.


Müharibə əlili, ehtiyatda olan polkovnik-leytenant İntiqam Bahəddin oğlu Mirzəyev ömrünün 56-cı baharını qarşılamaqdadır. Peşəkar hərbçidir. Lvov Ali Hərbi Siyasi Məktəbini bitirib. İlk xidmət yeri Qazaxıstanın Ayaquz qarnizonunda olub. Sonra Almaniyada sovet qoşunları tərkibində nümunəvi xidmət göstərib. Bir neçə ildən sonra Zaqafqaziya Hərbi Dairəsində qarnizonlardan birinə təyinat alıb. Doğma ordumuzda ilk addımı “Xalq Ordusu” redaksiyasında atıb. Həmin ağır illərdə tale elə gətirdi ki, İntiqam öz ruhuna uyğun bir vəzifəyə - döyüşkən briqada komandirinin müavini vəzifəsinə təyin edildi. Hərbi əməliyyatlarda çox savadlı, fədakar və cəsur təbiətli bir zabit kimi daim öncüllük edib. Mahiyyət etibarı ilə tutduğu vəzifələr hərbi tərbiyəçi funksiyası ilə bağlı olsa da, onu ordu daxilində “döyüşən komissar” deyə çağırırdılar. İntiqam ana yurdumuzu sevən və sevdirən bir mərd oğuldur.

                                               

- Bu gün ikimiz də müharibə veteranı kimi öz adi, lakin ibrətli ömrümüzü  yaşayırıq. Bu söhbətimiz ictimai tələbatdan doğan bir zərurətdir. Mən bir hərbi jurnalist kimi günümüzün aktual mətləblərini önə çəkmək istəyirəm, sizin isə üzərinizə 1-ci qrup müharibə əlili və müqəddəs qazi kimi toxunduğumuz mövzuya işıq salmaq məsuliyyəti düşür. Döyüş komandirim olduğunuza görə tam arxayınam. Bilirəm ki, İntiqam adlı səngər qardaşım heç vaxt öz yurddaş hikmətini, hərbçi müdrikliyini itirməyib. O yaxşı bilir ki, ordu ilə bağlı bir qapalı mövzuda hər şey barəsində danışmaq olar, amma hər cür danışmaq olmaz.
- Mühakimələrin ürəyimdən xəbər verir. Sən deyən mətləblər mənə aydındır. Öncə demək istəyirəm ki, mən ümidsiz yaşamağı sevmirəm. Nikbinlik insana qələbə şansı bəxş edir, daxili ruhumuza yeni bir güc verir. Gəl söhbətimizi elə quraq ki, əldə edilən qənaətimiz izləyicilərə nəsə versin. Buna əminəm. Çünki biz ana vətən, müqəddəs ordu söhbəti aparırıq. Düşmən üzərində qəti qələbə ilə bağlı ümidimiz heç vaxt üzülən deyil. Yaxşı başa düşürüq ki, hər qışın ürəyində titrəyən bir bahar, hər gecənin arxasında isə təbəssüm var.
- Komandir, 20 ildir ki, ehtiyata çıxmısınız. Düçar olduğunuz xəstəlikdən danışmağa dəyməz. Bu da müqəddəs qaziliyin acı bir qismətidir. Allah yar və yardımçınız olsun. Bu gün ordumuzu necə görürsünüz?
- Mən ordumuzun bünövrəsini qoyan hərbçilərdən biri olmuşam. Bəxtimiz onda gətirmədi ki, o zamankı siyasi hakimiyyətimiz səriştəsiz və səbatsız siyasətbazlardan ibarət idi. Meydan qəhrəmanlarımızın çoxu xalqın mənafeyini öz şəxsi ambisiyalarına qurban verirdilər. Daxili ziddiyyətli münasibətlər çox qarışıq bir şərait yaratmışdı. Yeni yaranan ordu sərt siyasi burulğanın içərisində necə ayaq aça bilərdi?! Vahid komandanlığın yoxluğu ucbatından biz hərbçilər çox bəlalara düçar olduq. Torpağımız hissə-hissə işğal olundu. Körpə ordumuz bələkdə ikən siyasiləşdirilmişdi. Xocalı faciəsini yaşadıq. Üstəlik xarici qüvvələrin təsiri altında etnik parçalanma cəhdləri edildi. Babalarımız yaxşı deyiblər: yoldan çıxmağın min yolu, həqiqətin isə bir yolu var. Həmin təzadlı dövrdə həqiqətin yolunu bizə xalqımızın böyük siyasi xadimi Heydər Əliyevin nurlu zəkası açdı. Beləliklə ordumuzun qüdrətli inkişafına təkan verildi. Düşmən gördü ki, nə qədər arxalı olsa da, daha istədiyinə asan nail ola bilmir. Odur ki, böyük güclərin hökmlü təhriki ilə atəşkəsin elan edilməsinə yer verildi. İndi ordumuz hərtərəfli inkişaf etmiş və məğlubedilməz bir hərbi qüvvədir. 2016-cı il aprel döyüşləri qüdrətli ordumuzun real təsdiqi kimi təkcə basılmaz Ohanyan istehkamı ilə ağız yırtan Ermənistanı deyil, bütün xristian dünyasına daraşan ermənipərəst qüvvələri susdurdu.
- İnkar etsəm də, ictimai mühitdə arabir səsləndirilən bir sualı verməyə məcburam. Bu məsələ örtülü qala bilməz. Qarabağ savaşı ilə bağı ötən işğal faktlarını öz içimizdə kiminsə adına bağlamaq olarmı?
- Vurğuladığınız işğal faktlarına hərə öz məqsədinə uyğun bir məna verir. Təbii ki, bu diskussiyaları yaradanlar siyasi qüvvələrdir. Yaxşı ki, xalqımız onlara inanmır. Mən Kəlbəcərin işğalı ilə bağlı həqiqətlərə işıq salmaq istəyirəm. Çünki 701 saylı motoatıcı briqadanın ilk ictimai-siyasi işlər üzrə komandir müavini kimi hər şey mənə yaxşı agahdır. Bu məsələdə ordumuzu  günahlandırmaq olmaz. Çünki maddi-texniki bazası zəif olan briqadamız düşmənə elə cavab verirdi ki, fasiləsiz silah və sursatla təmin edilən arxalı dığalar bizim sönməz cəsarətimizə və hünərimizə məəttəl qalmışdılar. Düşmən tərəf sosial şəbəkədə bu həqiqətləri indi açıq etiraf edirlər. Tarixin gedişində yəqin etdik ki, o zaman siyasi rəhbərliyimiz kifayət qədər yetkin deyildi. Mən o ağır günlərdə Kəlbəcərin mühasirə ehtimalını nəzərə alaraq Müdafiə naziri Dadaş Rzayevin qəbulunda 3 dəfə olmuşam. Real vəziyyəti dərindən-dərinə açıqlasam da, hər dəfə ön xəttə ümidsiz qayıtmışam. Həqiqətən ordu rəhbərliyini də eşidən az tapılırdı. Ehtiyat qüvvə yox, silah-sursat tam tələbatı ödəmir, nasaz texnikaya əlac etməyə şərait yox, arabir briqadamıza təhvil verilən əsgərlər də birbaşa küçələrdən tutulub gətirilir. Təlim barədə düşünməyə imkan da yox. Belə halda ordu nə edə bilərdi?! Yalnız müstəsna fədakarlıq. O misilsiz fədakarlığı da biz mərdanə bir surətdə edə bildik. Dövlətimiz isə topladığımız real kəşfiyyat məlumatlarına məhəl qoymayaraq öz tərs mövqeyində qalmışdı, deyirdilər ki, Kəlbəcəri düşmən özünə hədəf götürməz, çünki bu rayon Dağlıq Qarabağın ərazisinə daxil deyil. O tərs mövqenin aqibəti olaraq Kəlbəcəri itirdik. İndi isə siyasi mübarizə taktikasında qarayaxma hərəkəti bir adətə çevrilib. Kim öz rəqibini tənqid etmək, onu gözdən salmaq istəyirsə, Kəlbəcərin, yaxud digər rayonların işğalını onun adı ilə bağlayır. İşğal faktının obyektiv səbəbləri çoxşaxəlidir. Onu öz içimizdə kiminsə adı ilə tam əlaqələndirmək subyektiv bir mövqe kimi dəyərləndirilə bilər.
- Bəzən sosial şəbəkədə şəxsi ambisiyalar, habelə müxalif siyasi qüvvələrin sifarişi əsasında necə gəldi rəy yazan, demaqoq şüarlar səsləndirən, populist jestlər edən nakəslər ordu rəhbərlərimizi, dəyərli generallarımızı hədəfə alırlar...
- Mən bu hərəkətləri kəskin bir şəkildə pisləyirəm. Nəinki ordu rəhbərlərimizə, bütövlükdə ordumuza şər atmaq, böhtan yağdırmaq günahdır. Məncə, ordunu söyən özünü söyür, ordu rəhbərinə şər atan özünü şərləyir. Bu səhvi hərbçilər edəndə isə çox utanıram. Mənim  məsləhətim belədir: Söz var el içində, söz var ev içində. Ordumuz biz hərbçilərin, bütün qazilərin doğma bir evidir. Həm də müqəddəs bir ocaqdır, milli namus dayağımızdır. Evimizin problemini öz aramızda həll etməli və kənara utandırıcı şayiələri, yaxud usandırıcı yalanları yaymamalıyıq. Bir təsəllim odur ki, xalqımız daim ordumuzu dəstəkləyir. Bu fikrimə şübhə edənlər Müdafiə nazirimizin təşəbbüsü ilə təşkil edilən “Açıq qapı” günlərində iştirak etsinlər.     
- Bu gün 20 faiz torpağımız düşmən tapdağı altında inildəyir. Erməni elə zənn edir ki, ağ günə çıxıb. Amma onların içində ağıllı bir başçı yoxdur. Bilmirlər ki, işğalçılıq ağ günlə yox, qara günlə bitəcək. Qara günlərinə az qalıb. Dağlıq Qarabağ bu gün yad əllərdə olsa da, Azərbaycanın kölgəsində qalmaqdadır. O kölgədə erməni üçün heç vaxt gül bitən deyil.
- Yaltaqlıq üzrə dünyada liderlik edən ermənilər hərdənbir gizli sifətlərini açıb göstərir və ikiüzlü görünməyi özlərinə ar bilmirlər. Bu fikrə əsasən sosial şəbəkədə yayımlanan bir faktı yada salmaq istəyirəm. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Qarabağ müharibəsinə dair sensasion məqamlar açıqlayıb. O deyib ki,  Yeqor Qaydarın – Yeltsin Rusiyasının islahatçı baş nazirinin köməyi sayəsində Qarabağı işğal ediblər. Boynuna alıb ki, Qaydar olmasaydı, Qarabağ indi ermənilərin əlində deyildi. Ona görə də öz rəhbərliyini İrəvan və Xankəndində Qaydarın adını küçələrdən birinə verməyə çağırıb.      
Ermənistan televiziyasının “Profile” proqramına müsahibəsində Qrant Baqratyan bildirib ki, hökumətə başçılıq etdiyi dövrdə baş verənlər barədə öz xatirələrində ətraflı bəhs etməyə hazırlaşır. Açıqlayıb ki, 90-cı illərin əvvəllərində Rusiya hökumətində yüksək postlar tutan, maliyyə naziri olan Yeqor Qaydar 1992-ci ilin iyun-dekabr aylarında isə baş nazirin səlahiyyətlərini icra edirdi. Məhz həmin aylarda ki, Qarabağda şiddətli müharibə gedirdi və yenicə formalaşan Azərbaycan Ordusu Dağlıq Qarabağın inzibati ərazisinin yarıdan çoxunu azad edərək Xankəndinin bir neçə kilometrliyinə qədər irəliləmişdi. Qrant Baqratyan tarixi faktlarla bir-bir xırdalayır ki, 1992-ci ilin yayında ermənilər məğlub olurdu, çıxış yolu yox idi, Azərbaycan Ordusu Ağdərənin Vəng kəndinə daxil olmuşdu, hər şey dağılmışdı, azərbaycanlıların Xankəndinə girməsinə lap az qalmışdı, lakin Qaydar yaratdığı güclü maddi-texniki təminat sayəsində Azərbaycanı dayandıra bildi. Bax, gerçəklik budur, özü də bu həqiqi sözlər gorbagor olmuş erməni dilindən deyilir. Bəzi ağzıgöyçəklərimiz isə öz siyasi ambisiyalarına uyaraq işğal faktını bəzi hərbçilərimizin adı ilə bağlayırlar.   
- Mən Qarabağ savaşımızda özümüzü məğlub hesab edənlərlə qəti razı deyiləm. Axı, hər bir müharibənin öz hərbi və siyasi şərtləri var. Səngərimiz qocalsa da, yurd savaşımız hələ bitməyib. Heyf ki, aramızda bu gerçəkliyi tərsinə yozanlara da rast gəlirik. Biz igid bir xalqıq. Düşmən önündə əyilən deyilik. İnşallah, son sözümüzü deməyə az qalıb.
Bu məqamda müharibədə yaşadığım sarsıdıcı anları xatırlamaq yerinə düşər.  Qanlı-qadalı Kəlbəcər mühasirəsindən sonra 1993-cü ilin aprel ayında Ömər aşırımı uğrunda gedən döyüşdə elə gərgin situasiyalar yaşadıq ki, onları xatırladıqca kövrəlirsən. Komandirimiz polkovnik Əzizağa Qənizadə ilə birgə Murovdağın keçilməz qarlı yol və cığırlarından yüksəkliyə doğru zorla gedərək əsas hədəfə yaxınlaşırdıq. Kəlbəcərin işğalından sonra həqiqətən gözlərimizi qan örtmüşdü. Sakit dura bilmirdik. Düşməni dayanmadan geri oturtmaq lazım idi. Yoxsa sonrakı təhlükələr bizi boğaza yığardı. Döyüşdə tabor komandirimiz Mahir Quliyevi itirsək də, geri çəkilmədik və igid əsgərlərimizin fədakarlığı hesabına Ömər aşırımını ələ keçirə bildik. Hücum zamanı yaxınlıqda sarışın bir əsgərimizin qəfildən yerə yıxıldığını gördüm. Cəld olaraq özümü ona yetirdim. Məni görən kimi azacıq dikəldi və üzünü mənə sarı tutaraq əli ilə işarə etdi ki, sinəsi açım. Gördüm ki, yaralanıb, amma güllə tam girməmişdi, təxminən yarıya qədər sinəsinə sancılmışdı. Az-az qan süzülürdü. Şükürlər olsun Allahın kəramətinə, sən demə, ona dəyən güllə öz məsafəsini qət etdikdən sonra  soyuyaraq öləziyən güllə imiş. Yara yeri düz ürəyi  səmtində idi. Əsgərə dedim ki, vaxt itirmə, tez geri qayıt, qoy sanitarlarımız ilk tibbi yardım etsinlər. O, məni eşitmədi və çətinliklə ayağa duraraq dedi ki, komandir, o güllə yarası mənə yüz şəhid ruhunun gücünü verdi, qoy son nəfəsimdə düşməndən layiqli qisas alım. Əsgərin cəsur münasibəti döyüş ruhumu yüksəltsə də, özümdən asılı olmayaraq ona ərkyana şillə çəkdim, dedim ki, tez əmrimə tabe ol. Məndən üzr istəyərək inadından dönmədi və irəli cumdu. Bax, budur Azərbaycan əsgərinin əyilməzliyi!... Sonra öyrəndim ki, canından qan axıda-axıda döyüşən o əsgər sağ qalıb. Adını xatırlaya bilmirəm, lakin yadımda qalan bircə odur ki, göyçaylı bir əsgər idi. 2-ci Kəlbəcər hərbi əməliyyatında da belə bir əsgərlə üz-üzə gəlmişdim. O, Bərdə yetirməsi idi. Çox cəsur siması vardı. Gözlərindən sanki od tökülürdü. Mənim 10 addımlığımda qayalara dəyərək qəfil sapan rikoşet bir güllə onu yaxaladı. Bu əsgər də ürək tərəfindən nisbətən ağır yara almışdı. Ona şəxsi saxladığım keyləşdirici iynəmi vurdum və rabitəçiyə göstəriş verdim ki, tez təxliyə edilməsi barədə kömək çağırsın. Bədəni keyləşən igidimiz çətinliklə ayağa duraraq “mən ölən deyiləm, komandir, düşməndən intiqam almadan can vermək bizə haramdır” dedi və səndəliyə-səndəliyə ön sıraya doğru addım atdı. Mən onun mərdanə sözlərinin təsi altında qeyri-ixtiyari olaraq susdum. Heç iki dəqiqə keçər-keçməz gözümün qabağındaca yerə yıxıldı və müqəddəsliyə qovuşdu. Di gəl ki, sərt qış ab-havasının doğurduğu müsibətli şaxtalı-çovğunlu şəraitin təsirindən hərbi əməliyyatlar elə kəskin axara düşdü ki, mühasirə bəlası ucbatından Kəlbəcəri tərk edən zaman o əsgərin cəsədini çıxara bilmədik.
- Səngərin öz mənəvi qanunları var. Hələ işğala dözürük. Söz yox ki, ölümlə üz-üzə duran mərd döyüşçülərimizdə dözüm gücü yurd sevgisindən yaranır. Təbii ki, o gücə güc qatan səbirdir. Bəzən elə usandırıcı tarix yaşayır, elə beynəlxalq siyasi biganəliklərlə üz-üzə gəlirik ki, səbir də tükənir. Çox şükür ki, ümidə əsaslanan səbrimiz sönməz qalmaqdadır...
 - Mənötən döyüşlərdə çoxsarsıdıcı anlar yaşamışam. Mühasirə çətinliklərinə sinə gərəndə Kəlbəcər rayonunda Susuzluq dağının qarla bələnmiş sıldırımlı qayalarına sığınaraq müdafiə mövqeyinə çəkilirdik. Buz bağlamış enişli və əyri-üyrü dağ yollarında sürüşərək yıxılır və zədələnirdim. Ayaqlarım donuq halında idi. Yolda taqətim tamam üzülmüşdü. Növbəti tələsik addım atarkən elə yıxıldım ki, dura bilmədim. Mövcud şərait hər kəsə üzüntülü hal yaratsa da, səngər qardaşlarım məni tək qoymadılar. Onlar məni himayə etdilər, lakin səbrim tükənən zaman dayanmaq qərarına gəldim. Dedim ki, siz gedin, nə olar-olsun, düşmənə tək cavab verərəm. Bu zaman zabit yoldaşım Qorxmaz Qarayev təkidli hərəkətlərimə görə mənə hirsləndi və gözləmədiyim bir halda ərkyana mənə güclü bir şillə çəkdi ki, ayağa durum. İnanın, dostcasına vurulan o şillə canıma elə bir istilik gətirdi ki, qismən özümə gəldim. Bir qədər məni qucaqda apardılar. Tədricən bədənim canlandı. O anları yada salanda çox kövrəlirəm. Keçmişi xatırlamaqda sözümün canı ondan ibarətdir ki, siz deyən dözüm məsələsi ilə bağlı reallığı da hərtərəfli yaxşı dərk edirəm. Xalqımız öz müdrikliyini itirən deyil. Danışıq prosesində qeyd edilən son şərtlərə qədər dözəcəyik, amma torpaqlarımızın işğalına heç vaxt susmayacağıq...
- Eşitdiyimizə görə Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1-ci qrup müharibə əlili kimi Sizə 3 mənzilli ev ayrılıb. Yeni eviniz mübarək!
- Çox sağ olun. Bu şad xəbəri eşidəndə çox sevindim.Təxminən 10 ilə yaxındır ki, bu evi gözləyirdim. Növbə əsasında təmin edilmişəm. Mənə göstərilən diqqət və qayğıya görə ailəmiz adından ölkə rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Ailəmiz dövlətçiliyə sadiq bir ailədir. Həyat yoldaşım Rəfiqə evdar qadındır. Oğlum Əli nümunəvi zabit kimi xidmət göstərir. O, keçən il S-1 qaydasız döyüş növü üzrə ilk Avropa çempionu olmuşdur. Fəxr doğurası hal ondadır ki, oğlum qələbə postuna qalxdığı və qələbə şərəfinə Dövlət himnimizi səsləndirdiyi gün ulu öndərimiz Heydər Əliyevin doğum günü idi. Qızım Arzu İbrahimli ləyaqətli polis nəfəridir. Əkbər adlı nəvəm isə bizim layiqli davamçımız kimi yetişməkdədir.
 - Nəhayət, ordumuza münasibətdə ermənidən geri qalmaq istəməyən və bəzən həqiqi mənada erməniləşən bəzi siyasi qüvvələrin haray doğuran bir sualına sizdən cavab istəyirəm. Biri deyir ki, Qarabağ problemini niyə uzadırsınız? Digəri isə bu problemin qəsdən həll edilməməsini vurğulayır.
- Kim istəməz ki, öz dədə-baba yurdu işğaldan tez azad olsun. Kimə xoş gələ bilər ki, xalqımızın bir qismi qaçqın durumunda mənəvi əzab çəksin. Məncə, heç kim bu qəbahəti öz üzərinə götürməz. Bu sualın mahiyyətini dərk etmək üçün siyasi yetkinliyə sahib olmaq lazımdır. Unutmayaq ki, söhbət erməni ilə döyüşdən getmir. Döyüş meydanında təkcə erməni ilə biz qalsaq, inanın ki, erməni ayağımızın altında can verər. Verdiyiniz suala qarşı bir sual qoyuram. Sovet dövründə niyə babalarımız 70 il bizə göstərilən haqsızlığa dözüblər?! Kim bilmir bu gerçəkliyi?! Sovet inzibati amirliyi kimə bəlli deyil? O zaman yersiz dillənənin başı əzilirdi. İndi beynəlxalq müstəvidə o əzilmənin başqa bir forması qüvvədədir. Amma zaman o zaman deyil. İndi müstəqil dövlətik. İnanıram ki, indiki yetkin siyasi rəhbərliyimiz Qarabağ probleminin açarını tezliklə tapa biləcəkdir. Tədricən beynəlxalq aləmdə çox şey bizim xeyrimizə yönəldilir. Mən tezliklə Qarabağın işğaldan azad edilməsinə ümidsiz deyiləm.
- Komandir, mən də sizi dəstəkləyirəm. Biz həyatda çox görmüşük ki, qüvvə hər şeyi sındırır, di gəl ki, son məqamda ağıl bütün qüvvələri diz çökdürür.
- Şükürlər olsun ki, bizim qüvvəmiz də az deyil, ağlımız da. Ümid basılmaz Azərbaycan əsgərinədir. İnşallah,həqiqəti üzə çıxaran, qaranlığa işıq salan, ədaləti qoruyan Allah yar və yardımçımız olacaq!...

                                                                                                         Müsahibəni aldı:

                                                                                                    İbrahim MƏSİMOĞLU,

                                             müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

 

Xəbər lenti