.

Əkbər QOŞALI
Beynəlxalq ALAŞ Ədəbi Mükafatı laureatı

Adı kimi: FƏRQANƏ...
 
FƏRQANƏ adı kimiydi: Şair olaraq da, insan olaraq da. – O, bütün çətinliklərə baxma­yaraq, ikiləşməmişdi zatən –  həmişə, hər yerdə fərqanəydi, Fərqanə...
Sözü özü olmayan, özü sözündən çox fərqlənənlərdən fərqli olaraq, FƏRQANƏ özü kimiydi, sözü kimiydi: içi də, dışı da birdi, gözəldi.
– Əslində, elə belə də olmalıdı; ancaq dörd tərəfimizə azacıq göz gəzdirincə, necə bir uyğunsuz mühit (mühitsizlik) içində oldu­ğumuzu gör­mürükmü, bəyəm? Bilmirikmi, kim kimdir, nə nədir? Ədəbiyyat təsərrüfatımızın iştirakçıları arasında ədəbiyyatın və ədəbin “ə”-sinə, şəxsiyyətin və şeirin “ş”-sına dəxli olmayan... ən ağırı – səmimiyyət və sevginin “s”-sına yaxından-uzaqdan bağlılığı görünməyənlər bir deyil, beş deyil...
Elə ona görə də, FƏRQANƏnin qeyri-adi kimi görünən sabitqədəmliyi, səmimiliyi, sözündə də özü olması bizlərə qəribə, fərqanə görünürdü...

 
Mən bir söz bilirəm – dilimə alsam,
Alimlər dilimi kəsərlər mənim.
Sözümü asallar dar ağacından,
Özümün üstümdə əsərlər mənim.” deyən şair İbrahim İlyaslıya
 
Ərk elə yavaş-yavaş,
O sözü mənə denən.
"Bacın ölsün, ay qardaş!"
O sözü mənə denən.
 
…Sirr açmağa naşı bil,
Bir igidin yaşı bil.
Qadınamsa kişi bil –
O sözü mənə denən.” deyəndə də özü idi FƏRQANƏ – səmimi, yanarürəkli...
Və mənə “Məni Fərqanəyə apar, Fərqanəyə apar məni” xoşməramlı ərkində bulunanda da özü idi, özü idi. Heyif, çox heyif, FƏRQANƏ qardaş Özbəkistanda, adaşı vilayətdə ola bilmədi, alındıra bilmədik bir türlü, gah belə oldu, gah elə... Ümid edirdim, o səfər baş tutacaq və şair şəhər adaşı ilə görüşəcək... biz də bu adaş görüşündən doğulan yeni şeirlərin zövqü-səfasını, savabanı bö­lü­şəcəyik... Bir də, axı biz ona ölümmü yaraşdırırdıq? Yaraşdırmadığımız üçün də, tələsmirdik... Keşkə də, rəhmətlik Cabir Novruzun “Tələsin, insanlar!” nidalı çağırışına cavab versəydik, keşkə...– Ancaq o, özü özündəkini bilirdi –  necəki sözündəkini bilirdi... o üzdən bir an öncə, bir an öncə xəyallarına, diləklərinə, planlarına, sabahlara can atırdı, can atırdı...
 
Oğlunun adını ÜLFƏT qoyan FƏRQANƏ...
Nəvəsinin adını SEVGİ qoyan FƏRQANƏ...
 
  “Şairlər bölünməz, bütün olurlar,
  Tüstüsü çıxmayan tütün olurlar;
  Şair balaları yetim olurlar,
  Siz məni qoymayın şair olmağa…” yazan FƏRQANƏ...
 
 Başdaşı yonana deyən FƏRQANƏ ki:
 “Yonduğun məzar daşları
  Sənə dərd, azar verməsin.
  Ay müştəri gözləyənim, 
 Heç Allah bazar verməsin”…
 
Həqiqətləri zalımca yazan, deyən FƏRQANƏ...
Bizim FƏRQANƏ, adı kimi fərqanə FƏRQANƏ...
 
Vəfatı da fərqanə oldu – bir rəsmi titulu, aşan-kaşan var-dövləti və arxada qoy­duğu övladlarının, ailə mənsublarının alababat vəzifəsi olmayan bir xanım yazarın vəfatı sosial şəbəkənin Azərbaycan seqmentini tutmuşdu və bu tutqu hələ də davam edir, ortaq dostlarımızla yazışmamısz, danışmamız onun adını yad etmədən keçmir... O bu sayğını bilirdi hər halda, o bu sayğını görürdü – amma nə sağlığında, nə gözlərini işıqlı dünyaya əbədi yumduqdan sonra büruzə vermirdi... Bu sevgilər səmimiydi, onun oxucularının, həmkarlarının, dostlarının, hamının, ha­mının göynərtisi, göz yaşları içdəndi, ürəkdəndi...
Özü də, karantin günlərində,
özü də Ramazan ayında,
özü də havanın çox isti vaxtında... o qədər insanın FƏRQANƏgilin həyətinə yığışdığını ki mən gördüm... ruhunun şad olduğuna dəli bir inamım var!
Tanrı o dünyanı versin, şair!
Şairə nə lazımdır? – istedad – varınıydı;
oxucu – varındı;
sevgi seli – bir daha, bir daha şahid olduq...
Daha bunlardan sonra yerinin Cənnət olmağına şübhəmi edəcəyik..?
 


 
 
 

Xəbər lenti