.


Vətən adını qəlbinə yazanların söhbəti        


Ehtiyatda olan baş leytenant Nəbi Yunis oğlu Abbasov doğma dədə-baba ocağımız olan Qərbi Azərbaycan torpağının yetirməsidir. 1953-cü il iyun ayının 4-də Göycə mahalında doğulub ərsəyə gəlmişdir. Vətəncanlı bir igiddir. Sovet əyyamında zabit olmaq istəsə də özündən asılı olmayan müəyyən səbəblər üzündən Gürcüstanda gizir məktəbini bitirmiş və sovet qoşunları tərkibində bütün soydaşlarımız kimi namuslu xidmət göstərərək zəngin hərbi təcrübə qazanmışdır. Öz doğma ordumuzda nizami hissə rəisi vəzifəsindən başlayaraq avtomobil xidmət rəisi, silahlandırma üzrə komandir müavini kimi məsul vəzifələri layiqincə yerinə yetirmişdir. Necə dana bilərik: orta və yaşlı nəslimiz canlı şahiddir ki, o dövrü yaxşı yaşamışıq və öz ömrünü hərbi həyata bağlayanlar həmişə güclü iradi və yüksək peşə keyfiyyətləri ilə fərqlənmişlər. Nəbi Abbasov da onlardan biri olmuşdur. İndi hərbi pensiyaçı kimi bəzən narahat, bəzən də dinc ömür sürməkdədir. Ona görə ki, ulu və doğma Qarabağımızın işğal dərdi bir müharibə veteranı kimi onu çox kədərləndirir. ASİYA.İNFO-nun BU GÜNKİ MÜSAHİBİ DƏ MƏHZ  Vətən adını qəlbinə ŞƏRƏFLƏ yazan  Nəbi Abbasovdur.

- Müharibə veteranı ilə söhbət daim maraq doğurur. Haçan ehtiyata buraxılmısınız? Bilirəm ki, döyüşçülük həvəsi, hərbçi təəssübkeşliyi də heç vaxt itən deyil...

- 1997-ci ildən müqəddəs ordu həyatından ayrılmağıma baxmayaraq həmişə özümü vətən üçün hazır döyüşçü sanıram. Ümumən desək, az xidmət etməmişəm. Təqvim üzrə 25 il hərbi xidmət ömrü yaşamışam. Bu, az müddət deyil. Onun cəmi-cümlətanı 5 ilini Azərbaycan Ordusunda keçirmiş və xalqımız qarşısında başımı uca tutmaq üçün əlimdən gələni əsirgəməmişəm. Təəssüf ki, pensiya dövrümdə çətin ürək xəstəliyinə tutulmuşam. Həkimlərin məsləhət və tövsiyələrinə ciddi surətdə əməl edirəm ki, lazım gələndə ölkəmizin müdafiəsi üçün kömək əlimi uzada bilim. Əlbəttə, bu taleyin hökmü ilə bağlı bir məsələdir. Əminəm ki, ümidsiz qalmaram. Kimsə şəkk-şübhə etməsin, biz döyüşçülərin ürəyi məğlub ürək deyil. Qardaş, ürəyi silahla susdurmaq olar, amma sevgi və könül qüdrəti sönməyən ürəyin məğlubiyyəti baş verə bilməz. Ona görə belə arxayın danışıram ki, indi güclü orduya sahib olmuşuq. İnşallah, yaxın gələcəkdə erməni işğalçıları üzərində qəti qələbə çalacaq və düşməndən tutarlı intiqam alacağıq.

- Barı ailədə peşə baxımından yolunuzu davam etdirən varmı?

- İstəsəm də, ailəmdə mənim yolumu davam etdirməyə şans yaranmadı. Bir oğlum var, adı Samirdir.  Tale elə gətirdi ki, o, hərbçiliyi özünə həyat yolu seçə bilmədi. Lakin mənim kimi vətən ruhunu daim uca saxlayan bir oğuldur. Əsgərliyi atəşkəs dövrünə  düşsə də, ön atəş xəttində xidmət göstərdi və öz mənəvi borcunu layiqincə yerinə yetirdi.

İnkişaf hər bir hərbçinin vacib xidmət şərtlərindən biridir. Bu barədə nə deyə bilərsiniz?   

-  Doğrudan da, hansı peşə sahibi olsan da, insan şəxsi həyatında əsl rahatlığı zəhmət hesabına qazanır. Kimsə kifayət qədər tər tökmədən, min bir əziyyətə qatlaşmadan nəyəsə nail olursa, ya qazandıqlarını tez itirəcək, ya da qədrini bilməyəcək. Mən sovet vaxtı zabit ola bilmədim, lakin dövlətimiz öz müstəqilliyini qazandıqdan sonra mən də zabit adını qazanmaq fürsəti əldə etdim. Bunun çox təbii axarla yaranmış bir tarixi var. Məlum məsələdir ki, sovet dövründə qeyri-rusların zabit olmaq arzusunun reallaşdırılması üçün süni yollarla maneələr yaradırdılar. Mən də bizə qarşı düşmən kəsilən qüvvələrin yaratdıqları həmin  maneələrin qarşısında dayanmalı oldum, lakin gizir olmaq şansımı əlimdən ala bilmədilər. Azərbaycan Ordusunda xidmətə başlayanda 703 saylı hərbi hissənin tərkibində təmir-bərpa taborunun nizami hissə rəisi vəzifəsini icra edirdim. Bu, zabit vəzifəsi idi. Mən isə baş gizir rütbəsində xidmət edirdim. Sözün düzü, həmin dövrdə o qədər problemlərimiz vardı ki, rütbə deyilən bir məsələ bizi az narahat edirdi. Öz vəzifəmdən irəli gələn tapşırıqların icrası ilə yanaşı xeyli iş görürdüm. Sovet ordusunda qazandığım təcrübə, lazımi bilgilərim məni əlacsız qoymurdu. Problemlərin bir qisminə öz gücüm hesabına həll yolu tapırdım. Çünki peşəkar hərbçilərimiz çatmırdı. Əsgərlərimiz də lazımi hərbi təlim-tərbiyə prosesindən keçmədən düşmən qabağına çıxarılırdı.

Sizcə, düşmən bizdən güclü idi?!

-  Qətiyyən yox! Döyüşçülərə yaxşı bəllidir ki, düşmən tərəfi də bizim günümüzdə idi. Fərq yalnız ondan ibarət idi ki, onlar arxalı bir qüvvə kimi üstümüzə gəlirdilər. Bu gerçəkliyi biz yaxşı bilirdik. Yaxşı anlayırdıq ki, beynəlxalq kürsülərdə  yerli-yersiz bağıran və halal torpağımıza göz dikən haramzada dığalara arxadan güc verən özgələrdir.

Bəlkə, ötən döyüşlərdən bir ibrətli xatirə söyləyəsiniz...

-  Nə isə... döyüşçü həyatımından bir xatirə söyləmək istəyirəm. Yaddaşım çox zəifləyib. Həmin gün dəqiq yadımda deyil, təxminən qarlı-çovğunlu vaxt idi. Briqadamızın qərargahı Ağdərənin mərkəzində yerləşirdi. Bir qayda olaraq, hər axşam münasib dəqiqələrdə komandirimiz Nəcməddin Sadıkovun rəhbərliyi altında müşavirə keçirirdik. Həqiqətən ağır günlər yaşayırdıq. Təminat zəif olduğuna görə hərbi əməliyyatlarımız problemsiz başa çatmırdı. Bir gün taborumuz adından mən çıxış etməli oldum. Hərbi ədəb-ərkanla ayağa duraraq qarmonsayağı formada kağızdan hazırladığım döyüşçü heyəti barədə məlumatı oxumağa başlayanda komandirimiz Nəcməddin Sadıkov məni məmnunluq hissi ilə dinlədi. Axırda dəqiq və peşəkar bir səviyyədə məlumatları açıqladığıma görə öz razılığını bildirməklə yanaşı mənə “təşəkkür“ elan etdi. O dedi ki, “baxın adi bir baş gizirdir, döyüşçü heyəti barədə məlumatı necə səliqəli bir şəkildə hazırlayıb. Üstəlik taboru narahat edən məsələlər  və onların çıxış yolları barədə peşəkar bir izahat verdi, hamınız ondan nümunə götürün, heç kim öz məruzəsini başdansovdu bir şəkildə həyata keçirməsin.” Yeri gəlmişkən onu da vurğulayım ki, həmişə çıxışımımı Azərbaycan dilində başlasam da, özümdən asılı olmayaraq sözümü rusca tamamlayırdım. Bu vəziyyət ordumuzun bütün hərbi hissələrində hökm sürürdü. Əlbəttə, xidmət prosesində rusca danışıq qeyri-ixtiyari bir halda baş verirdi. Çünki peşəkar hərbçilər rus dilində təhsil aldıqlarına görə öz fikrini açıqlayanda hərbi terminlərin ana dilmizdə qarşılığını tapa bilmirdilər. Komandirimiz Nəcməddin Sadıkov həm rus dilində, həm də ana dilimizdə bizi yaxşı dinləyir və dəyərli göstərişlər verirdi. Onun düşünülmüş taktiki priyomları, yüksək zabitlik səviyyəsi və dərin hərbi biliyi hərbi əməliyyatların icrasında çox karımıza gəlir və az itki verirdik. Qərəz, müşavirənin axırında təcrübəli çıxışımı və zabit vəzifəsində əldə etdiyim nəticələri nəzərə alaraq komandirimiz mənə ilk zabit rütbəsinin verilməsi üçün təqdimatın hazırlanması barədə göstəriş verdi. Zabit rütbəsini qısa vaxt ərzində aldım, lakin sonralar səhhətim yol vermədi ki, daha yüksək rütbə və vəzifələrə nail olum. Hər halda ulu vətənimiz qarşısında öz müqəddəs borcumu namus və vicdanla başa vura bildim.

Maşallah, zəngin təcrübə sahibisiniz. Sizcə, keşməkeşli ordu həyatında zabit kimi xidmətin üstünlükləri nədən ibarətdir?

         - Mən belə başa düşürəm ki, ümumi mənada hərbçilər öz rütbəsinə görə bir-birindən fərqlənsələr də, onların mənəvi aləmi oxşar bir aləmdir. Hamı təmsil etdiyi ölkəsini, doğma xalqını qoruyur. O da məlum məsələdir ki, tutduğun zabit vəzifəsi pillə-pillə artdıqca səlahiyyət hüdudları genişlənir, cavabdehlik hissi güclənir. Mən bu dəyərləri savaş meydanında yaşayaraq çox sınaqlardan çıxmışam. Dağlıq Qarabağımızın ötən döyüş tarixindən bizə yaxşı bəllidir ki, Azərbaycan Ordusunun hücumu nəticəsində 1992-ci ilin yayında təxminən  üç həftə ərzində Ağdərə rayonu  erməni dığalarından azad edilmişdi. Bu uğurlu hərbi əməliyyatlarda mənim də əməyim az olmamışdı. Ağdərə şəhəri ətrafında olan kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər aparılan zaman üzərimə düşən vəzifə və tapşırıqları mərdanə yerinə yetirmişəm. 16 iyun 1992-ci ildə uğurlu Ağdərə əməliyyatı həm Tərtər, həm Ağdam, həm də Kəlbəcər istiqamətlərindən düşmənə döyüş aviasiyası ilə yanaşı  uzaqvuran və reaktiv artilleriyanın sarsıdıcı zərbələri ilə  başlanmışdı. Çox möhtəşəm döyüşlər apardıq. Əməliyyata ümumi rəhbərliyi korpus komandiri  Surət Hüseynov, bilavasitə rəhbərliyi  Tərtər (əsas) istiqamətində  Nəcməddin Sadıkovun rəhbərliyi altında bizim briqada, o cümlədən Ağdam istiqamətində 708 saylı briqada komandiri Elxan Orucov, Kəlbəcər istiqamətində 701 saylı briqada komandiri Zadir Rzayev həyata keçirmişdilər.

          - O zaman Siz konkret olaraq hansı vəzifəni icra edirdiniz?

          -Həmin döyüşlərdə nə gecəmiz, nə də gündüzümüz bilinirdi. Yuxuya həsrət idik. Mən bəzən qolumu çırmalayaraq sıradan çıxmış döyüş texnikalarının, hərbi avtomobillərin təmirinə girişir, əsgərlərin icra edə bilmədikləri işləri birgə yerinə yetirirdik. Gizirlər Tofik Tağıyev, Mübariz Zeynalov, Mikayıl Həmidov, o cümlədən sevimli əsgərim, igid göygöllü Möylə öz fədakar əməlləri ilə taborumuzun adını uca tutur və daxili imkanlar hesabına təmir işlərində yersiz fasilələrin yaranmasına yol vermirdilər. Ağdərənin azad edilməsi zamanı mən elə zənn edirdim ki, Dağlıq Qarabağ savaşı tezliklə qurtaracaq. Amma çox heyf!... Bax, belə yerdə deyirlər: sən saydığını say, gör fələk nə sayır. Təəssüf ki, 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verdi. Qarabağ cəbhəsində döyüşən ordu birləşmələrindən birinə rəhbərlik edən qiyamçı polkovnik Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı üsyan edərək Bakıya doğru hücuma keçdi. Onun rəhbərlik etdiyi ordu bölmələri Ağdərə istiqamətində öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldu. Bu daxili qarşıdurma xain düşmənimizə hücum fürsəti verdi. Erməni ordusu Ağdərə şəhərini və ətraf kəndləri yenidən işğal altına alındı. 

20 il sovet, 5 il isə doğma ordumuzda çalışmısınız. Konkret rəy verməyə əsas var. Hansı xidməti üstün sayırsınız?...

-  Əlbəttə, öz ordumuzda keçirdiyim xidmət daha qürurvericidir. Sonralar bizə xəyanət etmiş 366-cı alayın sırasında 9 il hərbçi ömrü yaşamışam. Sanki ermənipərəst qüvvələr  və onlarla əlbir olan daşnak liderləri o vaxtdan öz mənfur niyyətli  planlarını xəlvətcə həyata keçirir və gələcəkdə Dağlıq Qarabağla bağlı işğalçı arzularına maneə ola biləcək halları qabaqcadan götür-qoy edirdilər. Həmin xəyanətkar alay Gəncə şəhərində yerləşirdi. Qəfil ştat islahatı keçirərək biz azərbaycanlı hərbçiləri alayın sırasından çıxartdılar. Bu dəyişikliyin heç bir obyektiv səbəbi yox idi. Məəttəl qalmışdıq: niyə və nə üçün bizi öz ev-eşiyimizdən uzaq saldılar?! O gizli prosesin nəticələrini, ehtimal ki, qarnı qurdlu daşnak ermənilər bir-bir  izləyir və gizli yollarla bizə tələ qururdular. Hadisələr elə cərəyan etdi ki, mən Çexoslovakiya ərazisində yerləşən sovet qoşunlarının tərkibində xidmət etməyə göndərildim. Amma məqsədli şəkildə erməni hərbçilər saxlanıldı və planlı şəkildə Xankəndinə göndərildi. Çox çəkmədi ki, dünyada tayı-bərabəri olmayan soyqırım hadisəsi törətdildi. Yəni Xocalı faciəsi şovinist və murdar ermənilər tərəfindən planlı şəkildə hazırlanmışdı...

Hələ vətən savaşımız bitməyib. Formal olsa da, səngərlərimizdə atəşkəs rejimi içində  kədərli bir tarix yaşanmaqdadır. Sülh söhbəti çox uzanır. O da gerçək faktdır ki, siyasi bəlalar içində zəlil qalan düşmən bizdən çox qorxur. Ötən Dağlıq Qarabağ savaşında erməni işğalçılarına vurduğumuz tutarlı zərbələr, uğurlu hərbi əməliyyatlar onların yaddaşındadır. Bu həqiqətləri düşmən özü də etiraf edir. Lakin ümumi nəticələr əsasında məruz qaldığımız uğursuzluğun səbəbləri bəzən obyektiv qiymətləndirilmir. İçimizdə günahkar axtarırıq. Bir keçmiş döyüşçü kimi siz nə deyə bilərsiniz?

         -Qarabağ savaşı müstəqil həyatımızda bizim milli ordu quruculuğumuzun ilkin tarixidir. Həqiqətən ağır tarixdir. Kimə asan gələ bilər?! Həm ordu qurursan, həm də arxalı bir düşmənə qarşı döyüş aparırsan. Məsul və yüksək cavabdehlik daşıyan bu iki işi eyni zamanda yerinə yetirmək güclü hünər, lazımi imkanlar tələb edir. Bütün gücümüzü mərdanə bir surətdə ortaya qoyaraq biz bu hünəri göstərə bildik, amma nə edəsən, səhvlərimiz də oldu.  Əfsus ki, bizləri bir-birimizə qarşı qoymaq hiyləsi baş tutdu. Qarı düşmənin əli ilə aramızda  ədavət toxumu əkə bildilər. Baş verən daxili siyasi qarşıdurma halları səngərə də öz mənfi təsirini göstərdi. Hamıya yaxşı bəllidir ki, gənc müstəqil dövlətimiz özünü ayaq üstündə zorla saxlayırdı. Bəzən təcrübəsizlikdən buraxılan siyasi səhvlər ağılsız bir idarəetmə mühiti yaratmışdı. Ölkəmizin müdafiəsi ilə bağlı bütün işlərimiz təhlükə içərisində davam edirdi. Əslində düşmən də bizimlə eyni tarixi günləri, müstəqillik azarının müşkül və sarsıdıcı məqamlarını yaşayırdı. Lakin fərq onda idi ki, ikiüzlü və yaltaq düşmənimiz arxalı hərəkət edirdi. Onlar arxalı olaraq işğalçılıq niyyətinə müvəqqəti şəkildə çata bilsələr də, bu gün özlərini müstəqil apara bilmirlər. Bu məsələ bütün dünyaya agahdır. Biz isə öz gücümüzə güvənərək səngərdə yurd eşqli mərd oğullarımızın rəşadətli əməlləri hesabına  hərbi üstünlüyə nail ola bilsək də, siyasi meydanda səngiməyən mübarizə fəsadları, bəzi siyasi qüvvələrin, ayrı-ayrı qeyri-qanuni silahlı dəstələrin öz dövlətçiliyimizə qarşı xəyanətkar əməlləri bizi çox bezikdirdi, acı məğlubiyyətli səngər halları ilə üz-üzə qaldıq.

          - Bu gün savaş tariximiz barədə bəzən qeyri-obyektiv fikirlər də eşidirik. Bəzən içimizdə kimlərisə təqsirkar sanırıq...

          - Bu gün keçmiş döyüşçü kimi içimizdə günahkar axtarmağı ayıblı əməl hesab edirəm. İndi ordumuzun sürətli inkişaf mühitində məğlubiyyət səbəblərini açıb-bükmək yalnız düşmən qüvvələrinə xeyir gətirə bilər. Onlar müxtəlif yollarla bizə mənəvi zərbə vurmağa cəhd edir, sülh danışıqlarını siyasi boşboğazlıq hesabına uzadır və işğal müddətinin artması marağı ilə hər cür namərd əqidəli siyasi məhsəb dairələrinə qulluq edirlər. Daha kənar köməklərin fasiləsiz gücü sayəsində onların irəli getmək zamanəsi ötüb keçmişdir. İndi biz əsl güc sahibiyik. Müqəddəs və qürurlu döyüşçü həyatımda hesab etdiyim bütün titullardan ən qibtə ediləni vətəni canından çox istəyən və ana vətən naminə özünü qurban verən Azərbaycan əsgəridir. O, çox sarsılmaz iradəyə və kifayət qədər comərdlik keyfiyyətlərinə malik olan bir qüvvədir. Biz içimizdə günah axtarmaqdan çox nikbin olmağa can atmalıyıq. Necə deyərlər, nikbin insan yalnız yaranın qabığını görür, bədbinlik girdabına düşənlər isə qabığın altında sağalmağa doğru gedən yaraya göz dikirlər. Pis niyyətlilər də o qabığı qaşıyaraq yenidən qan axıtmağa can atırlar. Bu, bizlərə yaraşan iş deyil... 

 

Müsahibəni qələmə aldı:

İbrahim MƏSİMOĞLU,

müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Xəbər lenti