdən uzaq olmalıdır. Əks halda onlar cəmiyyətə təsir güclərini, mexanizmlərini itirmiş olarlar.

Sistemin ikinci tərəfinə, yəni vətəndaş cəmiyyətinin liderlərinin insanlarla münasibətlərinə gəldikdə isə burada düzgünlük, sözə bütövlülük, ədalətlilik əsas dəyər olmalıdır. Vətəndaş cəmiyyətinin liderləri “almaqdan” deyil, “verməkdən” həzz almağı bacarmalıdırlar. Onlar cəmiyyətə daha çox fayda verəndə ləzzət almalıdırlar, bu onların həyat meyarı olmalıdır. Nəinki gördükləri işin müqabilində daha çox maddi gəlirlər əldə etdikdə sevinməlidirlər. Çox təəssüf ki, biz son dövrlər bəzən bu tendensiya ilə qarşılaşırıq. İmkan vermək olmaz ki, QHT sektoru “qovulmuşların” at oynatdığı, dəyərlərin alınıb-satıldığı alver məkanına, ara düzəldənlərin oylağına çevrilsin.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə obyektiv qiymət verilməsi üçün cəmiyətin özünün də əxlaqi-mədəni səviyyəsi yetərli səviyyədə olmalıdır. Əhalinin mənəvi səviyyəsi yüksək olmadıqda qanunların mahiyyəti, onlara əməl olunmasının mədəniyyət olduğu dərk olunmur. Bu zaman vətəndaş cəmiyyətlərinin hərəkətləri də adekvat başa düşülmür. Camaat ancaq qadağa prinsipi ilə yaşayanda vəhşiləşmə, mütiləşmə, şəxsiyyətsizləşmə baş verir. Bu zaman əyrilik, qanunları pozmaq qəhrəmanlıq, əxlaq, mənəviyyat isə geridə qalmaq kimi qiymətləndirilir. Bir sözlə, əhalinin keyfiyyəti aşağı düşür. Vətəndaş cəmiyyəti institutları cəmiyyəti məhz bu çatışmazlıq sindromundan xilas etmək üçün səfərbər olmalı, bilavasitə daimi olaraq özünü təkmilləşdirməli, əxlaqi-mənəvi dəyərlərə bağlılığını artırmalıdır. Aparılan maarifləndirmə işlərinin əsas hədəfi də buna yönəlməlidir.Ona görə də ilk növbədə özlərinin davranışlar sistemi yüksək əxlaq normaları çərçivəsində olmalıdır. Çünki hələ vaxtilə dahi sərkərdə Napaleon deyirdi ki, ən yaxşı əmr şəxsi nümunədir. Ona görə də vətəndaş cəmiyəti institutlarının cəmiyyətə dediklərini öz əməlləri təsdiq etməli, bunlar arasında zərrə qədər də olsa fərq olmamalıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihələrin də əsas qayəsini cəmiyyətin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əxlaq qaydalarına uyğunlaşdırılması təşkil etməlidir. Yəni elə layihələr həyata keçirmək lazımdır ki, insanlar qanunların tələb etdiyi qadağa prinsipi ilə deyil, əxlaq normalarının verdiyi icazə sistemi ilə münasibətlərini tənzimləsinlər.

.
Ehmalca ayağa qalxdı. Otağın qapısını açıb çölə çıxdı. Heç bir dəqiqə də keçməmiş qucağında odun parçaları içəri daxil oldu. Təngnəfəsdi. Sinəsi körük kimi qalxıb enirdi:

- Axşam soyuq olacaq, indidən qoyum pıçın yanına.

Bala, niyə belə beinsafsız?

Odun sobasına “pıç” deyir bizim tərəflərin yaşlı qadınları. Yerini rahlayır. Oturmaq istəyir. Kömək edirəm. Qoluna girib ehmalca oturduram. Boyunu yuxarı “dartır”. Otura-otura üzümdən öpür. Heç yarım saat deyil gəlməyim, neçənci dəfədir öpür. Kəpənək kimi sifətimə qonan öpüşlərinin qopduğu dodaqları qurudur. Amma istidir. Üzümə toxunan üzünün qanı qaçıb sanki, qırışlı dərisi yum-yumşaqdır. Əlləri isə kotana oxşayır. Ovcumun içinə alıram. Yox, yumşaqdır. Amma arxada qalan illərin yaşatdığı əzabdan hər iki əlinin barmaqları donqarlanmış kimidir. Barmaqlar içəri qatlanıb, daraqlanıb sanki...

Heç olmasa yuxuma, gəlin

- Bala, niyə belə beinsafsız? Heç olmasa yuxuma gəlin. Hər gecə yatanda arzu edirəm ki, yuxuma gələsiz...

Bunları çay süzə-süzə deyir. Maşanı sobanın üstünə qoyur. Süfrəni isə bayaqdan sərib yerə. Oturacağım yerə iki nalçanı üst-üstə qoyub, bir balışı isə divara söykəyib ki, kürəklənə bilim. Səliqə ilə doğranmış təndir çörəyini qızartmaq üçün maşanın üstünə yığır. Yenə də ağır-ağır ayağa qalxır. Yan otağa keçir. Bura onun saxlanc yeridir. Nimçədə motal pendiri gətirir. Süfrənin üstünə qoyur.

- Bardaş qura bilmirsən, dizin üstə otur. Rahat ol. Ya da ayaqlarını uzat. İstəmirəm stulda oturasan. Siz stulda oturmağa başlayandan hər şeydən uzaq olduz, sonra da kənd–kəsəkdən çıxdız...

Qulağımda isə hələ də “Heç olmasa yuxuma, gəlin” sözləri “qıvrılır”. Çox illər qabaq mən həbsdə olanda da bu sözü demişdi. Görüş otağında xeyli gözlərimin içinə baxıb, birdən dillənmişdi:

- Bala, yuxuma niyə gəlmirsən?

Şeir yazmışdım:

“Gecələr yuxuna gəlmirəm, anam,
Mən sənin yanında üzüqarayam...”


Çox incitmişik onu, bilirəm. Böyüməyimiz, hər birimizin bir yuva qurmağımız onu sevindirdiyi qədər də qayğılandırıb; üstümüz açıq qalmır ki yatanda? Yeməyimiz necədir, sınıxmamışıq ki? Xəstə deyilik ki?

Qardaşların birdən-birə yoxa çıxdılar

Mən həbs olunduğum gün birdən-birə ürəyi çırpınıb.

- Elə bildim, ürəyim quş kimi “pırr” eləyib uçacaq, tez əlimi sinəmə atdım, yaxamı bərk-bərk sıxdım, gördüm yox, dayanmır, tez keçdim daldaya, yaxama baxdım, yox, sinəm parçalanmamışdı, amma nəsə olmuşdu, bilirdim. Səni güman etməzdim, qardaşlarını fikirləşdim. Voyennidilər axı, dava-dalaşda olurlar, o birisi də daima yollardadır. Helə səni fikirləşdim, kaş burda olaydın, sənə deyəydim narahatlığımı. Sən axı iki dəqiqəyə hamısı ilə danışdıracaqdın məni. Demə, qardaşların bilirmiş... İki gündən sonra gəlinlər dedi mənə. Qardaşların birdən-birə yoxa çıxdılar kənddən, - deyirdi o ərəfədə.

- Gecə niyə gəldin ki? Gecənin xeyrindən gündüzün şəri yaxşıdır, bala. Gecəyə salma özünü. Bilirəm, işin çoxdur... Neyniyəsən...

Sonra da əlimi ovcunun içinə alır. Sığallayır:

- Qardaşlarundan nə xəbər? Gedib dəyirsən? Heç zəng də eləmirlər... - sonra qızdırılmış çörək dilimini qarşıma qoyur. - Ye, yol gəlibsən. Axşamdan yemək qalıb, qızdırım?

Qalxmaq istəyir, imkan vermirəm:

- Toxam, elə bir az isti çörəklə pendir yeyərəm, - deyirəm.

Kənddən danışır. Yaxın qohumlardan başlayır, ta kəndin o başında yaşayan, qohum olmayan, bizə simsar olanlara qədər. Deyə bilmirəm ki, bütün bunları bilirəm. Mobil telefonla, sosial şəbəkə ilə çox adamla əlaqəm olur.

İndiki qızlar televizordakılar kimi yaşamaq istəyirlər

O isə danışır: kim ölüb, kim qalıb, kimin qızı dədəsinin üzünə ağ olub, elçilərə “yox” deyib, guya ki öz istədikləri var...

- Məni gəlib dədənə alanda həyətdə uşaqlarla oynayırdım. Dədən ipək kimi kişi idi, bala. İndiki qızlar televizordakılar kimi yaşamaq istəyirlər. Ərə gedirlər, siçan balası kimi bu boyda uşaq doğub qoyurlar ovuclarına... 9 uşaq doğmuşam e...

Oturduğumuz otaqdan qapısı açıq olan yataq otağına nəzər salıram. Üç çarpayı var. Stolun üstündə televizor, ətrafında dörd stul, gəlin gələndə gətirdiyi şifoner və sonradan alınan mebellər, qab-qacaq yığılan dolab və divarda asılan portretlər. 24 yaşında Böyük Vətən müharibəsində həlak olmuş qayınının - əmim Qurbanın, qardaşlarımın və özünün toyları olanda atamla birgə çəkdirdikləri şəklin böyüdülmüş surəti divara asılmış xalçanın üstündədir. Və ayrı şəkillər...

Məni elə burdan götürərsiz, mərəkəmi də burda qurarsız

Otağa nəzər saldığımı görür:

- Yuxarı çıxa bilmirəm, ayaqlarım ağrıyır. Bura rahatdır mənə, gecə də həyətə zada düşürəm, qapı-bacaya baxıram... Bala, məni elə burdan götürərsiz, mərəkəmi də burda qurarsız. Uşağın tikdiyi təzə evdə göz yaşı axıdılmasın. Burda özümü yaxşı hiss edirəm.

Sifətinə baxıram, dinmirəm, vəsiyyət edir, ürəyim dolub, içimdə qaynayan yaşın qarşısına bənd vurmuşam, imkan vermirəm göz yaşına dönsün.

- İstəyirsən, sənə yuxarıda yer salsınlar, orda yat.

Bilirəm ki, özü də bunu istəmir.

-Yox, - deyirəm, - burda rahat yatıram.

- Bala, niyə yatmırsan gecələr? Hər dəfə gələndə yerində qıvrılırsan, zarıyırsan, bir yerin ağrımır ki?..

Ayağa durur, yenə də yan otağa keçir. Selofon paketlər əlində geri qayıdır.

- Bunları sənin üçün qurutmuşam, de, dəmləsinlər, iç. Özüm də bundan içirəm. Acı olmağına baxma...

Uşaqlarla bir-bir maraqlanır. Qardaşım balalarını soruşur.

- Danışıram, yaxşıdırlar, sənə zəng vururlar ki...

- Get, xəbər tut. Zəng eləmə, get, özün gör.

- Yaxşı, - deyirəm.

Deyirdim ki, səni vətən xaini çıxaracaqlar


- Sən həmişə fağır olubsan. Səndən böyük qardaşın nə edirdisə, atırdı sənin boynuna. Sən də dinmirdin. Hirssdəşirdim, vururdum səni, deyirdim, denən ki, mən eləməmişəm. Sən elə gözünü döyüb baxırdın.

Yadına xatirələrini salır. Gülür:

- Həmişə deyirdim ki, səni vətən xaini çıxaracaqlar....

Gənclik illərinin yaddaşında qalan xof idi. Vətən xaini adı ilə gedənlər geri qayıtmazdı axı. Ağır ittiham idi. Elə bu gün də ağır ittihamdır. Amma onun siyasi baxışları da var.

- Ehtiyatlı ol, bala. Tülkü tülkülüyünü sübut edincə dərisini boynundan çıxarırlar. Dovşana qaç, tazıya tut deyənlər o qədər çoxalıb ki...

Stəkanıma çay süzür. Əli ilə süfrənin qırağını qatlayıb sığallayır:

- Amma ovçunun tazısı varsa, dovşanın da Allahı var, bala. Gördün səni tutanları Allah neynədi? Tarı kişinin ətəyi də böyükdür, qəzəbi də...

Allah onun səsini eşitmişdi

Yadımdan çıxmır, məhkəməmdə “etdiyim cinayət əməli” sübut olunmasa da, prokuror mənim 5 il azadlıqdan məhrum olunmamı istədi. Onda qohum-əqrəbanın uğultulu səsindən onun naləsini, üzünü göyə tutub ah çəkməsini eşitdim təkcə:

- Allah balamı əlimdən alanın, balasını əlindən alsın...

Allah onun səsini eşitmişdi.

Pendiri çörəyin arasına qoyub iştahayla yeyirəm. Elə həvəslə baxır ki...

Dizlərim ağrıyır, ayaqlarımı uzadıram. Əlini aparıb ayaq barmaqlarımı ovur. O qədər xoşbəxt görünür ki...

Xoşuna gələn yeməklərin heç birini bişirmədik

- Bir dəfə Bakıya gedirdim. O xarabaya gələcəkdim, sənə dəyməyə. Bizi aparan maşın Salyanın körpüsündən keçəndən sonra türklərin ayran satdığı yer var ha... orda saxladı. Dedi, ayran içmək istəyənlər düşsün... O qədər ağladım ki... Axı sən hər gedib-gələndə maşını orada kölgədə saxlayıb, bizə ayran alırdın. Çox istəyirdin orda dayanmağı. Maşından düşmədim. Mənə də ayran gətirdilər: “Nənə, götür, iç, niyə ağlayırsan, - soruşdular. Demədim niyə ağladığımı. “Heç bala, ağlamıram”, - dedim, yaylığımın ucu ilə gözümün yaşını sildim. Ayranı aldım. Amma içmədim. Sən axı o xaraba yerdə idin, mən necə içə bilərdim sənin xoşladığını? Sən çıxana qədər xoşuna gələn yeməklərin heç birini bişirmədik.

Hər şeydən danışdı. Bilir axı sabah gedəcəm, nə qədər imkan varsa söhbət edir.

- Gedək mənimlə, bir neçə gün qalarsan...

- Qala bilmirəm axı, bala, bura yaxşıdı. Torpağın iyi gəlir, həyət-bacada başımı girləyirəm.

Birdən səhv etdiyini başa düşür:

- Yox, heç bir iş görmürəm. Gəlinlər, uşaqlar imkan verir ki, işləyəm? Təzyiqim də qoymur. Sinəmdə od qalayıblar elə bil. Beş addım qoyuram, yoruluram... elə oturanda da yoruluram. Yorulmuşam, bala.

Övladlar niyə ana qədrini bilmir?

Durub süfrəni yığışdırır. Yenidən çay süzür.

- Xoşqədəmin verilişinə baxıram. Deyirəm, bu övladlar niyə ana qədrini bilmir. Çay-çörək istəmir ki, sizdən; arada zəng edin, səsinizi eşitsin də yazıq analar..

Bilirəm ki, bu sözün bir ucu bizə, şəhərdə yaşayan balalarına aiddir.

- Mən balalarımdan xeyləm razıyam. Zəng edirlər, gəlirlər, xəbər tuturlar, pay-püş yollayırlar...

Səsində inciklik var:

- Mənə heç nə lazım deyil. Pensiyam bəsdi. Kənddəki qardaşlarının da əli üstümdədir. Dolanırıq. Nə olar, gəlib-gedəndə... Gərək elə kənddə hüzur düşə, gələsən? Bir dəfə də dur ayağa, de ki, gedirəm kəndə...

Xoruzun banı gəldi. Divardakı saata baxdı:

- Durum dəstəmaz alım. Namazın vaxtıdı. Heyim də qalmayıb.

Ayağa qalxır, sakit səslə:

- Çaydan vedrə ilə su daşıyırdım. Kürəyimdə də körpə uşaq. Palçıq tuturdum. O boyda evin kərpicini tək kəsirdim. İndi canımda hey qalmayıb, bala. Sən şəkərnən neynirsən? Gözümə sınıxmış dəydin, - deyib çölə çıxır. Bir vaxtlar yazdığım şeiri deyirəm, eşitmir:

Böyütdüyün oğuldan əsər qalmayıb, ana,
Bir quruca nəfəsdir, bir də ki quru əksim.
Nə mən yola gələnəm, nə də yol gəlir mənə,
Nə mən səs eşidənəm, nə sənə çatır səsim...
 
.

Sözün yaraşığı

Səbr dərmandı hər dərdə,
Bəzən görmür gözlülər də.
Məncə, nurdu desələr də,
Qaşdı gözün yaraşığı...

Sevilərsən, sözün balsa,
Xoş halına- izin qalsa.
Qarın doydurmur tək olsa,
Aşdı duzun yaraşığı...

Dünyadı- boşalar,dolar,
Arif gücün qəmdən alar.
Ürək sevsə, cavan qalar,
Yaşdı yüzün yaraşığı...

Gərək doğru danışa dil,
Yoxsa sözün olar səfil.
Rəhimli, çox öyrən, çox bil,
Başdı sözün yaraşığı..
**************

Götürün gedim


Heyif, duzsuz oldu, əlim, çörəyim.
Sən demə bircə bəxt imiş gərəyim.
Bəlkə, ağır gəldi sənə ürəyim?
Gedirəm, çıxar ver götürüm gedim.

Xəyanət suvardı alnımın təri,
Sən uzağa qaçdın, ha çəkdim bəri.
Qaytar sevgi dolu xatirələri,
Yolda oğurladım, itirim gedim.

Lalı da, çəkdiyim gətirər dilə,
Ümidim bənd oldu, gözdəki selə,
Sənə gəlməmişəm, sevinmə belə,
Gəldim xəyalını ötürüm, gedim.

Rəhimli, dərdindən bixəbər çoxu,
Qəlbinə tuşlandı namərdin oxu.
Bir ömür yaşadım, “Qorxulu yuxu”,
Danışım, tez yozun bitirim gedim
***       ******
Mən kiməm ?
Gah “unudulmuş”-am, gah da “didəyəm”,
Tufana çevrilmiş soyuq küləyəm.
Həm günah içində, hən səcdədəyəm,
Nə şeytanam, nə mələyəm, mən kiməm?

Gərək ummayaydım kimsədən mədət,
Daha sürünməyə qalmadı taqət,
Dəlilik özü də hünərdir, fəqət,
Nə dəliyəm, nə ağıllı, mən kiməm?

Ürəyimi min qovğaya salıram,
Bulud kimi boşalıram, doluram.
Çox da, hamı kimi nəfəs alıram,
Nə canlıyam, nə ölüyəm, mən kiməm?

Fələkdən üç-beş gün ömür almışam.
Deyəsən özümü “xərcə” salmışam.!
İki dünya arasında qalmışam,
Nə yerdəyəm, nə göydəyəm, mən kiməm?!

Bilirəm ki, insan Allah quludur,
Ağam Mehdi (ə), yolum, ƏÄli (ə)yoludur.
Dilim şükr, dualarla doludur,
Nə hafizəm, nə nadanam, mən kiməm?!

Eşq yolunda kor eylədim gözümü.
Sevənlərə miras qoydum sözümü,
Bu günəcən tanımıram özümü,
Nə zalımam, nə Rəhimli, mən kiməm?!

ASİYA.INFO.AZ
.
slama etiqad edən hər kəsin İrakdakı və Suriyadakı vəhşət fonunda keçirdiyi hislər yəqin ki, belədir. Onsuz da bəllidir ki, bu dövlətlərin arasında əsrlər boyu elə böyük ədavətin əsası qoyulub ki, hazırki siyasi hakimiyyətlər onu dəf edib bir araya bilməzlər. Lakin “İslam dövləti” qurmaq adı ilə bəşəri cinayətlər törədən və bütün müqəddəslikləri tapdalayan cihadçıların ilk növbədə, Allaha və onun peyğəmbərinə qarşı olduğunu nəzərə alıb, heç olmasa, siyasi-mənəvi mübarizəni ki, təşkil etmək mümkün idi.

Günlər öncə BBC kanalında Britaniyada yaşayan bir qrup gəncin İŞİD-lə informativ savaşına dair video-çarxı yayımlanırdı. Onlar bütün dindaşlarına çağırış edərək "Not in my name" deyə, hayqırır, pisliklərin mücəssiməsi olan bir terror təşkilatından adlarını, inanclarını ayırırdılar. Aksiyanı başlayan Hənif Kadir adi və imkansız sayılan bir humanitar təşkilata rəhbərlik edir. O, dövlət başçısı deyil. Heç üləma, alim, imam və hacı statusunu da daşımır. Yaxud, Səudiyyə Ərəbistanın kralı bin Abdullah kimi 70 milyard dollarlıq varidata sahiblik də etmir.

Lakin bütün bunlara baxmayaraq, minlərlə gənci hərəkətə gətirən səbəb birdir: qara bayrağı Tanrı adından qaldırıb baş kəsən, Allahu-əkbər sədaları altında minlərlə kişiyə, qadına, körpəyə rəhm tanımayanları lənətlənəmək, onları pisləmək və dindən xaric əməl sahibləri kimi mühakimə etməkdir.

"Sizin başçılarınız yalançı, məramınız saxta əməlləriniz küfr, xarakteriniz dözümsüz, mübarizəniz qəlbləri və ağılları paraçalayandır" söyləyən bu müqavimət hərəkatının üzvləri lidersiz, pərdəarxası oyunlarsız XXI əsrin vəbasına qarşı etiraz səslərini ucaldırlar. Ancaq Qərbi hər gün söyən, onları əsrlərin xaçpərəst yürüşlərini aparmaqda ittiham edən varlı ərəb şeyxləri. sultanları, yaxud əmirləri nədən İŞİD–i daş-qalaq etmir, nəinki iki dövlətin, eləcə də bütün dünyanın bətnində yaraya çevrilən virusun ölümünə çalışmırlar. Məgər müsəlman ölkələrinin heç bir siyasi avtoriteti yoxdur?

"Dünya 5-dən böyükdür"- bəyanatını BMT-nin tribunasından Təlükəsizlik Şurasının əsas üzvlərinin üzünə çırpan sayın Ərdoğan belə liderlərdən biri ola bilməzdimi? Doğrudan da xarizmasına görə çoxlu ölkə başçılarını nüfuz və təsir yarışında qabaqlayan Türkiyə prezidenti İslam Konfransı Təşkilatını bu ada bir araya gətirə bilməzdimi? Axı tarix onun üzərinə dünyəvi bir missiya qoyur. Xalqa son müraciətində bu vəzifə yüksək tonla səsləndiridiyi şüarların içərisindən zəif də olsa, eşidilir və Türkiyəni öz coğrafiyasından daha böyük məkanların ümid yeri adlandıran seçilmiş prezident sanki qardaş ölkəni əhatə edən böhranlara, insanlıq dramlarına seyrçi qalmayacağna dair mesajlar verir. Güman etmək olur ki, bu təkcə sərhədlərinə gəlib çatan terror təhlükəsinə, yaxud 1.5 milyon köçkünün humanitar fəlakətinə görə deyil, əksinə türk dövlət başçısı bundan daha çox hər cümə namazında ibadət etdiyi və yüksək minarələrdən səslənən azanı səsinə qarışan ölüm qatarının sürətindən dərin narahatlıq keçirir.

Bəli, Ərdoğan güclü bir şəxsiyyətdir. O, ötən 12 il ərzində Çörçilin Stalini xarakterizə edərkən dediyi "xışla qəbul edib, atom silahı ilə ölkəsini təhvil verdi" kəlamına bərabər bir səviyyədə böyük miqyaslı işlərin müəllifidir. Yeni Türkiyənin quruculuğu onun şəksiz və şəriksiz adı ilə bağlıdır. 240 milyard dollarlıq büdcəni 850 milyardlıq bir hala gətirən, 1.500 km-lik yol çəkilişini 17.000 km-lik bir zirvəyə qaldıran, sürət qatarı ilə qitələr birləşdirən, boğazlar altından Mərmərəni çəkən, Osmanlıya aid mədəni abidələrlə türk izini və varlığını dünyanın müxtəlif ölkələrində təzədən bərpa edən, müxtəlif açılım proqramları ilə daxili müharibələrin həllinə çalışan və nəhayət, bütün rəqiblərini tarixdə heç kimə müyəssər olmayacaq dərəcədə məğlub edən kişinin həqiqi statusu keçmiş imperatorlarla bir ölçüdədir. Lakin kim deyə bilər ki, hər gün ekranlardan evlərə yağan qan seli dayandırılmadan bir kimsə dünyəvi adlara, ödüllərə iddia edə bilər?!

İŞİD militanları qəbristanlıqların ziyarətini qadağan etdi. Bayram günlərində atəşkəs rejiminə dair əldə olunan razılaşma pozuldu. Bunlar gündəmi tutan informasiya manşetlərindən bir kiçik parçalardı. Daha sonra "boğazlarda qan gölü" xəbəri qaçan titrlərlə elə bir atmosfer yaradır ki, adam fərqinə vara bilmir-İstanbul terror qruplarının əlinə keçib? Sonra dəqiqləşir ki. sən demə hər il olduğu kimi kəsilən qurbanlıq heyvanların qanı kanalizasiya ilə dənizə axıdılarkən belə mənzərə yaranırmış. Lakin kadrların izi getmir, təsəvvürlər qarışır və sanki qallüsinasiya olunaraq hər kəsin düşünclərində sərhədlər itirir-harada nəyn başsız edildiyini kəsdirə bilmirsən! Nə fərqi var-Abdullah İbrahim adlı birisinin adını dəyişib qurmaq istədiyi Xilafətə görə insanlıq qurbanları,yoxsa min bir dualar içində kəsilən heyvanların başı.

O ibrahim adından və varlığından inandığı tək Tanrısına görə keçmədi. Bu İbrahim özünü xəlifə elan edib adını Əbubəkr əl Bağdadi qoyub.Gördüyünüz kimi, peyğəmbərdən sonrakı hakimiyyətin mirasına sahib olmaq üçün 7-ci əsrin rəhbərləinin adını mənimsəməkdən belə çəkinmir, özlərini Allahın yerdə elçisi kimi aparmaqdan qorxmurlar.

O İbrahim başqa inanc sahiblərinə qarşı cihad etmirdi. Bu İbrahim müsəlmanlardan başqa hamını Şeytan elan edib və bütün canlıların qənimi kəsilib.

O İbrahim oğlunu belə əqdiəsi yolunda Allahına qurban etməkdə tərəddüd keçirmədi. Bu İbrahimsə, Uca Yaradanın qıymadığı və yer üzümn əşərfi olan insanı hətta öz yolunda edam olunmağına qarşı çıxdığını unudaraq hər gün cəlladlıq edir, qədim dövrün ən ağlasığmaz barbar üsullarını yeni əsrə daşımalı yaxşı nə varsa, hamısını məhv edir.

İbrahim gerçək peyğəmbər idi və bəşəriyyətə böyük bir miras qoyub gedib. Bu İbrahimsə, hər gün tonlarla bombanın içindən yenidən zülmət saçır, cücərib çıxır və milyonlarla insanın həyatına gələcək təhlükənin simvoluna çevrilir. Kim zəmanət verə bilər ki, yeni xəlifənin və onun 20-30 minlik beynəlmiləl muzdlu ordusunun hər bir sıra nəfəri qılncdan keçiriləndən sonra bu dünyəvi bəla beyinlərdən tamam silinib gedəcək və bir daha geri qayıtmayacaq. Təbiət sübut edir ki, kəsilən budaqlar bəzən terror və cihadçılıq ağacının daha sürətlə boy verməsinə vəsilə olur.

Bəs həqiqi İbrahimi indiki saxtakar və qaniçən İbrahimin əlindən kim alacaq?

Yəqin, dərhal antiamerkanlar bir səslə bağıracaqlar ki,Qərb yüz illərdir ki,bu müharibəni özü təşkil edib ki,müsəlmanların təbii sərvətlərinə sahiblik etsin, dünya ağalığını həyata keçirsin. Məgər, bütün ilsamçı yaraqlıların ekstremizmə, fundamentalizmə, terror ideologiyasına tapınmağnın yeganə səbəbkarı Qərbdir? Elədirsə, bu on illər ərzində nədən çəkindirmə və balans naminə xristian terror qruplarını himayə edib Şərə qarşı Şərin gücündən istifadə olunmurdu? Yoxsa, bu dövlətlərin rəhbərləri də Qərblə həmişə sövələşmədə olublar? Elə isə gəlin bir az keçmişə qayıdaq.

1979-cu ildə Karterin təhlükəsilik müşaviri Bzejinski yeni doktrina irəli sürür və siyasi islamdan Sovetlər Bilriyiə qarşı istifaədənin gərəkliyinə dövlətinin eltasını inandıra bilir. Dönüş nöqtəsi də elə bundan başlanır və imperiyanın çöküşü üçün əsas silah tapılır.

O zamanlar Əfqanıstanda kommunist rejimini təmsil edən Məhəmməd Tərakiyə qarşı milyarder və antisovet hərəkatının lideri Üsəma-bin Ladeni qoyurlar. İnqilab görünməmiş bir şəkildə vüsət alır və terrorçuların hakimiyyətə gəlişi təhlükəsindən xilas olmaq üçün SSRİ qoşunlarını oraya yeritməli olur.

Misirdə Kaml Abdul Nəsirə qarşı “Müsəlman qardaşları”nı silahlandırılar.

İranda Ruhulla Xomeyninin “islam inqilabına” yardım göstərilir. Lakin bu dəfə ssenariyə qarşı olaraq yeni İran rəhbəri imperalizmin əleyhinə çıxır, Qərbin əbədi başağrısına çevrilir.

Amerika Səud hökuməti ilə alyansda on illər ərzində müxətilif dini cərəyanların maliyyə-təşkilati və hərbi təminatını ödəmək qəararına gəlir.Çünki Karterin dediyi kimi Körfəzdə neft uğrunda savaş aparan hər bir dövlət ABŞın təhükəsilik maraqlarına toxunmuş olur.

Sonrakı tarix sizə bəllidir. Sovet rejiminin çöküşü, Taliban liderinin 11 sentyabr cinayətləri və onun 2011-ci ildə məhv edilməsi, "ərəb baharı" fonunda Yaxın Şərq regionunu bürüyən qeyri-sabiltik,Bəşərə qarşı çıxan bütün cihadçı hərəkatların silahlandırılması,ən nəhayət,Səddamın rihundan pərvəriş taparaq xaos və anarxiya içərisində təcəlla edən İŞİD.

Tutaq ki, Ceyms Foulinin və Sotloffun başı kəsilmirdi,onda müsəlman ölkələri kimin araxasınca gedəcəkdilər? Barak Obama siyasi bəyanatlar verərkən, yaxud BMT məlum 2170 saylı qətnəmasini çıxararkən islami birliklər, yaxud dövlətlər nəyi gözləyirdlilər ki, İŞİD əleyhinə vahid bir ittifaqa girsinlər? Hər gün onların dilindən dünyanı yenidən bölüşdürmək istəyən qüvvələrin məkrli planları və qəsd niyyətləri əleyhinə zəhlətökən bəyanatları səslənir.

Amerika Fransada 50 ölkənin koalisiyasını təşkil edib dərhal da İŞİD in başına tonlarla bomba tökür. Bəs müsəlman ölkələri nə edir?Yəqin Liviydakı hadisələri xatırlayırsız. Səudlar görəndə ki, Tripolidəki vəhşət onların təhükəsizliyinə zərbədir, yalnz onda rəsmi Qahirə ilə birləşərək terrorçulara qarşı hərbi əməliyyata qoşuldular. İlk dəfəydi ki, iki sünnü ölkəsi üçüncü bir dövlətin içində çiyin-çiyinə hərəkət edirdlilər.

İndi təsəvvür edin ki, sayın Ərdoğan bütün İslam ölkələrinin terrora qarşı vahid Alyansinı yaratmaq çağırışı ilə çıxış edir, onda nələrin baş verəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil.

İranın Xarici İşlər naziri Cavad Zərif ölkəsinin Qərb hərbi-siyasi komandasından kənarda qalmasını və məlum birliyi “nədəmət koalsiya” kimi qiymətlndirib, təşkilati-maliyyə və silah cəhətindən təchiz etdikləri ekstremizmin indi özlərinə qarşı çevrilidiyini ittiham aktına çevirərək, Suriyada İnqilab keşikçilərinin 3000-lik qüvvəsi ilə Bəşər hökumətinin qorunması missiyasını yerinə yetirərək işini bitmiş sayır. Bu azmış kimi Türkiyənin məlum əskəri müdaxilə qanunu hələ Böyük Millət Məclisindən keçməmiş İran tərəfəindən xəbərdarlıq edilib ki, Suriyadakı hakimiyyyət dəyişikliyini planlşadıran qüvvələrln avantürasına türklər yardımçı olsalar, bu onlara baha başa gələcək.
.
Gir bostana bax, tağda var,
Həm dərədə, həm dağda var,
Həm solda var, həm sağda var,

Hər tərəfdə vardı xiyar,
İndi populyardı xiyar.

Yoğunda var, nəzik də var,
Çürük də var, əzik də var,
Müştəriylə dolub bazar,
İndi alır hamı xiyar,
Biz nə yesək tamı xiyar.

Qurtarmamış al xiyarı,
Yetişməmiş, kal xiyarı.
Bax, al orjinal xiyarı,
Çünki olur saxta xiyar,
Rezin xiyar, taxta xiyar.

Alma ətin xəstə quşun,
Yaxın qoyma yoluxmuşun.
Soxuşdurma soluxmuşun,
Çək bizimçün taraz xiyar,
Bir az kələm, bir az xiyar.

Bostandan bulub səni,
Mağazadan alıb səni,
Bankələrə salıb səni,
Eylədilər tutma xiyar,
Çıx bankədən yatma, xiyar.

İnsan girir dondan - dona,
Oxşayır xiyar da ona.
Şellənib dedim ki, Cona -
Çox tamlıdı bizim xiyar,
Güldü, dedi: “Özüm xiyar”.

Xiyar, xiyar yaman xiyar,
Tutdu bizə divan xiyar.
Arakelnən İvan xiyar,
Etdi girov, əsir bizi,
Qoydu ələm - yesir bizi.

Yatıb röyada qalmasaq,
Yata - yata qocalmasaq,
Əgər biz “xiyar” olmasaq,
Qovlayarıq Mkırtıçı,
Bizsə uzadmışıq saçı,
Lap olmuşuq gəlinbacı.

Bostan xiyar bostanıdı,
Bizim yerlər ünvanıdı.
Xiyarların dövranıdı,
Mən bu halda, kefdə xiyar,
Yeyir - içir müftə xiyar.

Vəd verdi gəlməmiş dayı,
Yəni seçilməmiş dayı.
Seçiləndən Məmiş dayı,
Bizlər üçün alır xiyar,
Azı beş il qalır xiyar.

Mənliyimiz çilik-çilik,
Qalmadı bizdə millilik.
“Biz hamımız bir zibilik,
Ağlayan, gülən də xiyar,
Sən də xiyar, mən də xiyar”.
*************************************

Hər işi tərs avanddı bizim bu dövranımızın
Tarazdı hər bir işi tək bizim ünvanımızın.

Yarıçılpaq müğənni xalqımın artisti olub
Fəxridir ay maşallah Azərbaycanımızın.

Baxıb ibrət götürək biz qızabənzər gədiyə
Bizlərdə əskik olmur “ulduz”u ekranımızın.

Avazı yoxdusa da, zor göbək oynadmağı var
SMS-nən səsi varmış demə ceyranımızın.

Bu qızın böylə göbək yapmağının var səbəbi
Dedilər döşnə yatıb şarkısı Tarkanımızın.

Səni məst eyləməsin İbrəhimin tatlı sesi
Səsi bir möcüzədir Alimin həm Xanımızın.

Bizim imic belədir şalvarı pərçim geyinək
Göstərək biz busayaq cizgilərin yanımızın.

Əsrimiz tazə əsrdir deyə lüt gəzməlisən
Atası böylə düşünmüş demə üryanımızın.

Gah donuzlar tutulur,gah da xoruzlar qripə
Təzə bir dərdi çıxıbdır bu çürük canımızın.

Meşiyə seçkidə səsnən təzə icra seçilib
Necəsə lap gur olubdur səsi dovşanımızın.

Vəzifə sən demə lap dovşanı cürətli edir
Nə yaman kəsdi dilin xod gedən aslanımızın.

”Mehriban” qonşumuzdu torpağı pay verdik ona
Orada torpağı yoxmuş demə Vartanımızın.

Qanında qeyrət olanlar vətən eşqilə yaşar
Yenə ümmid eliyək var sonu hicranımızın.

Allah olsun bizə yar hakim olaq nəfsimizə
Allah etsin bizi,şair,qulu vicdanımızın.

Bir kilo atdı mənə verdi beş kilo yerinə
Bazarı böylə bazarmış,dədə,Şirvanımızın.

Zəmanə böylədi,Yusif,de görüm neyniyəsən?
Salma dəbdən xiyarın get,bala,bostanımızın.

Xəbər lenti