.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Şəkidə ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında artıq bir neçə dəfə iştirak edib. Kollektivimiz ona görə xoşbəxtdir ki, 10 il əvvəl keçirilən ilk festivalda olduğu kimi, builki onuncu yubiley festivalının açılışında da çıxış etmək bizə nəsib olub.

On il əvvəl olduğu kimi, biz yubiley festivalında da tamaşaçılara iki böyük dühanın – Füzuli və Üzeyir Hacıbəylinin yaratdıqları “Leyli və Məcnun” operasını təqdim etdik. Festivalın açılışında bu əsərin oynanılmasının çox böyük rəmzi mənası var. Çünki festivala dünyanın hər yerindən insanlar, tanınmış musiqiçilər, incəsənət adamları gəlir. Açılış mərasimlərində tamaşaçılara ən məşhur sənət əsərləri təqdim olunur. “Leyli və Məcnun” operası da məhz belə əsərlərdəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Baş rejissor bildirib ki, teatrsevərlər əvvəlki festivallarda Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını, “Əsli və Kərəm” muğam operasını, Müslüm Maqomayevin “Şah İsmayıl” operasını, Qara Qarayevin “Yeddi gözəl” baletini izləmək imkanı əldə ediblər. “İndiyə qədər bu tamaşalar istər Azərbaycanda, istərsə də xaricdə yalnız teatrların səhnələrində göstərilib. Lakin Şəki festivalının bir özəlliyi də ondadır ki, bu tamaşalar qədim memarlıq abidələrinin, “Yuxarı Karvansaray” kompleksinin həyətində açıq havada, təbii dekorlarla tamaşaçılara təqdim olunur”,- deyə Hafiz Quliyev bildirib.

Xəbər lenti