Bunu Xalq artisti, sevilən muğam ifaçısı Könül Xasıyeva ATV “10-dan sonra” verilişində səhhəti ilə bağlı yayılan məsələlərə münasibət bildirərkən deyib.

O, mətbuata, xüsusi olaraq sayt rəhbərlərinə səslənib:

“İşim oxumaq olub, ədəbi dildə danışa bilmirəm. Haqqımda gedən yazılara son versinlər. Yaşlı atam-anam var. Yazıblar ki, guya mən dəri xərçəngindən əziyyət çəkirəm. Bunu ata-anama deyiblər. Anam şəkər xəstəsidir, təzyiq var, atamın da ürəyində problem var, belə yazılar yazmayın. Anam çox çətin anlar yaşayıb, atam da onun kimi. Söz elə belə şey deyil. Mənim səhhətimdə müəyyən problemlərim var, yoxdu deyə bilmərəm.”

Könül Xasıyeva qeyd edib ki, övladı 6 il xəstəlikdən əziyyət çəkib: “Kazım xəstəydi, ömrümün 6 ilini ona həsr etdim. Heç kimə demədim, heç kimə bildirmədim. Yükün altına özüm girdim, 9 yaşı var. Ümumi narahatlığı vardı. Son iki ildə vəziyyəti kritik hala düşdü, hər şeyi onun yolunda qurban elədim. Evimi, maşınımı satdım. Əvəzində balamı ikinci dəfə qazandım. Həyatda hər şeyi qazanmaq olur, amma övladı heç nəylə əvəz etmək olmur.”

Sənətkarın başı övladının müalicəsinə qatışdığından öz səhhəti yadından çıxıb: “İki il müalicəyə getmədim. Buna görə səhhətimdə problemlər yarandı. Stressin artıq ikinci dalğası vurub. Dilimə gətirmək istəmirəm. Valideyin hər dəqiqə övladının itirmək qorxusu ilə yaşayır. Eləcə də, övlad. Sizdən xahiş edirəm, diqqətli olun. Əgər səhnəyə dönsəm, yaşasam, Allah ömür versə, yenə də qaldığım yerdən davam edəcəm. Qismət deyilən şey var. Başqa nələrsə baş verərsə, yazılarınızda diqqətli olsunlar.”

Könül Xasiyeva sonuncu dəfə danışdığını vurğulayıb: “Birinci və sonucu dəfə danışıram, gücüm yoxdur. Səsimi duyacaqlar. Həssas olsunlar. Müəyyən problemlərimi Prezidentə və nazirlərə göndərmişəm. Hələ bir nəticə yoxdur. Ümid edirəm ki, nəticə olacaq.”

 aznews.az

Bahar RÜSTƏMLİ