.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalarla bağlı maarifləndirmə işlərinin və mövcud durumla bağlı təhlilin aparılması” layihəsi çərçivəsində monitorinq aparılmışdır. Monitorinq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin, TƏBİB, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin internet saytlarında həyata keçirilmişdir.
http://sosial.gov.az/; http://www.sehiyye.gov.az/; https://edu.gov.az/; https://mys.gov.az/; https://www.taxes.gov.az/;  https://its.gov.az/  http://www.azerenerji.gov.az/ saytları 40 gün ərzində izlənilmişdir. Monitorinq 27 sentyabr-07 noyabr tarixləri arasında keçirilmişdir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsinin monitorinqi göstərmişdir ki, saytda Azərbaycan-Ermənistan arasındakı müharibə xəbərləri haqqında rəsmi informasiyalara geniş yer verilmişdir. Görünür, bu da sentyabrın 27-də Qarabağ cəbhəsində müharibənin başlaması ilə əlaqədar olmuşdur. Keçirilən sorğulara istinad edərək demək mümkündür ki, bu dövrdə əhalinin ən çox gözləntiləri də məhz bu nazirlikdən olmuşdur. Belə ki, insanlar sosial problemlərinin həlli ilə bağlı müharibəni nəzərə alaraq hay-küydən uzaq, sakit tərzdə cavablar gözləmişlər. Xüsusilə, gözləntilər arasında aztəminatlı ailələr, təqaüdçülər, döyüşlərdə iştirak edənlərin ailə üzvləri və s. üstünlük təşkil etmişdir.
Oktyabrın 3-də “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Silahlı Qüvvələrimizin uğurlu hərbi əməliyyatları nəticəsində işğaldan azad edilməkdə olan torpaqlarımızda öz fəaliyyət istiqamətləri üzrə hər kəsi xidmətləri ilə əhatə edəcək” başlıqlı xəbərlə ictimaiyyətin diqqətini çəksə də, bunun nədən ibarət olacağını açıqlamamışdır.
Nazirlik oktyabrın 15-də tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və dünyanın aparıcı onlayn tədris sistemi “Coursera”nın iş birliyi çərçivəsində “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” üzrə üç aylıq kurslara başlanacağını elan etsə də, detallar kifayət qədər qaranlıq qalıb. İnsanlar nəinki kurslara həvəsləndirən nüanslara yer verilməyib, hətta onlar cavabı bəlli olmayan çoxsaylı suallarla qarşılaşıblar.
Oktyabrın 5-də “bu gün DOST mərkəzlərinə artıq  200 000-ci vətəndaş müraciəti qeydə alınıb”, “Nazirliyin rəhbərliyi və aparatı, eləcə də tabelikdə olan qurumların (DOST, Məşğulluq, Sosial Xidmətlər, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlikləri, DSMF, Əmək Müfəttişliyi Xidməti və b.) rəhbərliyi və əməkdaşları könüllü olaraq aylıq vəzifə maaşlarından ordumuza maliyyə dəstəyi ianə edirlər”, “Əhaliyə bu ilin 9 ayında ötən ilin eyni dövrünə nisbətən 24,8% və ya 853,8 mln. manat çox olmaqla  4 mlrd. 302 mln. manat ödənilib” və s. kimi informasiyaların daha çox Nazirliyin təbliğinə həsr olunduğu hiss edilməkdədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə fərdi evlərin təqdim edilməsi ilə bağlı informasiyası müharibə dövründə öz aktuallığı ilə diqqəti daha da çəkib. Göstərilir ki, 3 rayonda 19 fərdi yaşayış evi (o cümlədən, Balakəndə 13, Şəkidə 3, Oğuzda 3 ev) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verilib. Belə məlumat oktyabrın 10-da, 28-də, 30-da və noyabrın 5-də də verilib. Belə ki, xəbərdə qeyd edilir ki, oktyabrın 10-da Lerik, Xızı və Qubada, oktyabrın 28-də isə Şəki və Oğuz rayonlarında 24 ev (o cümlədən Şəkidə 9, Oğuzda 15 ev), oktyabrın 30-da Zərdab, İmişli, Göyçay və Kürdəmir rayonlarında 20 fərdi yaşayış evi,noyabrın 5-də Quba, Balakən, Naftalan, Xızı, Kürdəmir rayonlarında 22 yeni inşa olunmuş ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Nazirliyin rəsmi saytının təhlili göstərir ki, fəaliyyət daha çox nəticələr üzərində qurulub. İnsanlar bu dövlət qurumunun fəaliyyətindən bəhrələnmək üçün əvvəlcədən elan edilmiş fəaliyyətlərlə tanış edilmirlər. Yalnız həmin fəaliyyətlərin nəticələri haqqında məlumatlandırılırlar. Bu isə vətəndaşlar arasında birmənalı qarşılanmır və fəaliyyətin obyektivliyinə, həqiqiliyinə şübhələrin meydana çıxmasına şərait yaradır. Məsələn, oktyabrın 7-də “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cəbhəyanı rayonlarda 650 şəxs mal və materiallar formasında aktivlərlə təmin olunublar” xəbəri yuxarıdakı fikri təsdiq edir. Yaxud oktyabrın 21-də 2020-ci il ərzində özünüməşğulluq proqramı çərçivəsində 12 min ailənin  kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkünlərə, ünvanlı sosial yardım alan ailələrin üzvlərinə, qadınlara daha çox üstünlük veriləcəyi bildirilsə də, detallar açıqlanmır. İnsanlar məlumat alsalar da, onun reallaşdırılması yolları barədə informasiyasız qalırlar.
Oktyabrın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədilə kommersiya banklarının icra etdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə müraciətlərin qəbulunun davam etdiyini elan etsə də, məlumatın kifayət qədər əhatəli olmadığı görünür.
Saytda verilən xəbərlərin bir-birindən seçilməməsi onlara qarşı diqqətin azalmasına səbəb olur. Rəsmi dövlət xəbərləri, dövlət başçısının fəaliyyətini əhatə edən məlumatlar, bildirişlər və nazirliyin fəaliyyətinin nəticələri haqqında informasiyalar bir-birindən fərqləndirilməyib. Bununla da oxucu axtardığı informasiyanı asanlıqla əldə etməkdə çətinliklə qarşılaşmalı olur. Eyni zamanda, informasiyalar arasında nisbətin qorunmaması Nazirliyin qarşısında hansı məsələnin prioritet təşkil etdiyini söyləməyə imkan vermir. 
Oktyabrın 15-də saytda qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları işğalçı Ermənistan tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində hər iki valideynini itirmiş uşaqlarla görüşüblər.Faciədən dərin sarsıntı keçirən 16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseynin  sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi aparılıb. Onların zəruri sosial-psixoloji xidmətlə təmin olunmaları üçün mütəxəssis ayrılacaq. Bu xəbərin təhlili göstərir ki, Nazirlik ictimaiyyətin gözləntilərini ya yerinə yetirməyib, ya da fəaliyyətini olduğu kimi işıqlandıra bilməyib. Belə ki, valideynlərini itirmiş uşaqların sosial, maddi və s. təminatını bu Nazirlik yerinə yetirib ictimaiyyətə məlumat verməli olduğu halda bunu etməyib.
Oktyabrın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yanvar-sentyabr aylarında vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 180 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib - informasiyası verilməklə nazirlik üzərinə götürdüyü vəzifəni məsuliyyətlə icra etdiyi barədə vətəndaşlarda təəssürat yarada bilib.
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin saytında monitorinq aparıldığı 40 gün ərzində 180 informasiya, 11 elan yerləşdirildiyi qeydə alınmışdır. Elanlardan 7-si satınalmalarla bağlı, 2-si xaricdə təhsillə, 2-si isə daxili müsahibə ilə bağlı olmuşdur.
 
Elanlar əsasən tender və onun nəticəsi ilə bağlıdır. Məsələn bir elanda göstərilir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2 oktyabr 2020-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə 2020-2021-ci tədris ilinə “Rəqəmsal bacarıqlar” layihəsi üçün iş dəftərlərinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin Tender Komissiyasının qərarına əsasən qalibi “Çaşıoğlu Elm-İstehsalat” MMC olub və 4 noyabr 2020-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
Nazirliyin fəaliyyətinin əhatə olunması baxımından aşağıdakı məzmunlu elanlar da diqqəti cəlb edir. Bunlar nazirliyin birbaşa fəaliyyətinə yönəlib. Belə ki, bu cür elanlarda Təhsil Nazirliyi vəzifənin tutulması üçün daxili müsahibə elan etdiyini bildirir. Digərində isə Koreya Respublikası 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edildiyi və 2019-2023-cü illər Dövlət Proqramı çərçivəsində Xaricdə Doktorantura Təhsili almaqla bağlı şərtlər açıqlanır.
Təhlillərin nəticəsi göstərir ki, elanların sayı ilə həyata keçirilən tədbirlərin miqdarı arasında uyğunsuzluq var. Bu da Nazirliyin bütün fəaliyyətinin ictimaiyyət üçün tamamilə açıq olması ilə bağlı hökm verməyə mane olan amil kimi çıxış edir. Belə ki, elanlarda son nəticənin açıqlanması verilir, halbuki ilk növbədə onun şərtləri və inkişaf istiqaməti açıqlanması daha yaxşı olardı.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin saytında monitorinq müddətində xəbərlərlə zəngin olub və onların sayı yuxarıda qeyd edildiyi kimi 180-ə çatıb. Analizlərin nəticəsi göstərir ki, xəbərlərin əsas hissəsi nazirliyin fəaliyyətinə həsr olunub və görülən işlərin və planlaşdırılan fəaliyyətin ictimaiyyətə çatdırılmasına yönəlib. Digər xəbərlər demək olar ki, yoxdur və onlar da nazirliyin fəaliyyəti ilə əlaqələndirilə bilib ki, bu da onun işi ilə bağlı hərtərəfli informasiya alınmasına xidmət edir. Məsələn, oktyabrın 2-da qeyd edilir ki, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqını Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə bağlı müjdəli xəbərlə sevindirdi.Biz də bu təbriklərə qoşularaq Qubadlı rayonunun təhsil statistikasını diqqətinizə çatdırırıq. Göründüyü kimi, Nazirlik torpaqlarımızın azad edilməsini özünəməxsus qaydada həm təhsil işçilərinə çatdırır, həm də fəaliyyətini işıqlandırır.
Saytda, eyni zamanda, Nazirliyin keçirdiyi tədbirlər, həyata keçirdiyi layihələr ictimaiyyətə təqdim olunur. Müharibə və karantin şəraitində orta, peşə və ali təhsil müəssisələrində dərslərin idarə olunması ilə bağlı çoxsaylı göstərişlər yer alır. Onlayn dərslərin gündəlik cədvəli verilir. Orta məktəblər üçün direktor seçilməsi müsabiqəsinin şərtləri açıqlanır.
"Qarabağın məşhur müəllimləri" rubrikası adı altında Qarabağda doğulmuş və özündən sonra irs qoyub getmiş müəllimlər mövcud zamanın ruhuna uyğun olaraq təqdim edilir. Burada iki mühüm məqam diqqəti cəlb edir. Birincisi, Qarabağ məsələsi gündəmdə olur, təbliğ edilir, unudulmağa imkan verilmir. İkincisi, Qarabağ sırf təhsil sferası baxımından ictimai fikirə çatdırılır, yəni Nazirlik sırf öz işini görür, ümumi xarakterli məlumatlarla fəaliyyətini gizlətmir.
Bütün bunlara baxmayaraq, çox təəssüf ki, Nazirliyin saytında müharibə dövründə təhsil müəssisələrinin 2 həftəlik tətilə göndərilməsi və dərslərin nə vaxt başlaması ilə bağlı ictimaiyyəti narahat edən suallara cavab verilmir.Bəlkə də bu həmin vaxt qeyri-müəyyənliyin mövcudluğu ilə bağlı olmuşdur.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin saytının monitorinqi də maraqlı nəticələr doğurub. Belə ki, monitorinq müddətində 53 xəbırin təqdim edildiyi bəlli olub. Bunlardan 40 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı olub, digər 13-ü isə Nazirliyin fəaliyyətinə həsr edilib. Operativ Qərargahım məlumatlarında ölkəmizdə gündəlik Covid-19-a yoluxan, sağalan və ölən şəxslərin sayı əks olunub.
Nazirliyin fəaliyyəti ilə bağlı xəbərlər onun fəaliyyətinin əhatə dairəsi haqqında ətraflı təssürat yaradır. Bunların bəzilərini təqdim etməklə təhlilin nəticələrinin daha obyektiv olmasını təmin etmiş olarıq. Belə ki, xəbərin birində qeyd edilir ki, sentyabrın 29-da Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Səhiyyə naziri Oqtay Şirəliyevə telefon zəngi edib. Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Ermənistanın Azərbaycan torpaqlarına hücumunu və dinc əhalini atəşə tutmasını qınamış, və işğalçı Ermənistanın Azərbaycana terrorçu, xain təcavüzü nəticəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Başqa bir məlumatda isə göstərilir ki, sentyabrın 29-da Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq, davam edən COVID-19 pandemiyası şəraitində, hər il olduğu kimi “2020-2021-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” Əmr imzalayıb.
Nazirliyin fəaliyyətini əks etdirən başqa bir xəbərdə isə deyilir ki, noyabrın 3-də Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova müsahibə verib. Burada müsahibə bütövlükdə verilib.
Digər bir məlumatda isə bildirilir ki, Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinin üçüncü monitorinqi həyata keçirilib. İşçi qrupunun üzvü Nailə Daşdəmirova müsahibə verərək, bildirib ki, hal-hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı dayanmadan artması ilə əlaqədar sahə tibb məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib. Onun verdiyi məlumata görə, məntəqələr həftənin 6 günü (bazar günü istisna olmaqla) səhər saat 08:00-dan axşam saat 20:00-dək fəaliyyət göstərməkdədir. Nailə xanım onu da qeyd edib ki, iş yükünün artması sabəbindən məntəqələrə əlavə tibb işci heyəti də cəlb olunub. Müsahibəsini davam etdirən Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova sahə məntəqələrinin tibbi heyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunması haqqında da danışıb. Onun sözlərinə görə, sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümünələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir necə saat ərzində əldə olunması və nəticədən asılı olaraq müfaviq tədbirlərin görülməsini qeyd edən Nailə Daşdəmirova fikrini tamamlayıb.
Oktyabrın 29-da saytda Yekun attestasiya üzrə test mərhələsinin 18-19 noyabr 2020-ci il tarixlərində Azərbaycan Tibb Universitetinin İmtahan mərkəzində keçiriləcəyi elan olunub. Xəbərdə yekun attestasiya ilə bağlı bütün detallar ətraflı şəkildə açıqlanmışdır.
Oktyabrın 29-da Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayevin müsahibəsi verilib, O, Azərbaycanda COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən söhbət açıb.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi internet saytında gedən xəbərlərin təhlili göstərir ki, Nazirlik ölkənin səhiyyə sisteminin idarə olunması, vətəndaşların sağlamlığının qorunması məsələlərini öz portalında əks etdirməyə çalışmayıb.
Azərbaycan RespublikasınınGənclər və İdman Nazirliyinin rəsmi saytında monitorinq müddətində 106 xəbər verilib. Xəbərlərin təhlili nəticəsində onları aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
1. Qarabağda gedən döyüşlərlə bağlı məlumatlar
2. Cəbhəyə dəstək aksiyaları (yerli strukturlarla birgə)
3. Nazirliyin rəsmi məlumatları
4. Digər xəbərlər
Sentyabrın 27-də Azərbaycan-Ermənistan arasında müharibənin başlaması, görünür, Nazirliyin fəaliyyətinə təsir göstərib. Buna görə də, əksər fəaliyyət Qarabağ cəbhəsinə və aparılan döyüşlərə həsr olunub. Üstəlik, ölkəmizdə karantin şəraitinin hökm sürməsi idman yarışlarının keçirilməsini qadağan etdiyindən, bu sahədə heç bir məlumata rast gəlinməməsi ilə nəticələnib. Amma bununla belə Nazirliyin idmanın inkişafı ilə bağlı cəmiyyəti maraqlandıran alternativ yollar haqqında hər hansı cəhd göstərdiyi də müşahidə olunmayıb. Baxmayaraq ki, cəmiyyətin böyük hissəsi bu sahədə olan suallarına cavab axtarmaqda və yeni təkliflər gözləməkdədir.
İdman federasiyaları və gənclər təşkilatlarının fəaliyyəti Qarabağ cəbhəsində aparılan hərbi əməliyyatlara dəstək məqsədilə - "Orduya dəstək aksiyası" adı altında keçirilən tədbirlərdə yer alıb. Bu aksiya daha çox ictimai xarakter daşıyıb, bayrağımızın avtomobillərə vurulması, idmançıların video çarx şəklində dəstəyi və s. şəklində olub.
Nazirliyin fəaliyyəti ilə bağlı rəsmi xəbərlərdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin keçirdiyi 4 görüş haqqında məlumat verilib. Bu görüşlərin Nazirliyin fəaliyyətini kifayət qədər ifadə etməsi sual altındadır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin rəsmi internet saytı fərqli şəkildə tərtib edilib və daha çox xidmət sahəsinə yönəldiyi görsənir. Yəni https://www.taxes.gov.az/az saytına daxil olmaqla sahibkarlar vergi işləri ilə bağlı ən müxtəlif on-line xidmətlərdən bəhərələnə bilərlər. Sayt bir növ ixtisaslaşmış xidmət göstəməyə hesablanıb. Ona görə də saytın daimi olaraq təzə informasiyalarla yeniləndiyini müşahidə etmək mümkün deyil.
Bununla belə Vergi Xidmətinin monitorinq müddətində fəaliyyətini əks etdirən 14 yeni məlumat verildiyi görünür. Bu məlumatlar cəbhə bölgəsinə yardıma, Vergilər Xidmətinin rəhbərliyinin beynəlxalq təmasları və COVİD-19-la bağlı İqtisadiyyat Nazirliyi tərəfindən sərtləşdirilmiş karantin rejimində yaşayan sahibkarlara kömək göstərilməsi ilə bağlı olmuşdur.
Bu xəbərlərdən bir neçəsini qeyd etməklə, Vergi Xidmətinin monitorinq dövründə öz fəaliyyətini necə qurduğu haqqında təsəvvürlər yaratmaq mümkündür. Belə ki, verilən xəbərin birində göstərilir ki, Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında karantin rejiminin sərtləşdirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətində yenidən məhdudlaşmalara səbəb olub.Yaranmış vəziyyətdə sahibkarlıq subyektlərinin zərərlərinin azaldılması, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması, sahibkarlıq subyektləri üzrə iş yerlərinin qorunub saxlanılması məqsədilə qeyd edilən şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin davam etdirilməsi barədə qərar qəbul edilib. Belə ki, bu şəhər və rayonlar üzrə muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə maliyyə dəstəyi 9.300 işçisi olan 1.900-dək, fərdi (mikro) sahibkarlar üzrə maliyyə dəstəyi isə 13.000-dən yuxarı vergi ödəyicisini əhatə edəcək.
Saytda göstərilən müddət ərzində izlənilən xəbərlərdən yalnız 4-ü birbaşa vergilərə aid olub.
Öz fəaliyyətinə həsr olunan xəbərin birində deyilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mütərəqqi dəyişikliklərin aparılması, səmərəliliyin artırılması, bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi və sadələşdirilməsi prosesini davam etdirir. Bəyannamə (hesabat) formaları ilə praktiki işləyən vergi ödəyicilərinin də fikirlərinin və təkliflərinin öyrənilməsi məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi saytında “Bəyannamə formalarına dair təkliflərin verilməsi” adlı bölmə yaradılıb. Bu xəbər göstərir ki, Vergi Xidməti vətəndaşlarla əks əlaqənin yaradılmasında, onların təklif və mülahizələrinin nəzərə alınmasında maraqlıdır.
Daha bir məlumatda isə bildirilir ki, işğal altında olan rayonlarda və cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikro və kiçik  sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə həmin subyektlərə münasibətdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15.10.2020-ci il tarixində “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq, müvafiq qərar qəbul edilib. Belə ki, bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiqi edilməsi hissəsi ləğv edilib.
Qəbul edilmiş qərarla 2013 vergi ödəyicisinin 6 milyon 544,3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergi ödəyicisinin 103 min manat, cəbhəyanı rayonlar üzrə isə 1822 vergi ödəyicisinin 6 milyon 441,4 min manat məbləğində maliyyə sanksiyası ləğv olunub.
Vergi Xidmətinin informasiyalarının sayı az olmasına baxmayaraq onun daha çox vergi ödəyicilərinin maraqlarını ifadə etməyə yönəlməsi təqdirəlayiq qiymətləndirilməlidir. Bununla belə informasiyaların təhlili göstərir ki, dinamik vergi sistemi saytda adekvat təqdim edilə bilməyib.
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin internet saytında monitorinq müddətində 8 yeni informasiya verildiyi aşkarlanıb. Tender haqqında 10 elan verilib. Rəsmi səhifədə “Tədbirlər” və “Görüşlər” bölməsi isə tamamilə boşdur və ora heç bir informasiya yerləşdirilməyib.
Sayta "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti barədə ətraflı məlumat əldə etmək olar. Bununla belə orada interaktivliyin az olduğunu da qeyd etmək lazım gəlir. Səhifənin canlı olmadığı haqqında təəssürat yaranır. Bunu verilən xəbərlərdən də aydın görmək mümkündür.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisaytında monitorinq dövründə 5 məlumat dərc edilib. Bu məlumatları izləməklə Agentliyin fəaliyyətinə qiymət vermək mümkündür. Belə ki, sentyabrın 29-da dərc olunan məlumatda bildirilir ki, koronavirus epidemiyası ilə bağlı daxil olan müraciətlərin 4892-si koronavirus şübhəsi, 11963-ü özünütəcrid müddəti, 13 890-ı müayinə və müalicə ilə bağlı olub. İcbari tibbi sığorta və digər məsələlərlə bağlı daxil olan müraciətlərin 810-u əlillik məsələləri, 854-ü dərman təchizatı, 4873-ü sosial məsələlər barədə olub.
Oktyabr və noyabr ayının 6-da isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə əvvəlki aylar üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavələrin ödənildiyi xəbər verilir.
Agentliyin oktyabrın 29-da verilən müraciətində isə ölkəmiz üçün bu məsuliyyətli dönəmdə xalqın birlik və həmrəylik nümayiş etdirərək dövlətə dəstək olması bildirilərək, vətəndaşlar tərəfindən orduya dəstək aksiyaları yüksək vətənpərvərlik hissi ilə ümumxalq hərəkatına çevrildiyi bildirilir. Daha sonra isə deyilir ki, son zamanlar bir çox azərbaycanlı iş adamlarının səhiyyəyə, dolayısı ilə orduya dəstək məqsədli müraciətləri çoxalmaqdadır. İş adamları ölkə üzrə tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılmasına dəstək olurlar. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) həmin şəxslərə öz təşəkkürünü bildirir və bu fəaliyyəti yüksək qiymətləndirərək, yardımların mərkəzləşdirilməsinin vacibliyini vurğulayır.
Noyabrın 5-də verilən məlumatda isə bildirilir ki, koronavirus epidemiyası ilə bağlı xəttə daxil olan müraciətlərin 4892-si koronavirus şübhəsi, 11963-ü özünütəcrid müddəti, 13 890-ı müayinə və müalicə ilə bağlı olub. 
Bütün bunlarla yanaşı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında COVİD-19-la bağlı gündəlik statistika da əks olunub. Həmçinin koronavirus xəstələrinə məsləhətlər verilib.
 
Hesabat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən Ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalarla bağlı maarifləndirmə işlərinin və mövcud durumla bağlı təhlilin aparılmasılayihəsi çərçivəsində Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İB tərəfindən hazırlanmışdır.
 
 
 
03 Dekabr 2020 Vətən müharibəsində şəhid olanların sayı açıqlandı - Rəsmi
03 Dekabr 2020 Ərdoğan Bakıya gələcək
01 Dekabr 2020 Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizləndi
28 Noyabr 2020 Hamı Bakının bu təklifini qəbul etməlidir - Çavuşoğlu
25 Noyabr 2020 MN: Ordumuz Kəlbəcərə daxil oldu
24 Noyabr 2020 "Şuşa əməliyyatı tarixdə əbədi qalacaq” - Prezident
23 Noyabr 2020 İlham Əliyev və Mehriban Əliyeva Ağdam Cümə məscidində olublar-Video
23 Noyabr 2020 Rus hərbçilər Ağdamdan çıxdı- Mövqeləri Azərbaycan Ordusu tutdu...-VİDEO
21 Noyabr 2020 Prezidentin köməkçisi “Euronews”un Füzuli ilə bağlı reportajını paylaşdı - VİDEO
20 Noyabr 2020 “Qarabağ məsələsinin həlli bizim üçün vacibdir” - Rusiya prezidenti
20 Noyabr 2020 Prezident İlham Əliyev xalqa müraciət etdi - Video
19 Noyabr 2020 Prezident yanında Şuranın dəstəyi ilə bəzi qurumların informasiyanı açıqlamasının vəziyyəti təhlil edilib
18 Noyabr 2020 Ermənistan bununla fərqini bir daha göstərəcək - PA rəsmisi
18 Noyabr 2020 Şuşanın adı yazılmış yeni lövhə himn sədaları altında şəhərdə yerləşdirildi - VİDEO
17 Noyabr 2020 Rusiya prezidenti: “Beynəlxalq hüquqa görə, Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub”
17 Noyabr 2020 30 illik Qarabağ həsrətinə son qoyuldu !
15 Noyabr 2020 Ceyhun Bayramov Lavrovla danışdı
14 Noyabr 2020 Putin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə Qarabağda razılaşmanın icrası məsələlərini müzakirə edib
13 Noyabr 2020 Ermənilərin evləri yandırmasının əsl səbəbi – Video
12 Noyabr 2020 İlham Əliyev 2 fərman imzaladı
11 Noyabr 2020 Rusiyanın sülhməramlıları Laçın dəhlizini nəzarətə götürdü
11 Noyabr 2020 "Çavuşoğlu qısa müddətdə Azərbaycana 5 dəfə gəlib" - Ceyhun Bayramov
11 Noyabr 2020 "Şuşa şəhərinin adı “Şuşi” deyil” - Hikmət Hacıyevdən Fransaya CAVAB
10 Noyabr 2020 ETSN-dən xəbərdarlıq: Leysan olacaq, qar yağacaq
10 Noyabr 2020 Rusiyalı sülhməramlılar ilk 5 təyyarə ilə Qarabağa uçdu - Rəsmi açıqlama
10 Noyabr 2020 Prezident: "30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi"
10 Noyabr 2020 Azərbaycan Prezidenti: "Hər kəs bizim gücümüzü gördü,hər kəs bizim dəmir yumruğumuz nədir, anladı"
10 Noyabr 2020 İlham Əliyev: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”
09 Noyabr 2020 Çavuşoğlu Azərbaycanı təbrik edib
09 Noyabr 2020 Bu gün Dövlət Bayrağı Günüdür

Xəbər lenti