.

Desəm ki, şeir gündəlik azuqəmdən biridir, onda fikrimə şərik çıxan da olar, məni qınayan da. Amma o da qəlbimə agahdır ki, xalqımızın lap çoxu mən günlüdür. Odur ki, milli mədəniyyətimiz kimi dilimiz də zəngindir.


Uşaqlığımı yada salmaq istəyirəm. O vaxtlarımı ki, qanmazdım şeir nə olan şeydir. Amma sevimli şairimiz Səməd Vurğunun “Azərbaycan” şeirinin birinci bəndinin sarsıdıcı misraları öyrəndiyim ilk kəlmələr sırasında olub. Uşaqlıq illərində gündəlik yorucu həyət işlərinə görə misra əzbərləməklə aram o qədər çox deyildi. Di gəl ki, yetkinləşdikcə ölürdüm Səhhət, Şaiq, Sabir, Vurğun şeirləri üçün. Dilimə tez yatan misraları bir-iki kərə ucadan deməklə şeir yazılırdı beynimə. Bəlkə də, bu asan şeirlərin cazibəsi sonradan yavaş-yavaş sevdirdi mənə xalqımızın hikmətli poeziyasını. Ürəyimin dərinliyindən gələn o düz sözü də üstəlik deyim ki, ilk şeir məhəbbətim Səməd Vurğundan doğub, onun dadlı deyimlərindən. Təbii ki, bu sevgidə yalqız deyiləm. Səməd Vurğun əsl xalq şairidir. Onun şeir dili sadə olduğu qədər çox hikmətli və könül oxşayandır. Yalnız kamil kəlamlar insanı valeh edir, dərindən düşündürür, yalnız uğurlu misralar könüllərdə əbədiləşir...
Oğuz rayonunun Səməd Vurğunlu günləri. Tam dəqiq bilən yoxdur bu günlərin sayını. Bircə onu deyirlər ki, çox gəlib bu gözəl təbiətin qoynuna. Sevgili şairlə bağlı xatirələri əziz tutan, onu tez-tez yad edən oğuzlular çoxdur. Özü də yalnız azərbaycanlılar yox, qardaş xalqların övladları da.
Yaxın vaxtlarda rayon qəzetimizdə Səməd Vurğun istəkli bir oxucumuzun məktubunu dərc etmişdik. Təsirli yazı idi. O xahiş edirdi ki, Səməd Vurğunun Oğuzda keçən günlərini qələmə alaq. Yaddaşlarımızı tarixə köçürək ki, itməsin. Heç bu yazının üstündən iki gün keçmədi ki, redaksiyanın qapısını bir ağsaqqal döydü. Kimdir bu ağsaqqal? O, Muxas kənd sakini Məməş Həbibullayevdir. 70 yaşını təzəcə addayıb. 15 şirin-şəkər nəvə yiyəsidir. Hər kəlməsi, hər sözü andırır ki, sərraf adamdır. Nə təhər deyərlər, ilk baxışda qızılı qəlp puldan hər adam ayıra dilməz, amma Məməş dayı dərhal ayırar. Səməd Vurğun yaradıcılığından sən beş misal çəksən, o əllisini çəkər.
Məməş dayı redaksiyamıza o niyyətlə təşrif gətirmişdi ki, qələmi işə salıb Oğuz rayonunun Vurğunlu günlərindən iki hadisəni tarixə yazaq və bu ibrətamiz xatirələr gələcək nəsillərin mənəvi dayağına çevrilsin. Axı, milli-mədəni tariximiz öz dəyərli şəxsiyyətlərimizin nümunəvi həyatı, ibrətamiz əməlləri hesabına unudulmur. Xüsusən şairlər daim hərəkət edən və danışan bir tarixdir.
Məməş dayının dediklərindən:
 - Müxbir qardaş, mən söz sənətimizi çox uca tuturam həyatda. Mənim, sənin, habelə nə qədər müəllim və tərbiyəçilərimiz var, hamısının övladlarımıza göstərə bilmədiyi tərbiyəvi təsiri ədəbiyyat yaradır. Səməd Vurğun isə bu müqəddəsliyin sönməz ulduzudur. Yaxşı xatırlayıram o günü. Səməd Vurğunun ölüm xəbəri diri-diri öldürdü məni. Yalan deyirəmsə, qoy dünyaya kor baxım. Əgər desəydilər ki, sənin ömründən alıb Səməd Vurğuna verəcəyik, vallah verərdim. Amma onu bilirəm ki, Səmədin qəbri həmişə nurla doludur, yaxşı adamların qəbri kimi...
1953-cü il idi. Muxas Kənd Sovetinin katibi işləyirdim. Gündə bir yığın kağız-kuğuzla iş görürdüm. Həftə səkkiz, mən doqquz, rayispolkoma gedib-gəlirdim. Bir gün yenə rayon mərkəzinə çağırmışdılar. İspolkom sədri Həmid Əzizov bizə (yəni həmkarlarıma - İ. M.) göz aydınlığı verdi ki, sevimli şairimiz Səməd Vurğun rayonumuza qonaq gəlib, bu gün rayon mədəniyyət evində ziyalılarımızla görüşü olacaq, kimin imkanı var, qalsın. Hamı dilləndi ki, əşi, imkana qalsa, onda gərək yıxılaq, birdəfəlik ölək! Səmədlə görüşü əldən vermək olar?!
Səməd şair dostu Zeynal Xəlillə gəlmişdi. Görüşdə nəinki ziyalılar, həm də kolxozçular və məktəblilər iştirak edirdilər. Salonda heç ayaq üstə durmağa yer tapmazdın. Hamı istəyirdi ki, şairlə üzbəüz durub söhbət etsin, onun alicənablığının canlı şahidi olsun.
Əvvəlcə Zeynal Xəlil çıxış etdi. O, sözünü qurtardıqdan sonra elə xitabət kürsüsündən üzünü birbaşa Səməd Vurğuna sarı tutdu (Səməd salonun lap orta cərgəsində oturmuşdu):
 - Səməd, indi meydan sənindir, buyur gəl bura.
Səməd Vurğun çox nəzakətlə, sakit bir tərzdə cavab verdi:
- Ayə, bağışla ora gələ bilməyəcəyəm. Nə desəm, buradan deyəsiyəm. Mənim xasiyyətim belədir, xalqın içərisində özümü rahat hiss edirəm. Xalqdan ayrılanda, elə bil, fəzadan asılı qalıram.  
Zeynal Xəlil zarafata keçdi:
 - Bəhanə eləmə, qocalmısan ondandır.
- Ayə, üz vurma, gələmmərəm. Bir demişəm, yenə deyirəm, “ellərə güvənib yazsa sənətkar, ilham xəzinəsi tükənməz olar.”  Mənim güvəndiyim doğma xalqımdır. Onlarsız mən bir qara qəpiyə dəymərəm.
Araya ağır sükut çökdü. Səməd Vurğun ayağa durub salonun hər tərəfinə bir anlığa nəzər saldı, gülümsəyə-gülümsəyə:
- Maral bacılarım məni bağışlasın, – dedi, – bir “Maral” şeirimi oxumaq istəyirəm...
Bu minvalla “Ceyran”, “Alagöz” şeirlərini də oxudu. Hərarətlə alqışlandı. Oğuz ziyalıları öz ürək sözlərini bildirdilər. Çıxışlar kəsildi. Yenə Səməd Vurğunu dinləməyi xahiş etdilər.
- Mən oğuzlulardan az məktub almışam, deyəsən, məni oxumursunuz – deyə bir az gileyləndi – Böyük tənqidçimiz Cəfər Xəndan “Aygün”ümü tənqid eləyib. Çox yaxşı! İstəyirəm ki, siz də mənim nöqsanımı deyəsiniz. Bax, yazasınız ki, ay şair, sənin filan şeirin ürəyimizə yatmır, belə yazma, elə yaz. Çox heyf ki, həmişə tərif eşidirəm. Sizin rayonda da şeir yazanlar azdır. Bunun eybi yoxdur. Eyib odur ki, dəyərsiz şeir ortalığa çıxarasan. Şeir elə qələmə alınmalıdır ki, ürəklərə girə bilsin, stol üstündə qalmasın...
Bir dəfə şairlə ova çıxmışam. Onun harada olursa-olsun, hər bir yoldaşa nəzakətli münasibəti, həssaslığı, nəcibliyi, ən adi mübahisələrdə  təmkinli davranışı, bir sözlə, ünsiyyət mədəniyyəti məni valeh etmişdi. Ova “28 Aprel“ kolxozunun (indiki Toxumçuluq sovxozunun) ərazisindəki Nəcməddin meşəliyində çıxmışdıq. Günortaya az qalırdı. Nə mənim, nə də şairin ov yoldaşı Müridin əlinə bir dənə də ov düşməmişdi. Birdən şairin qabağından qəflətən uçan qırqovulu Mürid vurdu. Hiss etdim ki, Səməd Vurğunun xətrinə dəydi.
- Ayə, Mürid əmi, deyəsən, sən yaxşı atırsan ha... – deyə Səməd incikliyini boğa-boğa dilləndi.
- Mürid öz səhvini başa düşdü, alma kimi qızardı, amma şəstini sındırmadı:
- Səməd əmi, arabir atıram da...
Əslində onlar tay-tuş idi. Aralarında 6 yaş fərqi vardı. Bununla belə bir-birinə
 “əmi” deyə müraciət edirdilər.    
Səməd nə fikirləşdisə, itini irəli qovdu. “Zaur” adlı ov tüfəngini sahmanlayıb elə bir-iki addım atmışdı ki, göyə baş alan bir qırğı sataşdı gözünə. Nişan almaqla tətiyi çəkməyi bir oldu. Güllə dəydi hədəfə. Yeri gəlmişkən deyim ki, qırğı vurmaq asan iş deyil. Peşəkar ovçulara yaxşı bəllidir ki, quşlar içərisində qırğı kimi iti uçan quş yoxdur. O, yerdən dik qalxır, həm də ildırım sürəti ilə...
Səməd Vurğun qırğını vurub aramla geri döndü:
- Ayə, gördünmü? İndi mənimlə razılaşırsan, ya yox? Mən də nəsə bilirəmmi? – deyə Müridə tərəf gəldi.
Qəfil verilən suallara Mürid bilmədi nə desin. Sıxıla-sıxıla :
- Səməd əmi, mən sənin tək ata bilmərəm – dedi.
 - Yox, əşi, bu atışda nə var ki! Hamı belə ata bilər...
Meşə təsərrüfatına qəlbən bağlanmış Mürid Xudiyevin pensiya yaşı çoxdan bitsə də, sevdiyi əmək fəaliyyətindən ayrılmamışdı. Rayon meşə təsərrüfatında işləyirdi. O zaman partiya və sovet rəhbərləri Səməd Vurğuna bir neçə dəfə Müridlə ova çıxmağı məsləhət görmüşdülər. Çünki Mürid səriştəli meşəbəyi idi. Meşələrin hər cür sirrini, təbiətdə hər şeyin izini-tozunu beş barmağı kimi bilirdi. Səməd Vurğunla Müridin ov meydanında doğmalaşan “əmiliyi” də belə baş tutmuşdu.
 ...Məməş dayının Səməd Vurğun haqqında xoş söhbətinin axır sözləri belə oldu: “ Sevimli şairimiz Səməd Vurğun behiştlik adamıydı. İmanınımı yandırıb onu deyə bilmərəm ki, bu gün Vurgun ürəkli şairlərimiz yoxdur. Belə düşünsəm, qarğış yiyəsi olaram. Desəm də, deməsəm də, ürəyimizi bulandıran Dağlıq Qarabağ hadisələri zamanı el sənətkarlarımız yaxşıca sınandılar. Sınanlar da elə Səməd Vurğunun şagirdləri deyilmi?! Onlar öz qələmləri ilə Azərbaycanımızın namusunu, vicdanını, ləyaqətini qorudu, bütün dünyada bəlli olan əsl tarixi həqiqətlərə arxa oldular. Müxtəsər desək, əgər qocalı-cavanlı şairlərimizin hamısı Səməd qədər vətənpərvər,  öz xalqını Səməd qədər sevən olsa, ədəbiyyatımız qarşısında, məncə, hər bir Allah bəndəsi baş əyər.”
Qədirbilən oğuzlular mənəvi sərvət səltənətimizdə özünə layiqli yer qazanmış Səməd Vurğunu daim şirin xatirələrində yaşadır, onun yaradıcılığını sevə-sevə oxuyurlar. Bu sevgi heç vaxt tükənən deyil. Onun adını küçələrimiz, məktəblərimiz və mədəni ocaqlarımız daşıyır. İstəyirəm ki, bu unudulmaz xatirəli yazıma son nöqtəni öz bədii yaradıcılığında həmişə yurd sevgisini önə çəkmiş, bədii söz sənətimizi zənginləşdirmiş, humanist ideyaları ustalıqla qələmə almış və üstün bəşəri dəyərləri öz şəxsi həyatında real əməyi ilə yaşatmış, ana vətənimizi qəlbən vəsf etmiş Səməd Vurğunun özü qoysun: ”Məni yelkən kimi qərq etsə də dəryada zaman, Vurğun öldü deməyin, bir əbədi sənəti var...”
P.S.  Dəyərli sənətkarlarımızı, mənalı günlərimizi unutmamaq məqsədilə Oğuz rayon qəzetinin 1 və 3 dekabr 1988-ci il tarixli saylarında dərc edilmiş bu məqaləmi bəzi zəruri dəyişikliklər apararaq yenidən çap edirəm. Həmin qəzetin sabiq müxbiri kimi qürurla deyə bilərəm ki, əsl milli keçmişimizi özündə yaşadan bu doğma rayonumuzun Oğuz adlandırılmasının fəal təşəbbüskarlarından biri mən olmuşam. Zaman öz sözünü deyir. Coğrafi adlarımızın sovet əsarətindən xilası bizi öz tariximizə qovuşdurmuşdur. Azərbaycanımız indi müstəqil surətdə nəfəs alır. Milli tariximizin əsl sahibiyik.

İbrahim MƏSİMOĞLU,
 “Oğuz yurdu” qəzetinin sabiq müxbiri
 
10 Aprel 2020 DIĞA ÇİYİNLƏRİNDƏ KƏLLƏ QALMAYACAQ!
03 Aprel 2020 Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03 Aprel 2020 Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı
01 Aprel 2020 “VURĞUN ÖLDÜ DEMƏYİN...”
31 Mart 2020 Yəhudilərdən necə utanmayaq?
14 Mart 2020 Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.
10 Mart 2020 Bir müəllimin monoloqu... - Ölü şairlər cəmiyyətindən reportaj
09 Yanvar 2020 Mənim yarımçıq SEVGİM
09 Yanvar 2020 VƏTƏN SEVGİSİ İMANDANDIR
25 Dekabr 2019 Nazir "Porsche" minsin, vətəndaş eşşək arabası sürsün..
25 Dekabr 2019 İbrahim Məsimoğlu -DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva
01 Aprel 2018 Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan!
08 Dekabr 2017 Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur.
15 Noyabr 2017 Görəsən, nə vaxt uçacayıq...

Xəbər lenti