.

Aqrar Tədqiqatlar Mərkəzində “Əlverişsiz iqlim şəraitinin kənd təsərrüfatına təsirləri” mövzusu müzakirə edilib.
Modern.az xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan elmi-tədqiqat institutlarının rəhbərləri iştirak ediblər.
 
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, qlobal miqyasda gedən iqlim dəyişmələri ölkəmizin torpaq iqlim şəraitinə də ciddi təsir göstərir. Mərkəz rəhbəri qeyd edib ki, yağıntı və şaxtanın olmaması, mövsümün mülayim keçməsi ilk növbədə əkinçilikdə bitkilərin vegetativ inkişafının normada getməsinə mane olmaqla yanaşı, ziyanvericilərin aktivləşməsinə səbəb olur: “Mərkəz son dövrlərdə maarifləndirmə tədbirlərini gücləndirərək fermerlər arasında bilik və bacarıqların artırılmasına, kiçik və orta təsərrüfatlarda innovativ becərmə texnologiyalarının təbliğ olunmasına çalışır, quraqlıqla əlaqədar resursqoruyucu aqrotexniki tələblərin təmin olunmasını aşılamağa çalışır. Bu maarifləndirmə tədbirləri Mərkəzin strukturuna daxil olan 7 elmi-tədqiqat institutu, 48 təcrübə təsərrüfatı, 8 regional elm və innovasiya mərkəzi tərəfindən həyata keçirilir”.
 
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova qlobal istiləşmənin heyvandarlığa təsirinə toxunub. Bildirib ki, quraqlıq ilk növbədə heyvandarlıq üçün vacib olan yem ehtiyatının keyfiyyət göstəricilərinə mənfi təsir göstərir:
 
“Mövsümə uyğun olmayan istiləşmə heyvanlar arasında yeni epidemiya və epizootiyaların  yayılması ehtimalını artırır. Belə ki, qansoran həşaratlar, böcəklər və meşə zərərvericiləri kütləvi şəkildə vaxtından tez oyanaraq xəstəliklərin yayılmasına səbəb olur. Baytarlıq və tibb sahələrində bütün bu xoşagəlməz faktlar tropik və subtropik xəstəliklərin öz təbii areallarından çıxaraq dünyada geniş yayılmasına gətirib çıxarır. Belə ki, “Göy dil” xəstəliyi, “Qərbi Nil” qızdırması, “Denqe” (Tropik) qızdırması, “Hanta” virusu, “Ebola” qızdırması kimi keçmiş vaxtlarda tamamilə ekzotik və arealı müəyyən coğrafi sahə ilə məhdudlaşan xəstəliklərin iqlimin istiləşməsi nəticəsində geniş yayılması xüsusi narahatçılığa səbəb olur. Hava hərarətinin və nəmliyinin kəskin sürətdə artması kol və qamışlıq bitkilərinin daha kəskin inkişaf etməsinə gətirib çıxarır, bu da dovşankimilərdə parazitlik edən leptospiroz kimi təhlükəli xəstəliklərin yayılma ehtimalını artırır. Belə proseslərin mənfi təsiri isti iqlim olan ölkələrdə kənd təsərrüfatı heyvanlarının yüksək hərarətdən baş verən temperatur şoku, susuzluq və immun sisteminin zəifləməsinə gətirib çıxarır. Həmçinin, invazion və xüsusi təhlükəli zoonoz (yəni heyvanlardan insana keçən) xəstəliklərin yayılmasına və artmasına səbəb olur”.
 
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev mövsümə uyğun olmayan iqlim dəyişmələrinin təsirlərini belə qiymətləndirib:
 
“Gələcəkdə maldarlıq sahəsində müasir metodların təkmilləşdirilməsi mal-qaranın yoluxucu xəstəliklərini azalda bilər. Belə ki, mal-qaranın iri sürülərdə toplanması, bütün yay ərzində çəmənlərin otlaq kimi istifadə edilməsi, otlağın mal-qara tərəfindən güclü tapdanması çöl gəmiricilərinin məskunlaşma şəraitini pisləşdirir. Yer kürəsinin torpaq səthinin təxminən 26%-i yalnız otlaq üçün istifadə olunur ki, bu isə Afrika və Avropa Birliyinin ümumi sahəsinə bərabərdir. Meşələrin azalması və torpaq istifadəsindəki dəyişikliklər karbon itkisi və karbon qazının artmasına səbəb oldu. Dırnaqlı heyvan sürülərinin otarılması insanın təbii bioloji komplekslərə ən geniş yayılan təsir formasıdır. Otarma səmərəli aparıldıqda bitki örtüyünün tərkibində müxtəlif otların miqdarı artır, bu isə müxtəlif heyvanların və onların növ müxtəliyinin çoxalmasına səbəb olur. Lakin hədsiz otarma zamanı çəmən və bozqır bitki örtüyü deqradasiyaya uğrayır, çim qatı məhv edilir, torpaq qatı dağıdılır, faunanın növ tərkibi kasadlaşır. Otarma nəticəsində bozqır örtüyünün zəif komponentləri sıxışdırılır, ölü örtük tapdalanır və məhv edilir, yeyilmədən mühafizə olunan komponentlər (tikanlı, sıx yatmış, şirəli və b. bitkilər) güclü inkişaf edir, birilliklər və lazım olmayan bitkilər  çoxalır, kənardan gətirilən alaq otları artır, torpaq tapdalanır, quruluğu güclənir, bu isə quraqlıq sevən bitkilərin peyda olmasına səbəb olur, torpağa çoxlu miqdarda gübrə verilir. Otarmanın təsiri nəticəsində torpağın hidroloji rejimi pozulur, bərkimiş torpaqda otların böyüməsi olduqca zəifləyir, nəticədə qurumuş, tapdanmış torpaq qatı bitkidən məhrum olur. Mal-qara tapdağının nəticəsi yaşayış məntəqələri ətrafında daha çox nəzərə çarpır. Belə yerlərdə eroziya və səhralaşma prosesi özünü göstərir. Bozqır sahələrin mal-qara döyənəyinə çevrilməsi və burada xam yerdən fərqli alçaq boylu və quraqlıq sevən bitkilərin yayılması müxtəlif sünbülqıran növlərinin yayılması üçün əlverişli şərait yaradır”.
 
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev isə iqlimin dəyişməsinə qarşı bitkilərin həssaslığının azaldılması istiqamətində istixana tərəvəzçiliyinin yeni ekoloji şəraitə uyğun təşkili və inkişafı tədbirlərini vurğulayıb:  
 
“Bölgələrdə əkin üçün az yararlı olan, lakin suvarma suyu, elektrik enerjisi imkanları, küləklərdən və qardan mühafizəsi mümkün olan sahələrdə, eləcə də işçi qüvvəsi cəlb etmək imkanları olan ərazilərdə müasir  səviyyəli istixana qurğularının yaradılması və inkişaf etdirilməsi, istixanalarda becərmək üçün yerli şəraitə uyğun və məhsuldar, abiotik faktorların stress təsirlərinə qarşı davamlı olan pomidor, xiyar, şirin bibər sort və hibridlərinin qiymətləndirilməsi, əlverişli nümunələrin seçilərək becərilməsi mühüm istiqamətlərdəndir. İstixana qurğularının tipinə uyğun olaraq seçilmiş kənd təsərrüfatı məhsullarının sort və hibridlərinin ən səmərəli becərmə texnologiyasının işlənməsi, istixana şəraitində pomidor və xiyar bitkilərinin becərilməsi üçün ən əlverişli gübrə formalarının və kimyəvi preparatların seçilməsi, onların optimal dozalarının və tətbiq müddətlərinin, eləcə də suvarma rejimlərinin müəyyən edilməsi, istixana torpağının ekoloji təmizliyinin qorunub saxlanması və istehsal edilmiş məhsulların keyfiyyətinə nəzarətin təşkili məqsədilə müasir səviyyəli laboratoriya nəzarət cihazlarının əldə edilməsi və tətbiqi, istixana şəraitində istehsal edilmiş məhsulların yığımının, qablaşdırılaraq səmərəli satışa nail olmaq məqsədilə müasir tələblərə uyğun texniki təchizatlı saxlama anbarlarının qurulması işinin genişləndirilməsi müdafiə tədbirləri sırasındadır”.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev mövsüm ərzində görüləcək işlərlə bağlı fermerlərə tövsiyələrini çatdırıb: “Taxılçılıqda əkin sahələrinin mövcud vəziyyətinin təhlil olunması, məhsuldarlığın artırılması, xəstəliklərə, zərərvericilərə və gəmiricilərə qarşı vaxtında düzgün aqrotexniki tədbirlərin aparılması, payızlıq əkinlərin iqlimdən asılı olaraq qışlama dövrünün  normal keçməsi və gecişmiş əkinlərin normal inkişafı  üçün profilaktik tədbirlərin aparılması vacibdir. Gəmiricilərə qarşı mübarizə tədbirlərinin əhəmiyyəti və aldadıcı yemlərin hazırlanması, zəif inkişaf etmiş sahələrə azot gübrəsinin (sələf bitki, səpinqabağı verilən yemləmə gübrəsi nəzərə alınmaqla) verilməsi, ehtimal olunan xəstəlik və zərərvericilərin yayılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi, əkin altında olan torpaqların meliorativ vəziyyətinin qiymətləndirilməsi və torpaq analizlərinin aparılması vacib istiqamətlərdir”.
 
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov isə quraq mövsümdə bağların qorunma tədbirləri haqqında danışıb: “Üzüm quraqlığa davamlı mezofit bitkidir. Lakin havanın və torpağın rütubəti tənəyin böyümə və inkişafına, alınan məhsulun kəmiyyət və keyfiyyətinə çox təsir edir. Suvarılmayan üzümlüklərdə (dəmyə şəraitində) üzümün böyüyüb inkişaf etməsi üçün illik yağmurlar optimal miqdarda, yəni 500-600 mm-dən  az olmamalıdır. Son dövrlərdə dünyada baş verən qlobal istiləşmələr fonunda kənd təsərrüfatı əhəmiyyətli bitkiləri təhlükəli  risk amili- quraqlıqla üz-üzə qalıb. Quraqlığa qarşı mübarizə tədbirləri əsasən 3 qrupda -  quraqlığa davamlı sortların seçilməsi,  kökün əsas hissəsinin yerləşdiyi torpaq hissəsində rütubətin toplanması və saxlanması, eləcə də tənəyin bilavasitə özünə təsir edən müvafiq aqrotexniki tədbirlərin tətbiq edilməsi kimi təsnif olunur. Üzümün becərilmə şəraitindən (suvarılan və suvarılmayan) asılı olaraq quraqlıqla mübarizədə müxtəlifliklər meydana çıxır. Suvarılan üzümlüklərdə əsasən suya qənaətedici üsullardan istifadə (damcıvari suvarma və s.) və nəmliyin qorunmasına yönəlmiş aqrotexniki və torpaq becərmələri üstünülk təşkil edir.  Adətən torpağa ən çox su payız-qış mövsümündə daxil olur. Buna görə də nəmliyin toplanması və saxlanması üzrə tədbirlərə payızda, məhsul yığımı bitdikdən sonra başlanmalı və bütün qışı, yaz gələnə kimi  davam etdirilməlidir. Yazda və yayda torpağa qulluğun əsas vəzifəsi qış ərzində toplanmış nəmliyin qorunub saxlanması, həmçinin yaz-yay yağıntılarından nəmliyin toplanması və saxlanmasıdır. Bunun üçün məhsul yığımından sonra dərhal torpaq becərmələrinə başlamaq (payızda sahədə və cərgəaralarında torpağın şumlanması, payızda torpaq layını çevirməklə, yazda isə çevirməməklə 18-20 sm dərin şumlanması, yaz işlərindən sonra torpağı dərindən 10 sm, eləcə də yay dövründə 6-7 sm dərinliyində bir neçə dəfə torpağın yumuşaldılması cərgələrarası yay kultivasiyası), qarı süni saxlama (qışda tənəklərin ətrafında qar toplanılması, kolun dibində çala qazmaq), yazda nəmliyin saxlanması üçün mulçalama, torpağın yaxşı strukturasını yaratmaq və s. kimi aqrotexniki tədbirlər həyata keçirilməlidir. Transpirasiyanı azaltmağa və dərində yerləşən köklərin sorucu zonasını artırmaq məqsədilə tənəyə forma vermək, yaşıl əməliyyatı, bağlama, dərin əkmə, katarovka və s. tədbirləri vaxtında yerinə yetirilməlidir. Tənəyə üzvi və mineral maddələr verilməsi (xüsusən kalium gübrələrinin verilməsi və şum vasitəsilə dərinə çevrilməsi), habelə onların vegetasiya ərzində əlavə gübrələnməsi və s. aiddir.  İldən ilə təkrar olunan bu əməliyyatlardan başqa, vaxtaşırı cərgə aralarında dərin plantaj şumu aparılmalıdır”.
 
Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Entomologiya şöbəsinin müdiri Kazım Hüseynov ekoloji faktorlardan olan abiotik və hidro-edafik amillərin mədəni bitkilərə mənfi təsirinə toxunub:
 
“2019-2020-ci mövsüm ilində yağıntıların normadan qat-qat az düşməsi, 2019-cu ildəki yüksək temperatur göstəricilərinin buxarlanmanı sürətləndirməsi, torpaq qatında nəmliyin, havada isə nisbi rütubətin çatışmazlığına səbəb olub. Belə şəraitdə payızlıq dənli bitkilər yarovizasiya prosesini qeyri-qənaətbəxş keçib, cücərmə, kollanma inkişaf mərhələləri tam başa çatmayıb. Bu isə səpilmiş toxum materialının bir hissəsinin cücərməməsinə, digər hissəsinin cücərtilərinin isə ya torpağın səthinə çıxmamasına, ya da zəif çıxışına səbəb olub. Mövsümə uyğun bioloji xüsusiyyətlərə malik olmayan bitkilər isə zərərvericilər (məftil qurdlar, taxıl böcəkləri, siçanabənzər gəmiricilər, sümürtkən böcəklər və s.) tərəfindən məhv edilir, xəstəlik törədiciləri (kök çürümələri, helmintosporioz və s.) ilə sirayətlənir, alaq bitkiləri (çöl noxudu, turpəng və s.) tərəfindən sıxışdırılır. Digər tərəfdən ekoloji amillərin qeyri-əlverişli amillərinə qarşı daha çox davamlılıq qazanmış zərərli orqanizmlər diapauzaya (qış və ya yay yuxusu) düşmür və qidalanmanı bütün il boyu davam etdirir. Bu isə məhsul itkisini daha da artırır”.
14 Fevral 2020 Macarıstanda Azərbaycanla enerji sahəsində əməkdaşlıq müzakirə edilib
12 Fevral 2020 Əlverişsiz hava kənd təsərrüfatına ziyan vuracaq- Mütəxəssislər narahatdır
31 Yanvar 2020 Valyuta ehtiyatlarının həcmi AÇIQLANDI
24 Yanvar 2020 Energetika naziri Siyəzəndə, nazir müavinləri Qobustan və Cəlilabadda vətəndaşları qəbul edib
13 Yanvar 2020 Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək
11 Yanvar 2020 Dekabr ayında gündəlik neft hasilatı 771 min barrel olub
10 Yanvar 2020 “ACWA Power” və “Masdar” şirkətləri ilə bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb
03 Yanvar 2020 Neftin qiymətinin artması geosiyasi gərginlik yarada bilər
25 Dekabr 2019 Dolların məzənnəsi sabit qaldı
14 Dekabr 2019 Azərbaycan nefti bahalaşdı –Qiymət
12 Dekabr 2019 Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın ilk iclası keçirilib
10 Dekabr 2019 Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edib
06 Dekabr 2019 Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq
03 Dekabr 2019 Ekspert: TANAP Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq
25 Noyabr 2019 Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək
23 Noyabr 2019 Energetika naziri Ağ Evin Milli Təhlükəsizlik Şurasının Beynəlxalq İqtisadiyyat, Enerji və İqlim üzrə Baş direktoru ilə görüşüb
23 Noyabr 2019 Azərbaycanda qızıl və gümüş ucuzlaşıb –Cədvəl
22 Noyabr 2019 Energetika nazirinin müavinləri Mingəçevir və Bərdə şəhərlərində vətəndaşları qəbul edib
13 Noyabr 2019 Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub
08 Noyabr 2019 Energetika naziri və nazir müavinləri Yevlax, Mingəçevir və Bərdə şəhərlərində vətəndaşlarla görüşəcək
30 Oktyabr 2019 "Manata ciddi təhlükə gözlənilmir" — Vahid Əhmədov
29 Oktyabr 2019 Energetika naziri Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ilə görüşüb
28 Oktyabr 2019 “Sahibkarlara, iş adamlarına dostluq təklif edirik” - Mikayıl Cabbarov+Video
24 Oktyabr 2019 Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçirilib
23 Oktyabr 2019 Pərviz Şahbazov Banqladeşin Energetika və Mineral Ehtiyatlar üzrə dövlət nazirini qəbul edib
15 Oktyabr 2019 Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaşları qəbul edib
11 Oktyabr 2019 Azərbaycanda sentyabr ayı üzrə gündəlik neft hasilatı 755 min barrel olub
08 Oktyabr 2019 Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçiriləcək
07 Oktyabr 2019 Bu ilin 9 ayında Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1211müraciət daxil olub
05 Oktyabr 2019 Azərbaycanın Energetika naziri Rusiyanın Enerji Həftəsində

Xəbər lenti