.

“Pandemiya dövründə tibb işçilərinin maaşlarına əlavə ödənişlərin ediləcəyi deyilsə də, heç bir artım olmayıb”.

Bakıda 39 saylı Şəhər Poliklinikasının və Maştağada 7 saylı Birləşmiş Xəstəxananın həkimləri maaşlarda artımın olmamasından şikayət edirlər.
Redaksiyamıza ünvanlanan şikayətdə həkimlər gücləndirilmiş iş rejimində çalışdıqları növbələrin əlavə ödənişlərini almadıqlarını deyirlər:
“İki gün xəstəxanada, bir gün evdə qalmışıq. Ağır rejimdə çalışırıq. Pandemiya ilə əlaqədar olaraq, tibb işçilərinin əməkhaqlarının artırılacağı deyilsə də, biz bunu görmədik. Operativ qərargaha da müraciət etmişik. Onlar deyir ki, bununla bağlı TƏBİB-ə müraciət edək. Yenidən TƏBİB-in “qaynar xətti” ilə əlaqə saxladıq. Oradan isə bizim tibb müəssisəsi ilə əlaqə yaradılacağını dedilər.
Aidiyyəti qurum tərəfindən bizim müəssisəyə zəng olunub və mart-aprel ayları üzrə növbədə olan tibb işçilərinin siyahısı tələb edilib. Mənim 14 il iş stajım var. Normal maaşımız 447 manatdır. Qərara görə, stajdan asılı olaraq, maşımızın iki və ya üç mislini almalı idik. Amma heç nə almadıq. Siyahı təqdim olunubsa, biz nə üçün maaşlara əlavələrimizi almamışıq?
İstirahət günləri, bayram günləri nəzərə alınmadan, bizi işə çağırıblar. Nə gecə növbəsinin əlavəsini almışıq, nə də mövcud vəziyyətlə bağlı çalışdığımız əlavə günlərin. Biz başa düşə bilmirik ki, bu problem çalışdığımız tibb müəssisələrində kadrlar şöbəsindən, TƏBİB-dən, yoxsa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən qaynaqlanır. Bu məsələ ilə bağlı tibb işçilərinə çox laqeyd yanaşırlar”.
Eyni zamanda, bənzər vəziyyət Bakıda 39 saylı poliklinikada da müşahidə edilir. Orada çalışan tibb işçiləri də eyni vəziyyətdən şikayətçidir:
“Sırf pandemiya ilə bağlı xəstəxanalarda çalışan tibb işçilərinə deyil, digər həkimlərə də əlavə ödənişlərin şamil ediləcəyi deyilmişdi. Pandemiya xəstəxanalarında çalışan tibb işçilərinə maaşlarının bir neçə misli dəyərində əlavələrin ödəniləcəyi bildirilmişdi. Terapevtlərin yalnız bir hissəsinə, dar ixtisas həkimlərinin isə heç birinə ödəniş edilməyib.
Biz özümüz də deyildiyi qədər əlavə ödəniş almadıq. Bəzən elə bilirlər ki, həkimlər işləməkdən şikayət edir. Xeyr, bu, bizim işimizdir, vətəndaşlara xidmət edirik. Amma istirahətsiz, ailəmizdən, uşaqlarımızdan uzaqda neçə gün ardıcıl işləmişik.
Biz də sağlamlığımızı qorumalıyıq ki, vətəndaşlara keyfiyyətli xidmət göstərək. Elə həkimlərimiz var ki, körpə uşaqlarını evdə qoyub, xəstəxanada növbədə qalıblar. Xahiş edirik, bu problemin həllində bizə kömək edin”.
Mövzu ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə əlavə ödənişlər edilib:
“Prezident İlham Əliyevin sərəncamına və Nazirlər Kabinetinin qərarına uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq müddətli əlavə ödənilib.
Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən işçilər haqqında siyahı dövlət tibb müəssisələri tərəfindən Agentliyə göndərilir. Nəzərinizə çatdırırıq ki, siyahılara uyğun olaraq Agentlik tərəfindən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasından 55 tibb və qeyri-tibb işçisinə, 39 nömrəli Şəhər Poliklinikasından isə 78 tibb və qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq müddətli əlavə ödənilib”.
Cavabda dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən aprel ayı üzrə müddətli əlavələrin ödənilməsi prosesinin davam etdirildiyi də qeyd olunub.

Xəbər lenti