.

Vüsalə Qələndərli
Yazı “Nar” və TƏBİB-in birlikdə keçirdikləri "Günün Qəhrəmanları" müsabiqəsi çərçivəsində hazırlanıb

Ardını oxu...

.

Milli Məclisdə elə deputatlar var ki, cəmiyyət onların adını bilmir. Amma mülklərinin sayı-hesabı yoxdur, var-dövlətlərini bir aya hesablayıb qurtara bilməzsən. Şirkətlər, apteklər, bazarlar, saxta dərman istehsalından tutmuş əxlaqsızlıq yuvasına qədər hər şeydən pul qazanırlar. O deputatlar heç vaxt nə mətbuata müsahibə verir, nə efirlərə çıxır, nə də nömrəsinə zəng çatır. Hamısı öz kefində, damağındadır. Nə danışa bilirlər, nə də danışmaq istəyirlər. Camaatın qabağına çıxıb danışmağı ümumiyyətlə, özlərinə sığışdırmırlar. Belə deputatlar ən çox ya yuxarıya möhkəm tellərlə bağlı adamlar olur, ya da yuxarı ilə qohumluq əlaqəsi olanlardır. Biri də var Milli Məclisin Elman Nəsirov kimi yetim deputatları.

Ardını oxu...

.

Jalə Mütəllimova



Milli Şuranın yayılan videosunda hamı Qənimət Zahiddən danışdı. Onun “bizim işimiz dövləti şantaj etməkdir” ibarəsinə diqqət kəsildi həm də. Mənimsə diqqətimi bu müzakirələrdə ən az görünən və ən az danışan, hamını dinləyən, “müdrikcə susan” Rahim Hacıyev çəkdi.

Ardını oxu...

.


Əsgərlik bir mərdlik məktəbi, qoçaqlıq imtahanıdır. Hələ sovet əyyamından bu fikri üstün saymışıq. Demişik ki, əsgər olmaq oğul adı daşıyan hər kəs üçün çox zəruri bir həyat sınağıdır. Sağlamlığın izn verirsə, hökmən vətənə əsgər olmalısan. Əgər qeyri-obyektiv səbəblərə görə əsgər imtahanından keşməyibsənsə, demək, nəinki ər olmağa, heç qonşuluğa da yaramırsan. Ona görə də əsgərlik şərəfi çağırış vərəqi təqdim edildiyi andan duyulur və bu münasibətlə ailə daxilində bəzən kiçik, bəzən isə daha izdihamlı yolasalma mərasimi keçirilir.

Ardını oxu...

.

Onsuz da mümkün olduqca mütaliə etməyə çalışıram. Amma son günlər dünyanın öz başına açdığı bəladan – daha doğrusu öz əlləri ilə başına qoyduğu tacdan – “korona” virusundan dolayı mütaliə üçün daha çox vaxtım olur. İstəsən də istəməsən də, xoşuna gəlsə də gəlməsə də bu vəziyyətlə barışmaq və ayaqlaşmaq məcburiyyətindəsən. Özünün, ailənin və cəmiyyətin sağlamlığı üçün!

Ardını oxu...

.
Heç nə itirmədən oxuya bilməyəcəyiniz yazılarımdandı bu.
Heç nə itirmədən nəsə tapacağınıza da gümanım yoxdu...
Ruhun varlığına ilk dəfə "Bir Şəhidin monoloqu”ndan sonra inanmışdım, günlərlə ruh kimi gəzdiyim vaxtlarda...
Ətrafımdakıların qıyıq baxışları eynimə deyildi. Torpaqla təmasımı hiss etmirdim. Havalandığıma yavaş-yavaş inanmağa başlamışdım. Havalandığıma inansam da, dəli olduğumu düşünmürdüm. 
Dəli olduğumu düşünmürdüm, ancaq hər gün eyni sözləri səhərdən-axşamadək öz-özümə pıçıldamağımda da nəsə ilahi bir möcüzə, bəmbəyaz bir səmavilik vardı.
"Bir Şəhidin monoloqu...” Hər kəlməsilə duyğularımın sırasına seyrəldən, hər cümləsilə ürəyimin bir telini qıran yazım...
İndi də eyni hissləri yaşayıram. Bir küncə çəkilmişəm. Adamların olmadığı xanələrdə dolaşıram. Ruhumun üsyanını ancaq ağaclar yatırır. Ruhum kiridikcə, yarpaqlar baxışlarımı daha asan aldadır. Və bir də onda ayılıram ki, göy üzünə zillənmiş gözlərimdən damcı-damcı SÖZ tökülür.
Damcı-damcı ayaqlarıma çırpılan, ayaqlarıma çırpıla-çırpıla damcı-damcı torpağa hopan SOZ...
Allah, həm də bu boyda müsibəti iyirmi günə sığışdıra bildiyinə görə böyükdü...
Allah, həm də bundan iki dəfə böyük ağrıları bir ANAnın çiyinlərinə yüklədiyinə görə gözlərimizə görünmür!..
Hətta oxunuşu belə dərin ruhi sarsıntılar hesabına başa gələn kədərli bir həyat hekayəsidi bu. Onu bir ömür boyunca dünyaya üç oğul gətirən, bir ömür boyunca üç oğlunun üçünü də itirən, bir ömür boyunca üç oğlunu dörd divara arasında, özündə axtara-axtara çırpınan tənha bir ananın ağappaq saçlarından oxumuşam! İndi sizə danışıram...
 
Hər şey sevgi ilə başlar...
Hər şey sevgi ilə bitər...
Cənubda Kərim kişinin evində böyüyən gənc İslam Bakıya özü ilə birgə əzəmətli Lerik dağlarının qürurunu da gətirmişdi. Doğulub boya-başa çatdığı ana yurdunun tez-tez xiffətini çəkər, o dağlardan, o dağların köksünə sığınmış gözəllikdən ötrü burnunun ucu göynəyərdi. 
Dalğa-dalğa ləpələnən bu gözəlliyi o, başkənddə ilk dəfə Simuzər xanımda tapdı. Axı o da paytaxta özü ilə birgə Şimaldan, əsrarəngiz Zaqatala torpağından bitib-tükənmək bilməyən sehrli bir möcüzə - SEVGİ adlı səltənət gətirmişdi. Dağlar qoynunda doğulan, boya-başa çatan bu iki gənc arasındakı ruhi doğmalıq sonradan ailə bağına çevrildi...
Hətta oxunuşu belə dərin ruhi sarsıntılar hesabına başa gələn bu kədərli həyat hekayəsi bax beləcə başladı...
O özündən razı, xoşbəxt günlərin, yamyaşıl sevgi səltənətinin ilk pöhrəsi idi Rəhimxan. Doğulduğu od-ocağa yeni nəfəs, yeni ruh gətirmişdi. Valideynlərinin indiyədək tanımadığı, yaşamadığı ülvi duyğuların ilıq hənirtisi vardı qədəmində. Üç il aşırımından sonra bu hənirtiyə daha bir körpə nəfəsi də qoşuldu. Yeni doğulan uşağın adını Malik qoydular. Sevinc sevincə qarışdı, sevgi sevgiyə qovuşdu. Bu qovuşaqdan uzanan yol ailənin üçüncü övladının – Sabirin gəlişinədək nə az, nə çox, düz dörd il boy atdı...
Günlər nə qədər uzun, illər nə qədər qısadı...
Sanki hər şey bir anın möcüzəsi kimi idi. Elə bil dünən doğulmuşdular. Nə vaxt böyüdülər, nə vaxt məktəbə getdilər? Bığ yerləri nə vaxt tərlədi?..
Zamanın aramsız axınında çiyin-çiyinə verən qardaşlar nə anaları Simuzər xanımın, nə də ataları İslam kişinin sevgisinə boy vermədilər. Bu sevginin rişələri Azərbaycan adlı qocaman bir ağacın kökləri kimi idi, torpağın təkinədək işləmişdi. Yəqin elə buna görə ana Vətənimizin başı üstünü qara buludlar alanda Mustafayevlər ailəsinin od-ocağına da qaranlıqlar çökməyə başladı. 
Qarabağ savaşının barıt qoxusunu ciyərlərinə çəkən, ağrı-acısını öz canında yaşayan və yaşadan ilk ailələrdəndir bu ailə. Kənd-kənd, oba-oba oda qalanan məmləkətin çırağı sönmüş bir parçası, külə dönmüş yurd yeri...
Döyüşlərin ilk günlərində hərbi komissarlıqdan çağırış vərəqi alanda Sabir uşaq kimi sevinirdi. Özünü yurdun müdafiəsinə qalxmış vətənpərvərlərlə bir sırada gördüyünə görə yerə-göyə sığmırdı.
-Bəs sən niyə sevinmirsən, ay ana, axı bu gündən mən də əsgərəm!
Bu onun öz anasına dediyi son sözü idi. Hələ də Simuzər ananın qulaqlarından çəkilməyən son sözü...
O ağır günlərdə Malik Moskvada Qubkin adına Dövlət Neft və Qaz İnstitutunda təhsul alırdı. Buna kimi Bakıda Neft Texnikumunu bitirmişdi. Müharibə başlayanda təhsilini yarımçıq qoyub cəbhəyə könüllü 
yollandı. Amma bu haqda anasına bircə kəlmə də demədi. Sadəcə ezamiyyətə göndərildiyini bildirdi:
-Qarabağda dəyirman tikilir, ay ana, məni də o dəyirmanın dəzgahlarını quraşdırmağa yollayırlar...
Bu da Malikin anasına söylədiyi sonuncu yalan idi, müqəddəs yalan. Elə bir yalan ki, hətta zaman belə onu həqiqət olduğunu Simuzər anaya hələ də inandıra bilməyib...
Hələ indinin özündə də hər qapı döyüləndə, hər telefon zəngi çalınanda oğullarının gəlişinə, Sabirin, Malikin səsini eşidəcəyəinə inanan Simuzər ana...
Bu mənim az qala hər gün döymək istədiyim, ancaq heç vaxt döymədiyim, döyə bilmədiyim yeganə qapıdı! 
Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı!..
Bu qapı ilk dəfə Şuşadan gələn qara xəbərlə döyüldü. Sabir Daşaltı əməliyyatında qəhrəmancasına həlak olmuşdu...
Bu qapıya qara paltarlı adamların ilk gəlişi də o vaxtdan başladı...
 O vaxtdan bu qapıya gəlib-gedən qara paltarlı adamların sırası heç seyrəlmədi...
Ancaq bu qapıya gəlib-gedən qara paltarlı adamların seyrəlməyən sırası da bu qara xəbəri Simuzər anaya, İslam kişiyə inandıra bilmədi...
Ancaq bu qara xəbərin iyirminci günündə bu qapını daha bir qara xəbər də döydü!!!
Bu dəfə Qaradağlıdan gələn qara xəbər! Malik dinc əhalinin müdafiəsi zamanı son gülləsinədək döyüşmüşdü – son gülləsinə, son nəfəsinədək...
O vaxtdan bu qapıya gəlib-gedən qara paltarlı adamların sırası heç seyrəlmədi...
Elə qara xəbərlərin də...
İndi Müstafayevlər ailəsində özünün növbəti qurbanlarını hədəfə alan yeni bir savaş başlamışdı – inam və şübhə arasındakı savaş! Bu ailədə hələ heç kim iyirmi günün içində bir-birini qova-qova təngənəfəs ev-eşiyə soxulan, od-ocağa təpilən qara xəbərlərə təslim olmamışdı. 
Qarabağda Vətən naminə canlarından keçən qardaşlar, Bakıda öz doğmalarını da ölüm-dirim savaşı ilə üz-üzə qoymuşdular. Amansız döyüşlər gedirdi. Səngər döyüşləri...
Bu dəfə Müstafayevlər ailəsi eyni cəbhədə çiyin-çiyinə verib yeni düşmənə - Sabirin, Malikin qara xəbərinə qarşı vuruşurdu. İslam kişi bu döyüşdə beş il tab gətirə bildi. Ancaq parçalanmış ürəyi, saysız-hesabsız yaraları ilə son nəfəsinədək döyüşdü, son nəfəsinədək düşmənə təslim olmadı, son nəfəsinədək oğullarının ölümsüzlüyünə inandı. Və bu inamla da sonu görünməyən ölüm-dirim savaşında öz canını qəhrəmancasına qurban verdi: ŞƏHİD oldu!
O dünyaya övladları Sabirlə Maliki bu dünyada qoyub getdi İslam kişi...
Müharibə Mustafayevlər ailəsini təkləmişdi. Xarakterini dəyişsə də, dəyişməyən niyyəti-məramı ilə meydan sulayırdı. O indi daş-qayanı yaran su kimi idi. Tükənməyən inadı ilə asta-asta öləziyən bir ocağın üstünə damcı-damcı çırpılırdı...
O bu damcılarla Simuzər ananın sonuncu güvənc yerini, sonuncu ümidini, sonuncu silahdaşını da əlindən alldı!


Sonuncu övladı Rəhimxanı itirən ana döyüş meydanında tək qaldı!..
Ancaq sonuncu övladını itirsə də, nə ümidini, nə də bu ümidin dağdan ağır yükünü öz çiyinlərində daşıyan qürurunu itirmədi!..
Bakıda hər gecə səhərədək öz övladları ilə danışan, öz övladları ilə danışa-danışa mətbəxə keçən, çay dəmləyən, yemək bişirən, sonra qonşu otaqda uyuyan balalarını haylayan, balalarını haylaya-haylaya öz səsinə oyanan bir ana yaşayır!
Hələ bitməyən döyüşün sonuncu əsgəri!
Qəhrəmanlıq salnaməsinin qəhrəmanı!..
Adına VƏTƏN dediyim ANA!..
 
İbrahim İBADOĞLU RÜSTƏMLİ
əməkdar jurnalist
P.S. Simuzər anaya şəhid oğullarının heç biri ilə vidalaşmaq nəsib olmayıb. Hər iki övladı ağır döyüşlərdə itkin düşüb. QARABAĞ Onların ruhunu yaşadan MÜQƏDDƏS TORPAQDIR. İndi Şəhid anasının ən böyük arzusu yad tapdağı altında inləyən o yurd yerlərimizə getmək, məzarına tökmək üçün bir ovuc Qarabağ torpağı götürməkdir. 
Bu, Simuzər ananı şəhid övladları ilə qovuşduracaq, Vətənimizi və xalqımızı sabaha daşıyacaq ən yenilməz güc, ən sarsılmaz bütövlükdür...
.

Desəm ki, şeir gündəlik azuqəmdən biridir, onda fikrimə şərik çıxan da olar, məni qınayan da. Amma o da qəlbimə agahdır ki, xalqımızın lap çoxu mən günlüdür. Odur ki, milli mədəniyyətimiz kimi dilimiz də zəngindir.


Uşaqlığımı yada salmaq istəyirəm. O vaxtlarımı ki, qanmazdım şeir nə olan şeydir. Amma sevimli şairimiz Səməd Vurğunun “Azərbaycan” şeirinin birinci bəndinin sarsıdıcı misraları öyrəndiyim ilk kəlmələr sırasında olub. Uşaqlıq illərində gündəlik yorucu həyət işlərinə görə misra əzbərləməklə aram o qədər çox deyildi. Di gəl ki, yetkinləşdikcə ölürdüm Səhhət, Şaiq, Sabir, Vurğun şeirləri üçün. Dilimə tez yatan misraları bir-iki kərə ucadan deməklə şeir yazılırdı beynimə. Bəlkə də, bu asan şeirlərin cazibəsi sonradan yavaş-yavaş sevdirdi mənə xalqımızın hikmətli poeziyasını. Ürəyimin dərinliyindən gələn o düz sözü də üstəlik deyim ki, ilk şeir məhəbbətim Səməd Vurğundan doğub, onun dadlı deyimlərindən. Təbii ki, bu sevgidə yalqız deyiləm. Səməd Vurğun əsl xalq şairidir. Onun şeir dili sadə olduğu qədər çox hikmətli və könül oxşayandır. Yalnız kamil kəlamlar insanı valeh edir, dərindən düşündürür, yalnız uğurlu misralar könüllərdə əbədiləşir...
Oğuz rayonunun Səməd Vurğunlu günləri. Tam dəqiq bilən yoxdur bu günlərin sayını. Bircə onu deyirlər ki, çox gəlib bu gözəl təbiətin qoynuna. Sevgili şairlə bağlı xatirələri əziz tutan, onu tez-tez yad edən oğuzlular çoxdur. Özü də yalnız azərbaycanlılar yox, qardaş xalqların övladları da.
Yaxın vaxtlarda rayon qəzetimizdə Səməd Vurğun istəkli bir oxucumuzun məktubunu dərc etmişdik. Təsirli yazı idi. O xahiş edirdi ki, Səməd Vurğunun Oğuzda keçən günlərini qələmə alaq. Yaddaşlarımızı tarixə köçürək ki, itməsin. Heç bu yazının üstündən iki gün keçmədi ki, redaksiyanın qapısını bir ağsaqqal döydü. Kimdir bu ağsaqqal? O, Muxas kənd sakini Məməş Həbibullayevdir. 70 yaşını təzəcə addayıb. 15 şirin-şəkər nəvə yiyəsidir. Hər kəlməsi, hər sözü andırır ki, sərraf adamdır. Nə təhər deyərlər, ilk baxışda qızılı qəlp puldan hər adam ayıra dilməz, amma Məməş dayı dərhal ayırar. Səməd Vurğun yaradıcılığından sən beş misal çəksən, o əllisini çəkər.
Məməş dayı redaksiyamıza o niyyətlə təşrif gətirmişdi ki, qələmi işə salıb Oğuz rayonunun Vurğunlu günlərindən iki hadisəni tarixə yazaq və bu ibrətamiz xatirələr gələcək nəsillərin mənəvi dayağına çevrilsin. Axı, milli-mədəni tariximiz öz dəyərli şəxsiyyətlərimizin nümunəvi həyatı, ibrətamiz əməlləri hesabına unudulmur. Xüsusən şairlər daim hərəkət edən və danışan bir tarixdir.
Məməş dayının dediklərindən:
 - Müxbir qardaş, mən söz sənətimizi çox uca tuturam həyatda. Mənim, sənin, habelə nə qədər müəllim və tərbiyəçilərimiz var, hamısının övladlarımıza göstərə bilmədiyi tərbiyəvi təsiri ədəbiyyat yaradır. Səməd Vurğun isə bu müqəddəsliyin sönməz ulduzudur. Yaxşı xatırlayıram o günü. Səməd Vurğunun ölüm xəbəri diri-diri öldürdü məni. Yalan deyirəmsə, qoy dünyaya kor baxım. Əgər desəydilər ki, sənin ömründən alıb Səməd Vurğuna verəcəyik, vallah verərdim. Amma onu bilirəm ki, Səmədin qəbri həmişə nurla doludur, yaxşı adamların qəbri kimi...
1953-cü il idi. Muxas Kənd Sovetinin katibi işləyirdim. Gündə bir yığın kağız-kuğuzla iş görürdüm. Həftə səkkiz, mən doqquz, rayispolkoma gedib-gəlirdim. Bir gün yenə rayon mərkəzinə çağırmışdılar. İspolkom sədri Həmid Əzizov bizə (yəni həmkarlarıma - İ. M.) göz aydınlığı verdi ki, sevimli şairimiz Səməd Vurğun rayonumuza qonaq gəlib, bu gün rayon mədəniyyət evində ziyalılarımızla görüşü olacaq, kimin imkanı var, qalsın. Hamı dilləndi ki, əşi, imkana qalsa, onda gərək yıxılaq, birdəfəlik ölək! Səmədlə görüşü əldən vermək olar?!
Səməd şair dostu Zeynal Xəlillə gəlmişdi. Görüşdə nəinki ziyalılar, həm də kolxozçular və məktəblilər iştirak edirdilər. Salonda heç ayaq üstə durmağa yer tapmazdın. Hamı istəyirdi ki, şairlə üzbəüz durub söhbət etsin, onun alicənablığının canlı şahidi olsun.
Əvvəlcə Zeynal Xəlil çıxış etdi. O, sözünü qurtardıqdan sonra elə xitabət kürsüsündən üzünü birbaşa Səməd Vurğuna sarı tutdu (Səməd salonun lap orta cərgəsində oturmuşdu):
 - Səməd, indi meydan sənindir, buyur gəl bura.
Səməd Vurğun çox nəzakətlə, sakit bir tərzdə cavab verdi:
- Ayə, bağışla ora gələ bilməyəcəyəm. Nə desəm, buradan deyəsiyəm. Mənim xasiyyətim belədir, xalqın içərisində özümü rahat hiss edirəm. Xalqdan ayrılanda, elə bil, fəzadan asılı qalıram.  
Zeynal Xəlil zarafata keçdi:
 - Bəhanə eləmə, qocalmısan ondandır.
- Ayə, üz vurma, gələmmərəm. Bir demişəm, yenə deyirəm, “ellərə güvənib yazsa sənətkar, ilham xəzinəsi tükənməz olar.”  Mənim güvəndiyim doğma xalqımdır. Onlarsız mən bir qara qəpiyə dəymərəm.
Araya ağır sükut çökdü. Səməd Vurğun ayağa durub salonun hər tərəfinə bir anlığa nəzər saldı, gülümsəyə-gülümsəyə:
- Maral bacılarım məni bağışlasın, – dedi, – bir “Maral” şeirimi oxumaq istəyirəm...
Bu minvalla “Ceyran”, “Alagöz” şeirlərini də oxudu. Hərarətlə alqışlandı. Oğuz ziyalıları öz ürək sözlərini bildirdilər. Çıxışlar kəsildi. Yenə Səməd Vurğunu dinləməyi xahiş etdilər.
- Mən oğuzlulardan az məktub almışam, deyəsən, məni oxumursunuz – deyə bir az gileyləndi – Böyük tənqidçimiz Cəfər Xəndan “Aygün”ümü tənqid eləyib. Çox yaxşı! İstəyirəm ki, siz də mənim nöqsanımı deyəsiniz. Bax, yazasınız ki, ay şair, sənin filan şeirin ürəyimizə yatmır, belə yazma, elə yaz. Çox heyf ki, həmişə tərif eşidirəm. Sizin rayonda da şeir yazanlar azdır. Bunun eybi yoxdur. Eyib odur ki, dəyərsiz şeir ortalığa çıxarasan. Şeir elə qələmə alınmalıdır ki, ürəklərə girə bilsin, stol üstündə qalmasın...
Bir dəfə şairlə ova çıxmışam. Onun harada olursa-olsun, hər bir yoldaşa nəzakətli münasibəti, həssaslığı, nəcibliyi, ən adi mübahisələrdə  təmkinli davranışı, bir sözlə, ünsiyyət mədəniyyəti məni valeh etmişdi. Ova “28 Aprel“ kolxozunun (indiki Toxumçuluq sovxozunun) ərazisindəki Nəcməddin meşəliyində çıxmışdıq. Günortaya az qalırdı. Nə mənim, nə də şairin ov yoldaşı Müridin əlinə bir dənə də ov düşməmişdi. Birdən şairin qabağından qəflətən uçan qırqovulu Mürid vurdu. Hiss etdim ki, Səməd Vurğunun xətrinə dəydi.
- Ayə, Mürid əmi, deyəsən, sən yaxşı atırsan ha... – deyə Səməd incikliyini boğa-boğa dilləndi.
- Mürid öz səhvini başa düşdü, alma kimi qızardı, amma şəstini sındırmadı:
- Səməd əmi, arabir atıram da...
Əslində onlar tay-tuş idi. Aralarında 6 yaş fərqi vardı. Bununla belə bir-birinə
 “əmi” deyə müraciət edirdilər.    
Səməd nə fikirləşdisə, itini irəli qovdu. “Zaur” adlı ov tüfəngini sahmanlayıb elə bir-iki addım atmışdı ki, göyə baş alan bir qırğı sataşdı gözünə. Nişan almaqla tətiyi çəkməyi bir oldu. Güllə dəydi hədəfə. Yeri gəlmişkən deyim ki, qırğı vurmaq asan iş deyil. Peşəkar ovçulara yaxşı bəllidir ki, quşlar içərisində qırğı kimi iti uçan quş yoxdur. O, yerdən dik qalxır, həm də ildırım sürəti ilə...
Səməd Vurğun qırğını vurub aramla geri döndü:
- Ayə, gördünmü? İndi mənimlə razılaşırsan, ya yox? Mən də nəsə bilirəmmi? – deyə Müridə tərəf gəldi.
Qəfil verilən suallara Mürid bilmədi nə desin. Sıxıla-sıxıla :
- Səməd əmi, mən sənin tək ata bilmərəm – dedi.
 - Yox, əşi, bu atışda nə var ki! Hamı belə ata bilər...
Meşə təsərrüfatına qəlbən bağlanmış Mürid Xudiyevin pensiya yaşı çoxdan bitsə də, sevdiyi əmək fəaliyyətindən ayrılmamışdı. Rayon meşə təsərrüfatında işləyirdi. O zaman partiya və sovet rəhbərləri Səməd Vurğuna bir neçə dəfə Müridlə ova çıxmağı məsləhət görmüşdülər. Çünki Mürid səriştəli meşəbəyi idi. Meşələrin hər cür sirrini, təbiətdə hər şeyin izini-tozunu beş barmağı kimi bilirdi. Səməd Vurğunla Müridin ov meydanında doğmalaşan “əmiliyi” də belə baş tutmuşdu.
 ...Məməş dayının Səməd Vurğun haqqında xoş söhbətinin axır sözləri belə oldu: “ Sevimli şairimiz Səməd Vurğun behiştlik adamıydı. İmanınımı yandırıb onu deyə bilmərəm ki, bu gün Vurgun ürəkli şairlərimiz yoxdur. Belə düşünsəm, qarğış yiyəsi olaram. Desəm də, deməsəm də, ürəyimizi bulandıran Dağlıq Qarabağ hadisələri zamanı el sənətkarlarımız yaxşıca sınandılar. Sınanlar da elə Səməd Vurğunun şagirdləri deyilmi?! Onlar öz qələmləri ilə Azərbaycanımızın namusunu, vicdanını, ləyaqətini qorudu, bütün dünyada bəlli olan əsl tarixi həqiqətlərə arxa oldular. Müxtəsər desək, əgər qocalı-cavanlı şairlərimizin hamısı Səməd qədər vətənpərvər,  öz xalqını Səməd qədər sevən olsa, ədəbiyyatımız qarşısında, məncə, hər bir Allah bəndəsi baş əyər.”
Qədirbilən oğuzlular mənəvi sərvət səltənətimizdə özünə layiqli yer qazanmış Səməd Vurğunu daim şirin xatirələrində yaşadır, onun yaradıcılığını sevə-sevə oxuyurlar. Bu sevgi heç vaxt tükənən deyil. Onun adını küçələrimiz, məktəblərimiz və mədəni ocaqlarımız daşıyır. İstəyirəm ki, bu unudulmaz xatirəli yazıma son nöqtəni öz bədii yaradıcılığında həmişə yurd sevgisini önə çəkmiş, bədii söz sənətimizi zənginləşdirmiş, humanist ideyaları ustalıqla qələmə almış və üstün bəşəri dəyərləri öz şəxsi həyatında real əməyi ilə yaşatmış, ana vətənimizi qəlbən vəsf etmiş Səməd Vurğunun özü qoysun: ”Məni yelkən kimi qərq etsə də dəryada zaman, Vurğun öldü deməyin, bir əbədi sənəti var...”
P.S.  Dəyərli sənətkarlarımızı, mənalı günlərimizi unutmamaq məqsədilə Oğuz rayon qəzetinin 1 və 3 dekabr 1988-ci il tarixli saylarında dərc edilmiş bu məqaləmi bəzi zəruri dəyişikliklər apararaq yenidən çap edirəm. Həmin qəzetin sabiq müxbiri kimi qürurla deyə bilərəm ki, əsl milli keçmişimizi özündə yaşadan bu doğma rayonumuzun Oğuz adlandırılmasının fəal təşəbbüskarlarından biri mən olmuşam. Zaman öz sözünü deyir. Coğrafi adlarımızın sovet əsarətindən xilası bizi öz tariximizə qovuşdurmuşdur. Azərbaycanımız indi müstəqil surətdə nəfəs alır. Milli tariximizin əsl sahibiyik.

İbrahim MƏSİMOĞLU,
 “Oğuz yurdu” qəzetinin sabiq müxbiri
 
.


Əziz Əlibəyli





Soyqırımı balladası Soyqırımına məruz qalan xalq üçün heç bir beynəlxlaq hüquq, heç bir məhkəmə, yaxud da bütün dünyanın sərvəti sayılan insan haqları rol oynamır.

Bu, hansısa üçüncü güc mərkəzinin marağına uyğun deyilsə, Ruandada, ya da Balkanlarda yaşanan soyqırımlarını misal çəkməklə də yerinə düşər. İkinci dünya Müharibəsi dövründə 'Holokost"da qətlə yetirilən 6 milyon yəhudinin “Auşvits”, “Maydanek” və s. ölüm düşərgələrində eksperiment üçün istifadə edilməsinin nişanələri nəinki bu gün xatırlanır, o düşərgələr keçmiş dövrün qara üzü, dəhşətli xatirəsi kimi qorunur, təbliğ edilir, günümüzdə də dünya yəhudiliyinin ən vacib təbliğat silahına dönür. "Holokost"a görə Almaniya İsrail yəhudilərindən başqa, digər ölkələrdə yaşayan yəhudilərə də təzminat ödəyir. (Məsələn, əlcəzairli 25 min yəhudi).

Bunlar dünyanın soyqırımına məruz qalan xalq üçün etdikləridir, amma yəhudilər tamam başqa bir məsələyə görə mənim gözümdə inanılmaz yüksəkliyə qalxıblar, bunu da səbəbi soyqırımına məruz qalan xalq nə cür davranmalıdır sualına dünya qarşısında məntiqli cavab verdikləri üçün... Onların sırasında kimlər yox idi: “Fau” uzaq mənzilli raket layihəsində çalışan alman mühəndisi Hayns Kruqun Qahirədə öldürülməsi, Eyxmanın qaçırılaraq Argentinadan İsrailə gətirilməsi, mühakiməsi və edamı, bütün yəhudi soyqırımında barmağı olan alman generalitetinin fiziki məhvi, hələ bunlar bir tərəfə... Son günlər III Dünya Müharibəsi adlandırılan Koronovirusla mübarizə çərçivəsində Keniyada Almaniyaya çatacaq 6 milyon maskanın yoxa çıxması da keçmiş tarixinə sadiq qalan "Mossad"ın əl işi olması ətrafında ehtimallar da səsləndirilir.


İsrail soyqırımını unutmalıdırmı? Bəlkə, hər şeyə rəğmən almanları bağrına basmalıdır, keçmiş olduğu üçün bağışlamalıdır?


Xeyr, çünki soyqırımının özü İsrailə dövlət yaratmaq imkanı verdi, bu onun varlığının və kimliyinin tarixidir. Amma soyqırımını unudan, dəfələrlə unudan, keçmişinə, tarixinə yad ideologiyaların təsiri ilə sahib çıxa bilməyən Azərbaycan misalı da var. Bu ölkənin elə bir rayonu yoxdur ki, orda Şəhidlər Xiyabanı olmasın, bütövlükdə isə 1972-ci ildə dünyaya gələn kişi nəsli hardasa yox olub, Qarabağ torpaqlarında sümükləri ilə vətən qazanıb. Bir də tarixi qalibiyyət günlərindən çox qara rəqəmlərlə təqvimləşmiş ölkəmizin bu günü də boş keçməyib.


1918-ci ilin 31 martında başlayan erməni hücumları nəticəsində milli kökümüz qazılıb, 3 aprelə qədər Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Bu prosesin sonunda biz meyitləri basdırarkən, ağlayarkən, yaralarımızı sararkən, tarixdə ilk erməni dövləti - həm də bizim torpaqlarımızda yaradılırdı.

Mən bu günə qədər hansısa millətçi olmayan erməni tanımıram, amma həmin günlərdə Şaumyan Bakı Sovetinin inqilabi Şurasını yaradaraq ermənilərlə (daşnak və bolşevik) qurudan, İrandan qayıdan ruslar isə dənizdən Bakı əhalisinə divan tutmağa başladılar.

Arada yolum Şamaxinkaya “Əli dayının kafesi”nə düşəndə məşhur salnamədən qandonduran cümləni xatrılayıram: “Mən daşnakların vəhşiliklərini, saysız – hesabsız günahsız adamların, хüsusilə bitərəflərin öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu çoх faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıхıb kədərləndirirdi”. O qədər dəhşətli qırğından geridə - Şamaxinkada bir beton parçası qoymaq kiminsə ağlına gəlməyib, nə yaxşı ki, Qubada zəlzələdən, ya vəlvələdən yer uçdu, təpə yarğanından yerin üzünə fırlayıb çıxan kəllə sümükləri, qol-qıç, bədən hissələri gizli tariximizi faş etdi – Qubada memorial abidə də beləcə tarixi həyat şansı qazana bildi. Bir də bu iqtibası SSRİ aşiqlərinə, bolşevik sevgisinə doymayanlar üçün yazacam: Bolşevik Şaumyan bu tapşırığı ideya atası Lenindən almışdı – Hətta Lenini atası kimi sevən Nərimanov erməni silahlılarının əlindən güclə qaça bildi, günlərlə Bakının neft qoxan zirzəmilərində daldalandi. "Bizim köməyimizlə Bakıda bolşeviklər «Müsavat»ı darmadağın etdilər (1918-ci ilin martında), biz isə bolşeviklərin və rus elementlərinin köməyi ilə Bakını türk – tatar qüvvələrindən qoruya bildik" - Deyir baş komissar. Ölkənin şah damarını kəsdilər, ortada nə Məşədi Əzizbəyov vardı, nə Vəzirov nə də Nərimanov. Ona görə də bizim düşmənə qarşı cavabımız olmadı, ola da bilmədi. Birini Sultan bəy Laçın Qarabağda, digərini isə Gədəbəyin Yaqublu ağaları Xınna dərəsində təşkil edərək Andronikin minlərlə əsgərini zərərsizləşdirə bildi. Bu gün bu şəxslərin belə xatirə abidələri yoxdur.
.


Dünyada çoxsaylı xəstəliklər var ki, hər il minlərlə insan həyatına son qoyur, ya da ömür boyu yatağa məhkum edir. İllərdir bu xəstəliklər çox da qabardılmır, sanki normal halıymış kimi həyat öz axarıyla davam edir. Milyonlarla insanın ömrünə son qoyan xərçəng xəstəliyi, vərəm, donuz qripi, quş qripi və s kimi xəstəliklər yayıldı. Sərhədləri bağlamadan, sakitcə... Qısa müddətdə bütün dünyada əsk-səda doğuran, sərhədləri belə bağlayan koronavirus infeksiyası (COVİD-19) görəsən digərlərindən nə ilə fərqlənir?! Niyə bu xəstəlik daha çox panika yaratdı? Hər halda yoluxma ehtimalının daha real və daha çox olma səbəbidir ki, bu qədər qabaqlayıcı tədbirlər görülməyə başlanıldı.

Ardını oxu...

.
Bu mənim səhəri dirigözlü açdığım adi günlərimdən deyildi: Bütün gecəni üzümə tüpürmüşdülər...
Küncə sıxışdırılmışdım. Başımın üstündəki tavan göy üzünün Allah qatı ilə birgə üstümə uçurulmuşdu. Nə edəcəyimi bilmirdim. Çox-çox uzaqlarda Günəşin ayaq səsləri eşidiləndə, qaranlıq dünyamın xarabalıqları altında qalmış Tanrı ilə ilk dəfə üz-üzə gəldim. Onun ümidsiz baxışlarında çoxsaylı suallarımın ancaq bircə cavabı - boz-bulanıq rəsmim vardı: "Oğlum, sən indi bu kökdə məktəbə necə gedəcəksən, şagirdlərinin qarşısına necə çıxacaqsan!?."
Daha mənə hər şey, hətta Tanrının mərhəməti belə özündən üz döndərmiş bir ovuc adamla eyni məkanda yaşamağın əzabı önündə yersiz görünürdü. Seçənlə seçilənin arasında qalmışdım. Seçənin də, seçilənin də qapazı başıma dəyirdi, tüpürcəyi sifətimə çırpılırdı. Qəzəb hamını özündən almışdı, hamını özündə udmuşdu. Bu zülmət qaranlıqda kiminsə iynənin sədəfi boyda bir işıq ucu tapacağına – heç olmasa “Ana”, “Vətən” sözlərini yazmağı öyrətdiyimə görə məni bağışlayacağına gümanım yox idi...
Ancaq Tanrı sənətini elə Tanrının gözü qarşısındaca alçaldanlardan mərhəmət diləmək fikrində deyildim. Oturduğu budağı vəhşi ehtirasla baltalayan adamlara indi nəyisə başa salmaq onsuz da gec idi. Hətta Günəş belə milyon illərdir səbrlə-təmkinlə addımladığı yolundan azmışdı. Həmin gün mənim Vətənimə gəlmədi...
Həmin gün mənim səhərim açılmadı...

_______________________________________________________
Adamların ehtiraslı baxışları bir-birinə çırpıldıqca, elə bil ildırım çaxırdı. Ani sıçrayışlarda onların tükənməyən sırasını gördüm. Nəfəsim təntidi, gözlərim qaraldı. Bu dəfə içimə qaranlıq çökdü...
Bura mənim ən ağır günlərimdə hamıdan, hətta özümdən belə qaçıb gizləndiyim, hamıdan, hətta özümdən belə qoruduğum yeganə sığınacağım idi. Orada ən müqəddəs Tanrı əmanətlərinin elçisi, xəyanətin, nifrətin, qəzəbin nə olduğunu bilməyən bir İNSAN yaşayır...
Bu kökdə Onun qarşısına necə çıxacaqdım.
Həyatımda ilk dəfə qaranlığa sevindim...
Həyatımda ilk dəfə Onu səsindən tanıdım. Bu səs min illərin yolçusu kimi yorğun idi, dünyanın o biri başından gəlirdi:
“Ən müqəddəs təmizliyin üzərində belə onun qonşuluğundakı çirkabın nişanələri qalır...”
Qəfildən alnıma çırpılan yumruğu başıma endirilən zərbələrlə qarışıq salsaydım, bəlkə bu sözləri də təsəlli kimi qarşılayardım. Mən indi heç vaxt özünə güzəştə getməyən, dünyanı özündə tapan və gözəlləşdirməyə çalışan tənha bir qəribə çevrilmişdim: fırtınalı dənizin ortasındakı balaca adamı təkbaşına, həyatım bahasına qoruyurdum! Bu adanın anbaan yağmalanan sərhədlərinə baxmaq diri-diri torpağa kömülmək qədər dəhşətli idi! Qaranlıq üzümə pərdə kimi çəkilirdi...
Azman dalğalar dəmirçi körüyündən sıçrayan alov dilimləri idi elə bil, asta-asta ayaqlarıma çırpılanda var gücümlə içimdəki İnsanın üstünə bağırdım! Dilimdən qopan kəlmələrin son nəfəsimdə özümü müdafiə etmək xətrinə deyilmədiyini indi ancaq O başa düşə bilərdi:
Məni başqaları kimi olmağa Sən qoymadın! Sən məni axına qarşı üzməyə vadar etdin, Sən! Sən məni köhnə dəyirmana təzə nırx qoymaq istəyən ağıldankəm, özündən müştəbeh bir gicbəsərə, təlxəyə çevirdin!..
Sonuncu dəfə sinif otağına girəndə müəllim olmaq istəyən şagirdlərimi bir-bir yerimdə oturdan da, məni parta arxasında əyləşməyə vadar edən də Sən idin, başqalarının gözündə yerdən yerə vuran da, alçaldan da!..
Aman Allah! Mənim şagirdlərimin çiyni kəpənək qanadları kimi idi! Mələküzlülərim bu qanadlarla şahə qalxmış dalğaların amansız təzyiqinə necə tab gətirəcəkdi! Dayandığım səhnədə bəlkə də dünyanın ən kədərli faciəsi yaşanırdı. Vicdanım qolu qandallı qul idi elə bil, sabahı açılmayacaq bir günün içində çırpınır, özünü oda-közə vururdu! Ancaq sən heç nəyi vecinə almırdın! O uşaqların düz gözünün içinə baxıb yabançı kəlmələrinlə dayandığın yerdə özünə xəyali səltənət qururdun. Mən onda bu kəlmələri kərpic kimi üst-üstə hörən itaətkar bənnana çevrilmişdin:
¬“Əgər sən də hər fürsətdə öz şagirdlərindən rüşvət alacaqsansa, sonra onu oğru pişik kimi sevinə-sevinə öz evinə daşıyacaqsansa, daha sonra bahalı restoranlarda, istirahət mərkəzlərində pozlar verəcəksənsə, bir sözlə, əvvəlcə sürüdən bir quzuya, sonra naxırdan bir inəyə, daha sonra xıldan bir köpəyə çevriləcəksənsə, bəri başdan özünə başqa sənət seç! Get piştaxta arxasında dayan! Nəyi istəyirsənsə, al! Nəyi istəyirsənsə, sat! Amma millətin gələcəyini satma!!!”
    Sən bu sözləri kimə deyirdin?! Xalqın gələcək 50-100 ilini 5-10 adamın 5-10 illik kürsü ehtirasına dəyişənlərin övladlarınamı!? Özü də harada! Bizim Cəbiş müəllimi bizim çəpiş müəllim kimi çağıran bəzirganların bazarında! Sabahların günbəgün edam olunduğu, qanına qəltan edildiyi yerdə! Bu bazarda ayağımı qoymağa bir ovuc müqəddəs yer tapa bilmirəmsə, deməli, qara quruşa dəyməyən varlığımla daha heç kimə lazım deyiləm. Mən burada Mirzə Fətəlinin ortalıqda qalmış meyiti kimiyəm, basdıranım yoxdur! Canımda Həsən bəyin çarpayı altında illərlə göyümgöyüm göynəyən sümüklərinin sızıltısı var! Mən indi Mirzə Cəlilin məzara qoyulan, amma torpaqlanmamışdan öncə hamının üstünə tüpürdyü kəfənlənmiş nəşiyəm!..
Son nəfəsimdə payıma düşən günahlarımı da özümlə götürüb gedirəm. Başa düşürəm, bu günahlar İNSAN yetişdirə bilməmək qədər ağır və bağışlanmazdır! Ancaq heç kimdən əfv olunmağımı istəmirəm! Yeganə istəyim seçənlərin də, seçilənlərin də irəli durub öz günahlarına sahib çıxmasıdır! Bundan ötrü yenə də üzümə söymək, yenə də üzümə tüpürmək lazımdırsa, buyurun, nə qədər istəyirsizsə, söyün, nə qədər istəyirsizsə, tüpürün! Əgər orada bir çimdik saf yer qalıbsa...
 
İbrahim RÜSTƏMLİ,
əməkdar jurnalist

Xəbər lenti